Sosial 

Yanğın təhlükəsizliyi: Hansı qaydalara əməl etməliyik?

İradə İbrahimova: Yanğınların böyük əksəriyyətində insan faktoru var

Fövqəladə hallar sırasında ən geniş yayılmış arzuolunmaz hadisələrdən biri də yanğın hadisəsidir. Yanğın mülkiyyət növündən, mərtəbəsindən, konstruksiyasından, mərkəzdə, yaxud ucqar bölgələrdə yerləşməsindən asılı olmayaraq, hər ünvanda baş verə bilir. İstənilən yanğın hadisəsinə səbəb yanğın təhlükəsizliyi norma və qaydalarına əməl olunmamasıdır. Mütəxəssislərin də qeyd etdiyi kimi, insanların hər hansı unutqanlığı, səhlənkarlığı, texnika və qurğulardan düzgün istifadə etməməsi nəticə etibarı ilə enerjinin işlədicilərdə normal sərfiyyatına deyil, qəzalara – yanğınlara səbəb olur. Buna görə də hər bir binanın, qurğunun yerləşdiyi ünvanlarda yanğın hadisəsinin ehtimalı nəzərə alınaraq, yanğın texnikalarının hadisə baş verən ünvana sərbəst yaxınlaşması, döyüş vəziyyətinə gətirmək üçün, su mənbəyindən su götürmək üçün şərait, xarici yanğınsöndürmə və daxili yanğınsöndürmə vasitələri lahiyələrdə nəzərə alınır, inşa olunur.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumatların analizi göstərir ki, 2021-ci ilin I rübü ərzində baş vermiş yanğın hadisələrinin sayı 518 olub. Yanğın hadisələri zamanı 13 nəfər həlak olmuş, 50 nəfər xəsarət almışdır. Bu da ötən il ilə müqayisədə yanğından həlak olanlar üzrə 3 nəfər və ya 19 % azdır,  xəsarət alanlar üzrə 13 nəfər və ya 35% çoxdur.

Yanğın hadisələrinin baş verməməsi üçün respublikamızda yanğın təhlükəsizliyi ilə bağlı davamlı olaraq maarifləndirici tədbirlər keçirilir.

Xüsusilə yay fəslində taxıl sahələri və yüksək dağlıq ərazilərdə, o cümlədən meşə və meşə zolaqlarında yanğınların baş verməsini nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Dövlət Yanğından Mühafizə Xidmətinin yerli bölmələri ilə birlikdə Şəmkir, Tovuz və Samux rayonları ərazisində “Dənli və texniki bitkilərin yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın hadisələrinin qarşısının alınması məqsədilə təşkil edilmiş tədbirlərdə “Aqroservis” ASC-nin, Dövlət Aqrar İnkişaf Mərkəzinin, polis şöbələrinin nümayəndələri, fermerlər və biçin işləri aparan texnika sahibləri iştirak ediblər. Tədbirlərdə taxıl yığımı və ot tədarükü, dənli və texniki bitkilərin yığılması, daşınması və saxlanması dövründə yanğın təhlükəsizliyi ilə bağlı qaydalar izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən, xüsusilə odsöndürən balondan düzgün istifadə qaydaları əyani nümayiş etdirilib.

Mövzu ilə bağlı “İki sahil”ə danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq: ” Yay mövsümündə təbiət ərazilərində yanğınların baş verməsi təəssüf ki, bir reallıqdır və qaçılmazdır. Lakin hamımız bir nəfər kimi bu həyəcanı, bu narahatlığı hiss edib, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurarıqsa, insan etinasızlığından yarana biləcək bu fəlakətdən qurtularıq”.

Nazirlik rəsmisinin sözlərinə görə, meşə ərazilərində baş verən yanğınlar, bu fəlakətin qarşısının alınmasında yaranan çətinliklər, təbiət və cəmiyyətə vurulan zərərlər, onun acı nəticələri ilə bağlı xəbərlər çox sarsıdıcıdır: “Hər birimiz bilirik ki, təbiətdə baş verən yanğınların böyük əksəriyyətində insan faktoru var və hamımız bir şəxsin törətdiyi ehtiyatsız əməlin fəsadı qarşısında aciz qalırıq. Bütün bunları nəzərə alaraq vətəndaşlarımızdan xahiş edirik ki, odla həddən artıq ehtiyatlı davransınlar ki, sonradan heyfslənməyək, gözümüzün qabağında külə çevrilən yaşıllıqların qarşısında məyus olmayaq. Unutmayaq ki, bir nəfərin ani ehtiyatsız davranışı, qaydalara əməl etməməsi yüzlərlə hektar meşə sahəsində qarşısıalınmaz yanğınlara səbəb olur, eləcə də insanların, canlıların həyatına təhlükə yaratmaqla böyük fəlakətə yol açır. Nəticədə həm təbiətimiz, həm ekosistem məhv olur, həm də dövlətimizin büdcəsinə zərər vurulur”.

Daha çox xəbərlər