Siyasət 

Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri dinc sakinlərimizi ağır artilleriya atəşinə tutaraq Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Nəticədə Azərbaycan öz vətəndaşlarını qorumaq üçün əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qaldı. Bu qanlı savaşda yüzlərlə igid qəhrəmancasına şəhid oldu və yaralandı. 44 gündən sonra isə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun dəyanəti ilə Şanlı Qələbə qazandıq. Beləliklə, respublikamız BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra edərək, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı tarixi ədaləti məhz özü bərpa etdi.

Beləliklə, rəsmi İrəvanın işğalçı siyasətinə Azərbaycan tərəfindən əbədi son qoyuldu. Təbii ki, Azərbaycanımızın bu ədalətli zəfərini həzm etməyənlər də oldu. Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan haqq yolundaydı. Məhz haqq yolu bizi zəfərə apardı. Həmin zəfər ki, buna qədər guya dünyanın ən mötəbər təşkilatlarının qətnamələri vardı. Həmin qətnamələrə əsasən Ermənistanın işğalçı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmalıydı. Amma bu qətnamələr 27 il kağız üzərində qaldı. Məhz bu səbəbdən Azərbaycan özü öz taleyini həll etdi. Nəinki işğalçı Ermənistan ordusu darmadağın edildi, həmçinin Ermənistanda yarıtmaz hakimiyyətə sarsıdıcı zərbə dəydi.

Bu gün Ermənistanın süqutu ilə barışmayan dövlətlər çoxdur. Amma onlar kimə havadarlıq etdiklərini unutmasınlar. Ermənistan Azərbaycan torpaqlarını işğal edən, bir milyondan çox azərbaycanlını doğma torpaqlarından didərgin salan, 1992-ci ildə Xocalı soyqırımını törədərək, qadınlar və uşaqlar da daxil olmaqla 613 nəfər günahsız dinc sakini qətlə yetirən, minlərlə sakinimizi məhv edən əli qanlı cəlladdır. Bu gün Ermənistan ordusu Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunub. Bu gün Ermənistan dünyanın üz qarası, rəzalətidir. 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etməyimiz bir daha düşmənin başının əzilməsinin bariz nümunəsidir.

Bu gün istər xarici, istər yerli media nümayəndələri, diasporalar işğaldan azad olunmuş ərazilərimizə gedərkən erməni faşizminin şahidi olurlar. İşğal dövründə Azərbaycanın bütün şəhər və kəndləri yerlə-yeksan edilib. Xarici mütəxəssislər Ağdam şəhərini “Qafqazın Hirosiması” adlandırır. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoyub, təhqir və qarət edib. Bu tikililərin içində təkcə 60-dan çox məscid var. Məscidlərdə inək və donuzlar saxlanılıb. Belə bir iyrənc siyasətə malik olan Ermənistan unutmamalıdır ki, “DƏMİR YUMRUQ” bu gün də əzilən başının üzərində hazır dayanıb.

Teymur Babazadə,
YAP Lənkəran Rayon Təşkilatı Gənclər Birliyinin sədri

Daha çox xəbərlər