Gündəm 

Bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb

Dövlətimizin başçısı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli ilə yaranan  yeni reallıqlar  fonunda uzunmüddətli sabitliyin, sülhün investorlar üçün də əsas  məsələ olduğunu bildirir

2003-cü ildə xalqın böyük əksəriyyətinin dəstəyini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu.  Dövlətimizin başçısı İlham Əliyev  bu çağırışı etdi ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə biz də çalışırıq və bundan sonra da çalışmalıyıq ki, Azərbaycanda təhsilin səviyyəsi daha da qalxsın. Onda ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək. Cənab İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək” tezisinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı addımlar atıldı. Ən əsası qarşıya qoyulan məqsədə nail olmaq üçün regionların malik olduğu potensial imkanlardan səmərəli istifadənin prioritetliyi önə çəkildi və buna  uyğun olaraq  regional inkişaf proqramları qəbul olundu,  uğurla icra edildi.  Artıq 4-cü Dövlət Proqramı icra edilir.   Dövlət Proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının, keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına geniş imkanlar açıb.

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimi çərçivəsində  Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizdə normal biznes mühitinin mövcudluğundan, kadr potensialından, Vətən müharibəsində tarixi Qələbəmizdən sonra yaranan yeni reallıqlar fonunda   sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olmasından geniş bəhs etmişdir.

Yaşadığımız  quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlər əsasında  malik olduğumuz imkanlardan maksimum bəhrələnməklə dayanıqlı inkişafa töhfələr veriləcək. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialı, xammal və təbii ehtiyatlar,  məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır.  Füzuli, Cəbrayıl və Zəngilan  rayonları  işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında  ölkəmizin  ərzaq təhlükəsizliyinin təminatına böyük  töhfə verəcəkdir. Onu da qeyd edək ki,  Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımız təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi,  kənd təsərrüfatı və  sənaye müəssisələrinin bərpası  yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır.  Bunun üçün ilk növbədə azad olunmuş ərazilərin minalardan təmizlənməsi  əsasdır ki, artıq dövlətimizin qətiyyəti, Azərbaycan diplomatiyasının uğurları sayəsində Ermənistan iyunun 12-də Ağdam, iyulun 3-də Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycan tərəfinə təqdim edib. Bu, Azərbaycanın böyük qələbəsi olmaqla yanaşı, ölkəmizə böyük iqtisadi imkanlar da qazandıracaq. Bu baxımdan ki, minaların axtarılmasına, təmizlənməsinə, kadrların cəlb olunmasına böyük məbləğdə vəsaitlər tələb olunur. Artıq minalı sahələrin xəritələrinin  verilməsi ilə böyük məbləğdə  vəsaitə qənaət ediləcək ki, bu da öz növbəsində digər mühüm layihələrin icrasına yönəldiləcək. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun  yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar  qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla  Qarabağın yaxın zamanlarda cənnətməkana çevrilməsinə,  xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq.

Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, həmin ərazilərimiz  müasir dövrün tələblərinə uyğun olaraq bərpa edilir. «Ağıllı şəhər» və «ağıllı kənd» layihələrinin icrasına başlanılıb. Artıq Zəngilanın Üçüncü Ağrılı kəndində «ağıllı kənd» layihəsinə start verilib. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq həmin vaxtdan Böyük Qayıdış başlayıb.

Dövlətimizin başçısı İlham Əliyev həmçinin bildirib ki, Azərbaycanda çox gözəl sərmayə iqlimi vardır: «Biz bunu həm neft-qaz layihələrinin icrası zamanı nümayiş etdirmişik, həm də digər sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılmışdır. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerə layiq görülüb. Bu, dünya miqyasında çox böyük nailiyyətdir. Biz bir çox inkişaf etmiş ölkələri bu parametrlər üzrə qabaqlamışıq. Yəni, gözəl investisiya iqlimi investorları cəlb etmək üçün əlbəttə ki, əsas şərtlərdən biridir.»

Ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Təbii ki, sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur.   Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir. Ölkə Prezidentinin qeyd etdiyi kimi,  sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik.

Daha çox xəbərlər