Azad iqtisadi zonanın yaradılması ölkəmizə nə verəcək?
Ələt Azad İqtisadi Zonası yeni inkişaf layihəsidir. Çünki indiyədək azad iqtisadi zonalar mövcud olduqları ölkələrdə iqtisadi inkişafa böyük töhfələr verib. Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektarı əhatə edir. Bunun 60 hektarında layihələndirmə işləri tamamlanıb və inşaat işlərinə başlanılıb. Burada investorların fəaliyyətə başlaması üçün lazım olan bütün zəruri infrastruktur yaradılacaq.
Qeyd edək ki, azad ticarət zonaları (AİZ) daha çox ABŞ-da geniş yayılmışdır. Onların yaradılması 1934-cü ildə ABŞ-da qüvvəyə minən xüsusi qanunla başlanmışdır. Bunun da məqsədi ticarətin həvəsləndirilməsi, ticarət əməliyyatlarının sürətlənməsi, ticarət xərclərinin azaldılması olmuşdur. Qanunda göstərilir ki, hər bir rəsmi limanda heç olmazsa bir azad xarici ticarət zonası yaradıla bilər. Azad ticarət zonalarına misal olaraq nəhəng beynəlxalq aeroportlarda yaradılmış «Duty free» adlanan xüsusi mağazaları göstərmək olar. Maliyyə rejimi nöqteyi-nəzərindən azad ticarət zonalarına dövlət sərhədindən kənarda yerləşən bir zona kimi baxılır. Azad ticarət zonalarına, həmçinin güzəştli ticarət rejiminə malik ənənəvi azad limanları da aid etmək olar. Hazırda dünyada 600-dən çox azad liman və 4000-ə qədər azad ticarət zonası mövcuddur.
Bəs azad iqtisadi zonanın yaradılması ölkəmizə nə verəcək? Məlumdur ki, indi dünyada yeni texnologiyalardan istifadə etməklə maya dəyəri aşağı, keyfiyyəti yüksək olan və daha çox məhsul istehsal etmək uğrunda ciddi bir yarış gedir. İndi dünya bazarında layiqli yer tutub onun qorunması qeyd edilən amillərdən asılıdır. Ələt Azad İqtisadi Zonasının yaradılmasında da əsas məqsəd budur.
Burada qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməklə, innovativ texnologiyalardan yararlanmaqla xarici investisiyaların cəlb edilməsi başlıca məqsəd daşıyır. Bununla yanaşı, həmin prosesə yerli şirkətləri də cəlb etməklə ölkə iqtisadiyyatının dinamik inkişafına nail olmaq məqsədlərdən biridir. Yerli şirkətlərin xarici şirkətlərlə birlikdə fəaliyyət göstərməsi ölkəmizdə qabaqcıl texnologiyalarla tanışlıqla bərabər, milli kadrların yetişdirilməsində də mühüm rol oynayacaq.
Azad iqtisadi zonaların yaradılmasını çox ölkələr istəyir. Ancaq bütün ölkələr bu imkandan istifadə edə bilmir. Bunun üçün ilk növbədə həmin ölkədə siyasi sabitlik və dinamik inkişaf mövcud olmalıdır. İkincisi, münbit investisiya mühitinin olması zəruridir. Üstəlik, investisiyaların qanunla qorunması mütləq şərtdir. Digər tərəfdən, ölkə mükəmməl nəqliyyat-infrastruktura malik olmalıdır və dünya bazarına çıxışda problem yaşamamalıdır. Azərbaycanda qeyd edilən bütün bu şərtlər mövcuddur.
Məsələn, Ələt Azad İqtisadi Zonası Ələt Beynəlxalq Dəniz Limanında yerləşir. Eyni zamanda beynəlxalq əhəmiyyətli “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin də ölkəmizin ərazisindən keçməsi bu zonaların yaradılmasına müsbət dinamika qatan faktorlardır.
Ümumiyyətlə, Azərbaycan dünyada mükəmməl infrastruktura malik ölkə kimi tanınır. İnvestisiyaların cəlb edilməsində bu amil mühüm rol oynayır. İnvestorlar bu məsələdə daha çox beynəlxalq təşkilatların açıqladığı hesabatlara etibar edirlər. Dövlət başçısının dediyi kimi, investorlar ilk növbədə, Dünya Bankını «Doing Business» hesabatlarına və Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəllərinə baxırlar. Davos Forumunun hesabatında ölkəmiz elektrik enerjisi təchizatı sahəsində dünyada 2-ci, dəmir yolu xətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerlərdə qərarlaşıb. Xəzər gəmiçilik xidmətlərinə görə isə 25-ci yeri tutub. Bütün bu üstünlüklərə nail olmağımızın əsas səbəbi ölkəmizdə vaxtında həyata keçirilən infrastruktur layihələridir. Sözsüz ki, həmin layihələrin icrası üçün ölkəmizdə geniş miqyasda sosial-iqtisadi islahatlar aparılıb. Dünya Bankının «Doing Business» hesabatında Azərbaycan dünyanın 190 ölkəsi arasında aparılan uğurlu islahatlara görə, 28-ci yerə layiq görülüb.
Bir faktı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin uzaqgörənliklə apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağına çevrilib. Əlbəttə, bu, ölkəmizə asan başa gəlməyib. Belə ki, həmin layihələrin icrasına böyük dövlətlər və beynəlxalq güclər hər vəchlə mane olmaq istəyirdilər. Bunun üçün ölkəmizə müxtəlif yollarla siyasi və maliyyə təzyiqi göstərirdilər. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilərkən Gürcüstan ərazisindən keçən hissənin yenidən qurulmasına beynəlxalq banklar vasitəsilə kreditlərin qoyulmasına mane oldular. Belə olan halda Prezident İlham Əliyev siyasi qətiyyət göstərərək bu xəttin maliyyələşməsini ölkəmizin vəsaiti hesabına həyata keçirdi. İndi bunun sayəsində «Şərq-Qərb» və «Şimal-Cənub» marşrutlarının açar ölkəsi Azərbaycandır.
Ələt Azad İqtisadi Zonasının yaradılması ölkəmizdə iqtisadi inkişafa təkan verməklə yanaşı, sosial məsələlərin həllinə də geniş imkanlar açacaq. İlkin hesablamalara görə, bu iqtisadi zonada 10 min yeni iş yeri açılacaq. Belə hal insanların gəlir əldə etməsinə və öz güzəranlarını yaxşılaşdırmağa imkan verəcək. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ələt Azad İqtisadi Zonasının ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq demişdir: «Beləliklə, bir ildən sonra – gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin.»

