Sosial 

“Bu nə özbaşınalıqdır?!” – Qarabağ qazisi icra başçısının HÖRMƏTSİZLİYİNDƏN ŞİKAYƏTLƏNDİ

Salyan İcra Hakimiyyətində 1-ci Qarabağ Müharibəsi qazisinə qarşı hörmətsizlik edilib. Belə ki, Salyan Rayon İcra başçısı təcili açıq ürək əməliyyatına ehtiyacı olan qazini qəbul etməkdən, problemləmlərini dinləməkdən imtina edir.

Sonxeber.az-a müraciət edən Ülviyyə Rüstəmova atasının Birinci Qarabağ müharibəsində iştirak etdiyini və yaralandığını söyləyib:

“Atam Rüstəmov Müzafət Təvəkkül oğlu 2-ci qrup Qarabağ əlilidir. 2021-ci ilin fevral ayından bu günə kimi atam onun üçün təyin olunan müavinəti ala bilmir. Müavinətin verilməməsinin səbəbini soruşanda bizə atamın sənədlərinin yoxlamada olduğunu söyləyirlər. Atam bu ilin may ayında infarkt keçirtdi. Hazırda ürəyinə stend qoyulub. Bütün dərmanları öz cibimizdən alırıq. Dərmanlarının hamısını ala bilmədiyimizə görə atamın vəziyyəti pisləşib. Atam açıq ürək əməliyyatı olunmalıdır. Hara müraciət ediriksə, cavab verən yoxdur. Müavinət ala bilməməsi də bizə əlavə çətinlik yaradır. Heç bir gəliri olmayan insan dərmanlarını necə almalıdır?! Hələ qidalanmasını demirəm. Dəfələrlə Salyan Rayon İcra Hakimiyyətinə müraciət etsək də, cavab verən yoxdur. Salyan Rayon İcra Hakimiyyətinin işçiləri özlərini “dağ başına qoyublar”, “zəhmət çəkib” dinləmək belə istəmirlər. Mühafizəçi özünü rəhbər kimi aparıb hər dəfə bizi başından edir. Atamın başında qəlpə yarası var və təzəlikcə ürəyindən əməliyyat olunub. Ona görə də isti havada onun çölə çıxmasına icazə verilmir. Salyan Rayon İcra Hakimiyyətinə gedəndə hər dəfə başçının və rəsmi şəxslərin orada olmadığını bildirirlər. Bu nə özbaşınalıqdır?! Salyanda kim nə istəyir, onu da edir. Atam Qarabağ qazisi olsa da, Salyan Rayon İcra Hakimiyyətindən və bələdiyyədən onunla bir dəfə maraqlanan olmayıb”.

Ülviyyə Rüstəmovanın müraciəti ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmayıb. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Daha çox xəbərlər