Rus sülhməramlıları bizi yoxlamadan yola saldılar
Terror-təxribat törədən erməni silahlı dəstənin üzvləri məhkəmədə ifadə verir
Azərbaycan ərazisində terror-təxribat və digər əməllər törətməkdə təqsirləndirilən erməni silahlı dəstələrinin 14 üzvü – Avakyan Qraç Arzumanoviç, Serobyan Geğam Samveloviç, Baqasyan Armen Yegizari, Qasparyan Qor Vaqramini, Sefilyan Kamo Karenoviç, Hakobyan Volodiya Vaçaqani, Asetryan Gevorq Norairoviç, Yenqoyan Sisak Qrişai, Petrosyan Albert Kamoyeviç, Sedrakyan Romik Misakini, Minasyan Aram Qarnikoviç, Minosyan Mkrtıç Simonoviç, Matesyan Edqar Vaçaqanoviç və Karapetyan Yuri Tiqranoviçin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilir.
ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Asetryan Gevorq Norairoviç ifadə verib.
O, ifadəsində bildirib ki, noyabrın 27-də onları Gümrüdə yerləşən hərbi komissarlıqda toplayaraq Laçına gətiriblər: “Laçında səhərin açılmağını gözlədik. Səhər açıldı, qarşımızda rus sülhməramlıları vardı. Onlar bizi yoxlamadan, yola saldılar. “Ural”larla 40 dəqiqə yol getdik. Hansısa dağın ətəyində maşın dayandı. Orada dağı piyada qalxmağa başladıq. Dedilər ki, həmin ərazidə olan erməni əsgərləri dəyişəcəyik. O zaman komandirimiz polkovnik-leytanant Arsen Kazaryan idi. O bizi dağın başında bir nöqtədə yerləşdirdi. Dedi ki, lazım olanda gələcək. 10 gündən çox orda qaldıq”.
O, dekabrın 13-də dağdan düşərkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən tutulduqlarını, heç bir müqavimət göstərmədən təslim olduqlarını, silahlarını Azərbaycan əsgərlərinə təhvil verdiklərini bildirib.
G. Asetryanın məhkəmədə verdiyi ifadə ilə istintaqda verdiyi ifadəsi arasında ziddiyyət yaranıb. Bu səbəbdən onun istintaqa verdiyi ifadə elan edilib. O, istintaqda ifadəsində bildirib ki, olduqları ərazidə Azərbaycan Ordusunun hərbiçiləri gələcəyi təqdirdə silahla müqavimət göstərməklə bağlı tapşırıq alıblar.
Asetryan Gevorq Norairoviç ifadəsini təsdiqləyib.
Daha sonra təqsirləndirilən şəxs qismində Hakobyan Volodya Vaçaqani ifadə verib. Təqsirləndirilən şəxs qeyd edib ki, noyabr ayında çağırışçı kimi Gümrüdəki hərbi komissarlığa dəvət olunub: “Ayın 27-də hərbi komissarlıqda bildirdilər ki, gedib ərazidə olan hərbiçilərimizi növbəsini təhvil alacağıq. Onlar istirahət edəndən sonra qayıdacağıq. Bizə komissarlıqda avtomat və 4 daraq patronla təmin olunduq. “Ural”a mindik. Gecə Laçına çatdıq. Orada səhərə qədər gözlədik. Qarşımızda rus sülhməramlıları vardı. Komandirimiz Kazaryan onlarla nəsə danışdı, yoxlamadan bizə yol verdilər. Təxminən 40-50 dəqiqə yol getdik. Dağın ətəyində düşdük. Kazaryan bizi dağın başına çıxardı. Dedi ki, bir neçə gün burda qalıb müşahidə aparacağıq”.
O, dekabrın 13-də dağdan düşəndə yolu səhv saldıqlarını, Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıqlarını, silah-sursatlarını təhvil verdiklərini deyib.
V. Hakobyanın da məhkəmədə və istintaqdakı ifadələrində ziddiyyət yarandığından ifadəsi elan olunub. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.
Prosesdə Minosyan Mkrtıç Simonoviç də sərbəst ifadə verərək bildirib ki, Gümrü şəhərində yaşayıb, noyabr ayında hərbi komissarlığa çağırılıb: “Hərbi Komissarlıqda silahlandırıldıq. Bir avtomat və 4 ədəd patron daraqla təmin edildik. Gecə Laçına gəldik. Gecəni avtobuslarda yatdıq. Səhəri rus əsgərlərinin yanından keçdik. Bizi yoxlamadan yolu açdılar. Biz “Ural”la 40-45 dəqiqə yol getdik. Dağın ətəyində dayandıq. Komandirimiz Arsen Kazaryan çıxış edərək bildirdi ki, işimiz burada müşahidə aparmaqdır. Daha sonra bizi dəstələrə böldülər. Dağın başıma qalxdıq. 10 gündən artıq orada qaldıq”.
Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, 2016-2018-ci illərdə Xocalı ərazində hərbi xidmətdə olub: “Həmin ərazilərin Azərbaycana aid olduğundan xəbərim var idi. Lakin hərbi qulluqçu olduğum üçün verilən əmrlərə tabe olurduq”.
Məhkəmədə elan olunub ki, M. Minosyan istintaqa ifadəsində müşahidə apardıqları yerə Azərbaycan əsgərləri gələcəyi halda onlara silahlı müqavimət göstərmək barədə tapşırıq alıblar: “Arsen Kazaryan bizə demişdi ki, durduğum yer Ermənistanın ərazisidir. Bu səbəbdən həmin ərazilərə qarşı tərəfin hərbçiləri gələcəyi, təqdirdə silahla onlara atəş açmalıydıq”.
Daha sonra prosesdə Karapetyan Yuri Tiqranoviç ifadə verib. O bildirib ki, noyabrın 26-da hərbi komissarlıqdan ona zəng gəlib: ” Ayın 27-də Gümrüdə yerləşən hərbi komissarlığa getdim. Bizə bildirildi ki, Ermənistan sərhədini qorumağa gedirsiniz. Silahla təmin olunduq. Avtobuslara minərək yola düşdük. Yolda yatmışdım, oyananda gördüm ki, Laçındayıq. Həmin vaxt orda erməni mülki vətəndaşları var idi. Alış-verişlə məşğul idilər. Bizi “Ural”a mindirdilər. Rus sülhməramlıların yanından keçdik. Bizi heç kim yoxlamadı. Təxminən 40 dəqiqə yol gedərək, tanımadığım bir dağın yanına gətirdilər. Həmin yerdə erməni silahlıları var idi. Bizə dedilər ki, bir-iki gün qalacaqsınız. Lakin bizi aldatdılar, 10 gündən artıq orada çadırlarda qaldıq”.
Təqsirləndirilən Sedrakyan Romik Misakini də digərləri kimi oxşar ifadə verib.
R. Sedrakın ibtidai istintaqdakı ifadəsi də elan olunub. O, istintaqa ifadəsində bildirib ki, məqsədləri qarovulda dayanaraq, kimlərinsə ərazidən keçməsinin qarşısını almaq və Azərbaycan ordusuna silahla müqavimət göstərmək olub.
Bizə tapşırılmışdı ki, Azərbaycan tərəfindən kimsə yaxınlaşarsa, müqavimət göstərək, məlumat çatdıraq
Təqsirləndirilən Matesyan Edqar Vaçaqanoviç isə məhkəmədə sərbəst ifadəsində deyib ki, buna qədər Qarabağda olmayıb, hərbi xidmətimi İrəvanda keçib: “Hərbi komissarın müavini Arsen Kazaryan bizi avtobuslara mindirdi. Gecə Laçına çatdıq. Avtobusda yatdıq. “Ural”a minərək yola düşdük. Laçından 3-4 km sonra rus sülhməramlılarının yanında dayandıq. Orada komandirlərimizlə söhbət etdilər. Yoxlamadan maşınlarımızı buraxdılar”.
O da digər təqsirləndirilən şəxslər kimi, dağda posta müşahidə apardıqlarını deyib: “Bizi orada qoyun kimi atıb getdilər. Bəzilərimiz Arsen Kazaryana etiraz etdik ki, burada bizi ehtiyac yoxdur. Kazaryan dedi ki, kim qaçsa, 8 ildən 12 ilə qədər azadlıqdan məhrum ediləcək. Biz orada qalmağa məcbur olduq. Dedikləri vaxtda bizi geri qaytarmadılar. Daha sonra aşağı düşəndə Azərbaycan xüsusi təyinatları ilə rastlaşdıq. Onların komandirləri bizi çox anlayışlı davrandı, bizə siqaret, su verdi. Silahlarımızı təhvil verərək təslim olduq. Nə ifadə vermişəmsə, odur. Bizə tapşırılmışdı ki, Azərbaycan tərəfindən kimsə onlara yaxınlaşarsa, müqavimət göstərək, məlumat çatdıraq”.
Proses fasilədən sonra davam etdiriləcək.

