Sosial 

Bakıda sürücülərdən yol üstündə daha bir İNSİDENT – Yolunu kəsdilər – VİDEO

Bakıda sürücülər arasında anlaşılmazlıq az qala faciə ilə nəticələnəcəkdi.

ARANTV.AZ BAKU.WS-ə istinadən xəbər verir ki, Rakif Əliyev adlı vətəndaşın sözlərinə görə, 26 iyun saat 18:15-də Sədərəkdən əks istiqamətdə olan yolda sürücülərin təzyiqinə məruz qalıb.

“Sədərəkdən gələn yolda avtomobillə hərəkətdə olarkən 3 avtomobili ötməyə çıxdım. Bu zaman arxadan gələn “Prado” markalı avtomobil siqnal verməyə başladı. Əlimlə işarə etdim ki, ötmə əməliyyatı edirəm. Bu zaman onunla birgə digər avtomobil də başladı məni sıxmağa. İstəyirdilər məni döysünlər. Bu zaman qaçmaq üçün bütöv xətt qaydasını pozdum”, – deyə Rakif Əliyev bildirib.

Bununla da baş verə biləcək növbəti faciənin qarşısı alınıb.

Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən BAKU.WS-ə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl də buna oxşar hadisə baş vermişdi.

Azərbaycan Avtomobil Federasiyasının əməkdaşı Məmmədov Səxavət Səfər oğlu 24 iyun 2021-ci il tarixdə axşam saatlarında Azərbaycan Avtomobil Federasiyasına məxsus yük avtomobili ilə hərəkət edərkən Nərimanov rayonu ərazisində digər avtomobildəki tanımadıqları şəxslər tərəfindən hücuma məruz qalmışdı.

Federasiyaya məxsus yük avtomobili 20 Yanvar dairəsi yaxınlığında hərəkət edərkən digər avtomobildə olan şəxslərlə yol hərəkəti zəminində mübahisə baş verib.

Daha sonra digər avtomobildəki şəxslər nəqliyyat vasitəsini Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsinədək təqib etmiş, avtomobilin qarşısını qanunsuz olaraq kəsib. Zor tətbiq etməklə Səxavət Məmmədovu avtomobildən enməyə məcbur ediblər. Ona və onun sərnişini olan Federasiyanın digər əməkdaşına hücum edərək ağır zərbələr endiriblər.

Səxavət Məmmədov hadisə nəticəsində qətlə yetirilib. Hücum edən 3 nəfər şəxs idarə etdikləri avtomobili hadisə yerində qoyaraq qaçıb. Sonradan həmin şəxslər saxlanılıb.

Daha çox xəbərlər