Sosial 

Özünüməşğulluq proqramına cəlb olunan şəhid ailəsi üzvləri və qazilərin sayı AÇIQLANIB – VİDEO

Özünüməşğulluq proqramına cəlb olunan qazi və şəhid ailələrinin təsərrüfatlarına mediatur təşkil olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün mediatur təşkil edib.

Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.

Media nümayəndələri əvvəlcə Qaradağ Buduğ kəndində şəhid Elməddin Alxasovun ailəsində olub, şəhidin ailəsi üçün yaradılmış təsərrüfatla tanış olublar. Ailə postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunub. Ailə proqramın dəstəyi ilə mal-qara ilə təmin olunaraq, iribuynuzlu heyvandarlıq təsərrüfatını qurub.

Daha sonra tur iştirakçıları Qubada rayonun Hacıhüseyinli kəndində olub, qazi Nicat Qubatovun ailəsi üçün avtomobil şinlərinin təmiri sahəsi üzrə yaradılan kiçik biznes sahəsi ilə də tanış olublar. Qazi Nicat Qubatovun atası kiçik ailə təsərrüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıb.

Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə bildirilib ki, artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri sürətlə aparılır. Son aylarda bu kateqoriyalardan olan 6 400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Həmçinin şəhid ailəsi üzvləri və yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən “Məşğulluq marafonu” barədə də məlumat verilib.

Qeyd edək ki, Quba və Xaçmaz rayonları üzrə son bir ildə həssas əhali qruplarına aid 610 nəfər özünüməşğulluq proqramının dəstəyi ilə aktivlərlə təmin olunaraq, kiçik ailə təsərrüfatlarını yaradıb.

Daha çox xəbərlər