Sosial 

Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir

Azərbaycan dövləti üçün son bir neçə gün olduqca əhəmiyyətli, hətta tarixi hadisələrlə əlamətdar oldu. Azərbaycan və Türkiyə dövlət başçılarının Şuşaya səfəri, səfər çərçivəsində imzalanan Bəyannamə, iki liderin Şuşa gəzintisi, “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiyanın seyr edilməsi, Bakıda futbol yarışının birgə izlənilməsi və s. kimi bir çox hadisələr ard-arda baş verdi. Əlbəttə ki, bunların hər biri ayrı-ayrılıqda olduqca əlamətdar hadisələr idi. Ancaq iki günlük səfər çərçivəsində xüsusi diqqətə layiq olan hadisələrdən biri də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Milli Məclisdəki çıxışı idi. Çıxış hər mənada olduqca dolğun və mesajlarla zəngin idi. Prezident R.T.Ərdoğanın çıxışı Azərbaycan və türk xalqlarına qürur və fərəh verdi. Hər bir azərbaycanlı və türk bu çıxışdan sonra öz milli kimliyi ilə bir daha fəxr etdi. Ancaq eyni zamanda sözü gedən çıxışdan xarici dairələrə də bir çox mesajlar verildi.

İlk öncə cənab Ərdoğanın bir fikri ilə məqaləyə başlamaq istərdik. “Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir”.  Bəli, həqiqətən də belədir. Müstəqillik tariximiz bir çox əlamətdar anlarla zəngindir. “Əsrin Müqaviləsi”nin imzalanması, Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, Avropa oyunları, İslam oyunları kimi əlamətdar beynəlxalq yarışların ölkəmizdə təşkil olunması və daha bir çox anlar. Ancaq yəqin ki hər kəs qəbul edər ki, müasir tariximizin ən əlamətdar hadisəsi, hətta ölkəmiz üçün tarixi dönüş anı Vətən müharibəsinin başlanması və 44 günlük şanlı mübarizədən sonra  Zəfərimizlə yekunlaşmasıdır. Həmin 44 gün Azərbaycan üçün hər mənada dostun, düşmənin bəlli olduğu, yanımızda olanlarla qarşımızda duranların  bir-birindən ayrıldığı günlər idi. Vətən müharibəsinin bu mənada Azərbaycan üçün ən böyük qazancı isə Türkiyə ilə tarixi köklərə söykənən qardaşlığının bütün dünyaya elan olunması idi. Həmin günlərdə bütün dünya bir daha agah oldu ki, Azərbaycan və Türkiyə iki qardaş ölkədir və onları bir-birindən ayrı dəyərləndirmək olmaz.

Vətən müharibəsi günlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının açıq şəkildə ölkəmizə verdiyi siyasi-mənəvi dəstək, Ermənistana və onun havadarlarına xəbərdarlıq mahiyyəti daşıyırdı. Bu xəbərdarlıq bölgədə davamlı sülhün təmin olunması, 30 illik zülmün sona çatması və Azərbaycanın haqq mübarizəsinə verilən dəstəkdən irəli gəlirdi. Çünki, Azərbaycanın Qarabağ Zəfəri hər şeydən əvvəl haqqın zəfəri idi. Cənab Ərdoğanın sözləri ilə desək bu, fəlakətin deyil, inşanın, zülmün deyil, ədalətin, kobudluğun deyil, zərifliyin, müharibənin deyil, sülhün, qanın deyil, qəlbin Zəfəridir. Bəli bu Zəfərdən heç kim narahat olmamalıdır. Hətta Ermənistan belə. Çünki Ermənistan da Azərbaycanın Qarabağ Zəfərindən mənfəət əldə edəcək. Belə ki, Qafqazdakı sülh və sabitlikdən Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya yararlana bilər. Azərbaycanın Zəfəri ilə bölgədə bir çox layihələrin reallaşdırılması, bölgənin sabitləşməsi fonunda investisiyaların cəlb olunması real gözləntidir. Ermənistanın ilkin olaraq ən böyük qazancı isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin reallaşması ilə Ermənistan iki yaxın müttəfiqi olan İran və Rusiyaya birbaşa çıxış əldə edəcək ki, bu da blokada şəraitində olan Ermənistanın yenidən dirçəlməsi üçün böyük bir şansdır. Digər tərəfdən, Milli Məclisdəki çıxışında və daha öncə Şuşa Bəyannaməsinin imzalanmasından sonra keçirilən mətbuat konfransında Prezident Ərdoğanın səsləndirdiyi kimi Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması ilə Türkiyə də Ermənistana qarşı lazımi addımlar atacaq. Daha da açığı, iki ölkə sərhədinin bərpa olunması məsələsi yenidən gündəmə gələcək. Bu isə Erməınistan üçün səhrada su qədər gərəklidir.

R.T.Ərdoğanın çıxışı zamanı vurğuladığı məsələlərdən biri də işğaldan azad olunmuş torpaqlarımızda törədilən vandalizmlə bağlı idi. Həqiqətən də 30 il ərzində bölgədə törədilən barbarlıq və ekoloji terror  bu bölgənin kimə aid olduğunun ya da kimlərin Qarabağı Vətən olaraq qəbul etdiyinin açıq göstəricisidir. Ölkə başçımız tərəfindən də dəfələrlə vurğulanıb ki,  bizim məqsədimiz Qarabağı dirçəltmək, o torpaqlara yenidən uşaqların gülüş səsini, həyatı qaytarmaqdır. Çünki heç kəs vətəninin yandırıb-yaxılmasına, tarixinin məhv olunmasına, təbii sərvətlərinin talan edilməsinə tərəfdar ola bilməz. Bu mümkün deyil . Deməli, ermənilər heç vaxt Qarabağı vətəni olaraq görməyib, sevməyib, qəbul etməyib. Bizim üçün hər daşı əziz olan bu torpaqlar onlar üçün heç vaxt Vətən olmayıb.

Bugün bizim canımızla-qanımızla azad etdiyimiz torpaqlarda sürətli təmir-bərpa və yenidən qurma işləri həyata keçirilir. Ermənilərin otuz il ərzində yıxdıqlarını Azərbaycan bərpa edir. Yollar, infrastruktur layihələri inşa edilir, elektrik stansiyaları,  su kəmərləri çəkilir, mədəni, tarixi abidələr bərpa olunur və s. Beləliklə bütün dünya da buna şahid olmalı, həqiqətləri bilməlidir. İllərlə göz yumduqları işğalın nəticələrini görməli, Ermənistana layiq olduğu münasibəti göstərməlidir. Təəssüf ki, hazırda hələ də bəzi böyük dövlətlər reallıqlara göz yummağa və ermənilərin arxasında durmağa çalışır.  Amma gec-tez hər kəs anlayacaq ki, bunlar əbəsdir. Azərbaycan əsla vandallıq etməyib, soyqırımı törətməyib. Biz ancaq haqq uğrunda, 30 illik zülmün sona çatması naminə mübarizə aparmışıq. Və bugün şanlı mübarizəmizin nəticəsi olaraq işğaldan azad etdiyimiz torpaqlarda qurub yaradır, gələcəyimizi planlaşdırırıq.  İşğaldan azad olunmuş torpaqlarımızın bərpasında isə bizə dost və tərəfdaş olan dövlətlər iştirak edirlər. Xüsusilə, Türkiyə və türk şirkətləri bu prosesdə aktiv şəkildə iştirak edir. Ümid edirik ki, ən qısa müddətdə bu proses yekunlaşar və illərlə torpaq həsrəti çəkən vətəndaşlarımız doğma Qarabağa qovuşarlar. Çıxışı zamanı Ərdoğan da bu məsələyə toxunmuş və qeyd etmişdir ki, “İnşallah, sonrakı gəlişimizdə bu torpaqların insanlarının evlərinə yerləşdiyini görməyin sevincini yaşayacağıq”. Bizim də arzumuz budur ki, Azərbaycanımızın mədəniyyət incisi olan Şuşadakı Zirvə görüşündən sonra iki liderin növbəti görüşü məhz məcburi köçkünlərimizin doğma yurdlarına qayıtdığı zamana təsadüf etsin.

Sonda xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan və Türkiyə hazırda öz tarixlərində heç vaxt olmadığı qədər yaxın və birdirlər. İki ölkə hər səviyyədə istər siyasi, istər iqtisadi, istərsə də milli baxımdan bir-birini maksimum şəkildə dəstəkləyir. Vətən müharibəsindən sonra bölgədə yaranan reallıq fonunda da şübhə yoxdur ki, gələcəkdə də iki ölkənin  mənfəətləri daim üst-üstə düşəcək və hələ bir çox layihələrdə yolları kəsişəcək. Beləliklə əminliklə demək olar ki, “bir millət, iki dövlət” olaraq xarakterizə edilən Azərbaycan və Türkiyənin bundan sonra əməkdaşlığı daha güclü, qardaşlığı isə sarsılmaz və əbədi olacaq.

Səadət İsmayılova,
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Daha çox xəbərlər