İdman 

Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək Avropa çempionu oldu – VİDEO

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

ARANTV.AZ  xəbər verir ki, sərbəst güləşçilərin son yarış günündə Azərbaycan idmançıları iki qızıl və bir gümüş medal qazanıb.

Kənan Heybətov (61 kq) finalda Levik Mikayelyana (Ermənistan) 0:3 uduzsa da, əzmkarlıq nümayiş etdirib və sonda prinsipial rəqibini 8:5 hesabı ilə məğlub edərək Avropa çempionu olub.

Dağıstan əsilli idmançımız Cəbrayıl Hacıyev (74 kq) isə finalda Taner Qaripi (Türkiyə) 12:2 hesabı ilə məğlub edərək növbəti qızıl medalı qazanıb. Xatırladaq ki, 19 yaşlı Cəbrayıl bu ilin əvvəlində U-23-lər arasında da Avropa çempionu olmağı bacarıb.

Bu gün üçüncü finalçımız Aydın Əhmədov (120 kq) bu uğuru təkrarlaya bilməyib. O, həlledici görüşdə Lyova Qevorqyana (Ermənistan) 0:11 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.

Bununla da, Azərbaycan sərbəst güləşdə üç qızıl və bir gümüş medal qazanıb. Bir gün əvvəl Turan Bayramov (70 kq) da gənclər arasında Avropa çempionu olmuşdu.

Olimpiya mükafatçımız Cəbrayıl Həsənovun baş məşqçisi olduğu yığmamız bununla da 119 xal toplayaraq komanda hesabında Avropa üçüncüsü olub. Rusiya (185) birinci, Türkiyə (126 kq) isə ikinci yeri tutub.

Sonuncu dəfə analoji yarışda sərbəst güləşdə belə yüksək nəticə 2017-ci ildə qeydə alınıb. Maraqlıdır ki, həmin qitə birinciliyi də məhz Dortmundda keçirilib. Komandamız onda üç qızıl, iki gümüş və bir bürünc medal qazanmışdı.

Daha çox xəbərlər