Gündəm 

Mən əsgərəm, ana!

Prezident İlham Əliyevin imzaladığı «Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» Sərəncama əsasən respublikada gənclərin həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb

Dünənə qədər küçədə taxta «avtomatlarla» «döyüşən», «səngərlərdə gizlənən», «düşmən tərəfdə döyüşənləri» adları ilə çağıraraq «sən də öl» deməklə öz təxəyyüllərinə görə «nemesi» öldürən uşaqlar bu gün həddi-buluğa çatan gənc kimi hərbçi mundiri geyinirlər. Şəxsiyyətlərini bildirən adları fərqli olsa da eyni amal naminə birləşən bu gənclərə artıq eyni cür müraciət olunur : Əsgər! Hələlik bu adları ilə fəxr edən, zamanla hərbin qayda-qanunlarına, sirlərinə bələd olan bu əsgərlər gələcəyin generalları, polkovnikləri, mayorları, kapitanları… zabitləri olacaqlar. 44 günlük İkinci Qarabağ müharibəsini, döyüş meydanlarında düşmənə qan udduran hərbçilərimizin qəhrəmanlığını sosial şəbəkələrdən də olsa izləyən, zabit adının şərəfinin, müqəddəsliyinin torpaq uğrunda qurban getməkdən ibarət olduğunu öyrənən bu gənclərin onlara örnək olan döyüşçülərin yolunu uğurla davam etdirəcəklərinə şübhə yoxdur.

Milli ruh, hərbi vətənpərvərlik duyğuları yüksək olan Azərbaycan gəncləri həmişə ordu sıralarında qulluq etməyi kişilik məktəbi hesab etmişlər. SSRİ Silahlı Qüvvələrindən fərqli olaraq Milli Ordumuzın sıralarında xidmət etməyi vətəndaşlıq borcu kimi dəyərləndirən gənclər 44 gün davam edən İkinci Qarabağ müharibəsində döyüşən əsgərlərimizin davamçıları olmaq üçün hərbi xidmətə daha böyük ruh yüksəkliyi ilə gedirlər. Prezident, Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin başçılıq etdiyi Silahlı Qüvvələrimizin tərkibində Vətənin , torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şücaət göstərmiş hərbçilərimizin Qələbə estafetini daşıyacaq bu gənclərin hər biri içdikləri anda sadiq qalaraq xidmət etdikləri sahələrdə onlara etibar edilən Vətəni qorumaq peşəsinin sirlərinə yiyələnəcəklər. Torpaqlarımızın işğaldan azad olunması üçün canından, qanından keçən şəhidlərimizin, qazilərimizin döyüş rəşadəti sayılan qəhrəmanlıq dastanlarında öz dəst-xətlərini yazacaq dünənki uşaqların hər birinin özünəməxsus səhifələri olacaq, Vətən adlı müqəddəs varlığın qorunması naminə göstərdikləri şücaətlərə cəsarətlə imza atacaqlar. Kim bilir, bəlkə də uşaqlıq illərində «öldürdükləri nemeslərin» əsl siması olan erməni faşistlərini torpaqlarımızdan çıxarmaq şərəfi onlara da nəsib olacaq. Hərbi xidmətə başlayan gənclər bir də ona görə qürurludurlar ki, onlar dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən, NATO standartları səviyyəsində hazırlığa malik Silahlı Qüvvələrimizin tərkibində xidmət edəcəklər.

Ötən ilin 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində düşmənə layiq olduğu cavabı vermək üçün hərbi komissarlıqların qarşısına toplaşan könüllülərdən ibarət dəstələri xatırlayaq. Vuruşmaq yaşları çatmasa belə, israrla döyüşlərdə iştirak etmək istəyində olduqlarını bildirən həmin gənclər artıq müxtəlif hərbi hissələrdə xidməti vəzifələrini yerinə yetirmək şansı qazanıblar. Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində apardığı islahatların nəticəsi olaraq ölkəmizin müdafiə qüdrətinin gücləndiyi, sərhədlərimizin daha etibarlı , ən müasir texnologiyalardan istifadə olunmaqla qorunduğu bir məqamda əsgər mündiri geyinib, Vətəni qorumaq borcunu yerinə yetirmək onlara da nəsib olub. İkinci Qarabağ müharibəsində döyüşən, düşmənin ən çətin istehkamlarını belə dağıtmaq qüdrətinə malik döyüşçülərin ardıcılları olan bu gənclər hərbi and içməsələr belə özlərini artıq Vətəni qorumaq peşəsini öyrənənlərdən hesab edirlər. Bu cəsarəti onlara düşməni səngərlərdə məhv edən, Şuşa kimi alınmaz qalanı azad edən, əlbəyaxa döyüşlərdə belə işğalçı ölkənin fərari ordusunun əsgərlərini vəlvələyə salan şəhidlərimizin mətanəti öyrətdi. Sosial şəbəkələrdə şəhidlərimiz, qazilərimiz haqqında yazılan qəhrəmanlıq dastanlarının hər biri çağırışçı gənclərimizin Qələbə ünvanlı döyüş yolunun bələdçisi oldu. Yaralı halda dostunu döyüş meydanından çıxararkən şəhid olan Xudayar kimi qəhrəmanlardan ölümün gözünə dik baxmağı öyrəndilər, şücaətindən nümunə götürdülər. Hələ silahla davranmaq təcrübəsinə yiyələnməsələr də, ordumuzun ən müasir, beşinci nəsil silah-sursatla təchiz edildiyini öyrəndilər. O silahlar ki, Qarabağ müharibəsində Qələbəmizi şərtləndirdi. Peşəkarlığı, döyüş qabiliyyəti artıq dünyada öyrənilən Azərbaycan əsgəri bu silahlarla Zəfərimizə imza atdı. Artıq növbə yeni nəsillərindir.
«Yəni, bu, onu göstərir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi» söyləyən Prezident İlham Əliyev Ali Baş Komandan kimi NATO qüvvələri ilə birgə münaqişə ocaqlarında sülhyaratma əməliyyatlarında, Türkiyə hərbçiləri ilə birgə keçirilən təlim- məşqlərdə iştirak edən Silahlı Qüvvələrimizlə qürur duyduğunu dəfələrlə qeyd edib.

İkinci Qarabağ müharibəsi tarixdə qaldı. 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi, ağ bayraq qaldıran düşmən diz çökdürüldü, Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı. Prezident İlham Əliyevin « Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi» sözlərini «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür» ifadəsi ilə təsdiqləyən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkə rəsmilərinin ilk günlərdən Azərbaycanla həmrəyliyinin Zəfərimizin qazanılmasında böyük rolu olmuşdur.

Ənənəvi olaraq keçirilən «Qış təlimi-2021» əməliyyatlarında, «Anadolu Qartalı – 2021»” beynəlxalq taktiki-uçuş təlimində birgə iştirak edən Türkiyə-Azərbaycan hərbçilərinin, pilotlarının hazırlığının yüksək qiymətləndirilməsi, təlimlərə cəlb edilən qüvvələrin tapşırıqları yerinə yetirmələri, aviasiya vasitələrinin uçuşu və istifadəsi barədə açıqlamalar hərbi sahədə birgə əməkdaşlığın sarsılmazlıq nümunəsidir. Bir müddətdən sonra həmin təlimlərin iştirakçıları bu günün çağırışçıları olacaqlar. Prezident İlham Əliyevin «Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu Qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir. Biz sübut etdik ki, biz böyük xalqıq» sözləri Ali Baş Komandan kimi çağırışçılara hərb savaşında xeyir-duası, mətanətlilik tövsiyəsidir.

Artıq hərbi hissələrdə əsgəri xidmətlərinə başlayan gənclər əsgər paltarı ilə çəkdirdiyi ilk şəkillərini ailələrinə göndərəcəklər. Qürurlu duruşları ilə bu sözləri ifadə edəcəklər: Mən əsgərəm, Ana!

Sizə uğurlar olsun, Vətən övladları! Ananız qədər sevdiyiniz Vətən sizə əmanətdir! Əmanətə sahib çıxmaq isə müqəddəs və şərəfli borcdur!

Daha çox xəbərlər