Yay məktəbləri nələr vəd edir?
İyunun 15-də ümumtəhsil müəssisələrində tədris ili başa çatsa da, bu dəfə Azərbaycanda məktəblər həmin tarixdən bağlanmayacaq. Təhsil Nazirliyinin qərarı ilə iyunun 16-dan yay məktəblərinə start veriləcək.
Təhsil Nazirliyi yay məktəblərinin təşkili ilə bağlı qərarı keçirilmiş sorğu əsasında verib. Sorğuda iştirak edənlərin 44%-i yay məktəbinin təşkilinə müsbət rəy verib. Bu da 1 və 9-cu siniflərdə təhsil alan təqribən 1 350 000 şagirddən 600 000 nəfərinin valideyninin övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləməsi deməkdir.
Nazirlikdən bildirilib ki, şagirdlərin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün iyunun 16-dan 30-dək ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə yarımçıq qalan və bu səbəbdən tədris edilə bilməyən mövzuları bərpa etmək üçün digər tədbirlər də görüləcək.
Mövzu ilə bağlı “İki sahil”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, yay məktəblərinin təşkil edilməsi olduqca zəruridir: “Bildiyimiz kimi, ötən ilin mart ayının 3-dən etibarən ölkədə pandemiya səbəbindən tədris prosesi dayandırıldı və şagirdlərimiz məsafədən tədris prosesinin iştirakçısına çevrildilər.
Etiraf edək ki, 4447 orta təhsil müəssisəmizdə təhsil alan1,6 milyon şagirdin heç də hamısının kompüteri və planşeti, interneti və telefonu yoxdur və müəyyən fənlər var ki, onları məsafədən öyrənə bilmirlər. Yəni, biz riyaziyyat, fizika, kimya, biologiya kimi texniki və təbiət fənlərinin onlayn qaydada öyrədilməsindəki çətinlikləri bilirik. Məhz bu amillər nəzərə alındıqda yay məktəbi olduqca əhəmiyyətlidir.”
Ekspert qeyd edib ki, iyun ayının 16-dan 30-dək fəaliyyət göstərəcək yay məktəbinin gedişinə şagirdlərin hər hansı bir biliyin qiymətləndirilməsi və yaxud da məktəbli forması kimi bir tələbi olmayacaq: “Bu müddət ərzində şagirdlər əldə etməli olduqları bilikləri təkrarlayacaqlar, bilmədiklərini öyrənəcəklər. Bu müddət ərzində tədris xüsusi proqram əsasında həyata keçirilməlidir. Yəni, öncədən proqram tərtib edilməlidir ki, hansı mövzular keçiləcək.”
Həmsöhbətimiz bildirib ki, yay məktəbləri könüllüdür, yəni şagirdlər yay məktəbində məcburi formada iştirak etməyəcəklər: “Yay məktəblərinin digər tədris günlərindən fərqi odur ki, həftənin beş günü şagirdlər məktəbə gələcəklər və maksimum 4 dərs keçəcəklər.”
Həmsöhbətimiz onu da vurğulayıb ki, şagirdlər onlayn dərslərdə virtual ünsiyyət qurduqları üçün onlar real ünsiyyət bacarıqlarını itirirdilər: “İndiki halda onlar məktəbə gedib həmyaşıdları ilə ünsiyyət quracaqlar ki, bu da onlarda ortaya çıxan ünsiyyət probleminin aradan qalxmasına ciddi şəkildə müsbət təsir göstərəcəkdir.
Ümumiyyətlə, bizim yay məktəblərindən gözləntimiz böyükdür, çünki şagirdlərin pandemiya dövründə zəruri bilikləri əldə etməsindəki problemlər onların növbəti tədris ilində problem yaşamasına gətirib çıxarır. Ödənişsiz və könüllü olaraq təşkil edilən yay məktəbləri şagirdlərdə sonradan ortaya çıxacaq bilik və bacarıq problemlərinin aradan qalxmasına imkan verəcəkdir.”

