«Silahlı Qüvvələrimiz – dünən və bu gün»
İyunun 24-də Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrin yaradılmasının 103 illiyinə həsr edilmiş «Silahlı Qüvvələrimiz – dünən və bu gün»adlı dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, Qarabağ müharibəsi veteranlarının, hərbi hissələrin, Vətən müharibəsi qəhrəmanlarının ailə üzvləri və digər müəssisələrin nümayəndələri iştirak ediblər.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Yeni əsrin yeni lideri İlham Əliyev son 17 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirib. Məhz bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoyuldu. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözsüz ki, Vətən müharibəsində qazandığımız Qələbə böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi.
AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Yeni tarix» şöbəsinin müdiri Hacı Həsənov çıxışında qeyd etdi ki, son 18 ildə Azərbaycan rəhbərliyi belə bir düsturu özünün əsas fəaliyyət prinsipinə çevirib ki, hər bir ölkənin uğurunu, inkişafını müəyyən edən amillər içərisində iqtisadi potensial və güclü ordunun mövcudluğu ön plandadır. Müasir səviyyədə qurulan ordu həm müstəqilliyin möhkəmlənməsində, həm də ölkənin bölgədə geopolitik güc mərkəzinə çevrilməsində önəmli rol oynayır. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: «… Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq… Son illər ərzində maddi texniki bazanın möhkəmləndirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik.»
Bu gün Azərbaycan Ordusu ən yüksək standartlara cavab verir. Vətənimizin qorunmasında, işğal altında olan torpaqlarımızın azad olunmasında bu amil mühüm rol oynadı.
Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılov qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra yəqin ki, ermənilər və ermənipərəst qüvvələr anlayarlar ki, cəsur xalqı olan Azərbaycanı heç zaman məğlub etmək mümkün olmayacaq. İşğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında əksini tapır. Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəsmi «İnstagram» səhifəsində etdiyi paylaşımda da vurğulandığı kimi, «Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq». Göründüyü kimi, şəhidlərimizin qanı yerdə qalmadı, onların uğrunda savaşdıqları müqəddəs torpaqlarımız indi düşmən tapdağından azaddır.
Milli Təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Arif Həsənov çıxışında bildirib ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi hərbi təxribata cavab olaraq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı 44 günlük Vətən müharibəsi Ermənistan ordusunun darmadağın olması ilə nəticələndi. Beləliklə, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, özü də buna güc yolu və siyasi vasitələrlə nail oldu. Yəni, Azərbaycan öz gücü hesabına, hərbi-siyasi yolla BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi. Bu savaş ilk gündən Azərbaycan Ordusunun qüdrətini, əsgər və zabitlərimizin yüksək döyüş ruhunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək düşmənə sarsıdıcı zərbələr endirdi. İllər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu və möhkəmləndirdiyi, minaladığı mürəkkəb konstruksiyalı mühəndis-istehkam qurğuları və digər müdafiə sistemləri ordumuz tərəfindən ilk həmlədə yarıldı. Beləliklə, Azərbaycan Ordusu gücü və qüdrəti barədə söylənən fikirləri ilk gündən döyüş meydanında sübuta yetirdi.
Tədbirin bədii hissəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin nəzdində fəaliyyət göstərən orkestrin solistləri hərbi-vətənpərvərlik mövzusunda mahnılar səsləndirdilər.
Şəmsiyyə Əliqızı,
Könül Əliyeva, «İki sahil»





















