Sosial 

Şəhidin məzarı ziyarət edildi

Səbail rayonunun Şəhid anaları, Şəhid ailələri və YAP Səbail rayon təşkilatının nümayəndələri Səbail rayonunun Vətən müharibəsi Şəhidi Vüsal Həsənovun doğum günü münasibətilə Şabranın Zeyvə kəndində görüşdülər və Şəhidin ailə üzvləri ilə birlikdə kənd məzarlığında dəfn olunan Şəhidimizin məzarını ziyarət etdilər.

ARANTV.AZ xəbər verir ki, 3 iyul tarixində 24 yaşı tamam olan Vüsal Həsənov Azərbaycan torpaqlarının azadlığı uğrunda Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə qızğın döyüşlərdə iştirak edir. Oktyabrın 11-də Füzuli uğrunda ağır döyüşlər zamanı qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına yüksəlir.

Şəhidimizin nəşi Şabranın Zeyvə kənd qəbiristanlığında, atasının yanında dəfn edilib.

Vüsal ailənin iki övladından biri idi. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Nur içində yatsın, məkanı cənnətlik olsun!

YAP Səbail rayon təşkilatının təşkilatçılığı və dəstəyi ilə Səbail rayonunun Şəhid Anaları, Şəhid ailələri və YAP Səbail rayon təşkilatının fəalları Şabranın Zeyvə kəndində dəfn olunan Şəhid Vüsal Həsənovun məzarını Şəhidin ailə üzvləri, yaxınları ilə birlikdə ziyarət etdilər, Şəhidin məzarı üzərinə gül dəstələri düzdülər və əklil qoydular. Sonra Vüsal Həsənov daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan bütün Şəhidlərimizin ruhlarına dualar oxundu.

Daha sonra Şəhid anaları, Şəhid ailələri və YAP Səbail rayon təşkilatının nümayəndələri Şəhid Vüsal Həsənovun Zeyvə kəndindəki yaxınlarından birinin evində bir araya gəldilər.

Şəhidin anası Mərifət xanım və Şəhidin qohumları ziyarət və görüş üçün Şəhid ailələrinə və Səbail YAP-çılarına minnətdarlıqlarını, təşəkkürlərini ifadə etdilər.

Eyni zamanda, Şəhid anaları Vüsal Həsənov da daxil olmaqla, bütün Şəhidlərin Azərbaycan xalqının Qürur və Fəxr mənbəyi olduqlarını, onların heç zaman unudulmadıqlarını və unudulmayacaqlarını qətiyyətlə bildirdilər.

Təxminən iki saat davam edən ziyarət-görüşdən sonra Şəhid anaları, Şəhid ailələri və Səbail YAP-çıları bir daha Vüsal Həsənovun ailəsinə, yaxınlarına başsağlığı diləklərini çatdırdılar, dəstəklərini ifadə etdilər və geriyə, Bakıya döndülər.

Şəhidlər ölməz, Vətən bölünməz!

Daha çox xəbərlər