Hikmət Hacıyevin məqaləsi Ermənistanda müzakirələrə səbəb oldu
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.
ARANTV.AZ xəbər verir ki, məqalə Ermənistan mətbuatında geniş müzakirələrə səbəb olub. Yerli saytlar Hikmət Hacıyevin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə xüsusilə diqqət ayırıblar.
“Hikmət Hacıyev deyir ki, bu gün bizə sabitlik və bunun nəticəsində birgə rifah şansı təklif olunur. Zəngəzur dəhlizinin yaradılmasına toxunan Azərbaycan rəsmisi bununla da Naxçıvanın təcridinə son qoyulacağı, Ermənistanın paytaxtı İrəvanın quru yolla Moskva və digər paytaxtlarla Azərbaycan üzərindən əlaqələndiriləcəyini söyləyib. Hacıyev onu da vurğulayıb ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında qarşıdakı illərdə etimadın artırılmasında mühüm rol oynaya bilər”,- məqalədə yazılıb.
Qeyd edək ki, məqalədə ötən ilin noyabrında hərbi əməliyyatlar dayandırılandan sonra Azərbaycan ərazisində saxlanılan 15 erməni hərbçisinin qarşı tərəfə təhvil verilməsi, Bakıya yalnız bir rayonun mina xəritəsinin təqdim olunması kimi məsələlər də yer alıb.

