Sosial 

«Nəzarətçi»lərin özlərinə nəzarət lazımdır

Bakı Metropoliteninin 20 Yanvar stansiyasının çıxışında yerləşən, hamının «Velotrek» adlandırdığı ərazidə  ictimai nəqliyyatın hərəkəti ilə bağlı  yaranan vəziyyət sərnişinləri narahat edir

Son illərdə  Bakı da daxil olmaqla respublikamızın bütün bölgələrində  yol-nəqliyyat  infrastrukturunun bərpası, yenidən qurulması, prospektlərin  genişləndirilməsi,  keçidlərin, körpülərin salınması paytaxtımıza  xüsusi yaraşıq verməklə piyadaların  hərəkətini də asanlaşdırıb, küçələrdə müşahidə olunan sıxlıq nisbətən aradan qaldırılıb.  Əvvəlki illərdən fərqli olaraq  yollarda görünən  rahat, konforlu , iritutumlu avtobusların marşrutlara çıxarılması ilə  paytaxt  və  Bakıətrafı ərazilərdə yaşayan əhaliyə göstərilən nəqliyyat  xidmətinin səviyyəsi yüksəlib. Bütün respublikalarda həmişə  mövcud olan nəqliyyat problemlərinin  ölkəmizdə də həlli üçün dövlətin göstərdiyi diqqət,  həyata keçirilən islahatların səmərəsini gündəlik həyatımızda hiss edirik. Yaranmış qlobal problemlərin tədricən  həll olunması, müxtəlif  marşrutlar   üzrə işləyən avtobusların sayının artırılması,  köhnə nəqliyyat vasitələrinin yeniləri ilə əvəz edilməsi, marşrutların hərəkət istiqamətlərinin uzadılması ilə  bu sahədəki giley-güzarların da sayı azalıb. Bakı Nəqliyyat Agentliyinin fəaliyyətə başlaması ilə   bu sahəyə nəzarət gücləndirilmiş,  yaranan çətinliklərin aradan qaldırılması ilə  əhaliyə göstərilən nəqliyyat xidmətinin səviyyəsi yüksəldilmişdir.

Təbii ki,  hər sahədə olduğu kimi  nəqliyyatın intensiv hərəkətinin tənzimlənməsində boşluq yaradan obyektiv və subyektiv səbəblər  yox deyildir.  İnsanları narahat edən çatışmazlıqların qısa müddətdə aradan qaldırılması ilə bu kimi hallara da ciddi yanaşılır. Çox təəssüf ki,  dövlətin daim diqqət göstərdiyi,  paytaxt sakinlərinin, dünyanın müxtəlif ölkələrindən ölkəmizə gələn  qonaqların rahatlığının təminatı üçün görülən işlərə  kölgə salan məqamlar da vardır.

… Paytaxtımızın ən çox əhali yaşayan, yüzlərlə  marşrut avtobuslarının hərəkətdə olduğu Yasamal rayonu ərazisində yerləşən  Bakı Metropoliteninin 20 Yanvar  stansiyasının ərazisində yerləşən və  insanların «Velotrek» kimi tanıdığı ərazidə yaranan neqativ hallar narahatlıq doğurur. Bu da  Bakının müxtəlif istiqamətlərinə getmək üçün avtobus gözləyən  sərnişinləri incidir. Bu narazılığa səbəb də  həmin ərazidə  marşrut avtobuslarının hərəkətinə nəzarət edən  sözdə nəzarətçilərin öz işlərinə qeyri- ciddi yanaşmalarıdır. Başqa sözlə deyilsə, həmin nəzarətçilərin fəaliyyətinə ciddi nəzarət lazımdır.  Səhər və axşam saatlarında,  insanların çoxluq təşkil etdiyi müddətdə burada müşahidə olunan qarışıqlıq piyadaların hərəkəti üçün ciddi maneələr törədir.

20 Yanvar metrostansiyasının pillələrindən qalxmamış respublikanın müxtəlif rayonlarına sərnişin aparan sürücülərin qulaq batıran «İmişli, Salyan, Sabirabad, Masallı, Cəlilabad…» çağırışlarını eşidirsən. Bir balaca irəliləyən kimi  Sumqayıta gedən  avtobusları gözləyən sərnişinlərin, müştəri yığan taksilərin  yaratdığı  qələbəlik  piyadalar  üçün çətinlik yaradır. Bir balaca irəliləyib avtobus dayanacağına çatanda isə başqa mənzərənin şahidi olursan.  Biri-birinin ardınca gələn avtobus sürücüləri  taksilərin yaratdığı  basırıq  üzündən dayanmağa yer tapmırlar. Gözlədiyi avtobusa minməyə tələsən sərnişinlərin  qaça-qaçı, basabası o məqamda başlayır. Ən acınacaqlısı da odur ki,  sərnişinləri belə nəzərə almayan, «Koroğlu»,  «Piramida», «Xalqlar» deyə çağıraraq bir manata müştəri  axtaran taksi sürücüləri nə avtobuslara yol verir, nə də  gözlədiyi nəqliyyat vasitəsinə minmək üçün tələsən sərnişinlərə. Çox vaxt yaranan bu cür problem   səbəbindən istədiyi  avtobusa minməyə macal tapmayanlar əlavə vaxt sərf edib növbəti nəqliyyat vasitəsini gözləməyə məcbur olurlar.  Günəşin istisindən daldalanmağa  yer, üstəlik avtobusa minməyə macal tapmayan, üzərlərinə  sürülən taksilərdən qaçmağa məcbur qalan sərnişinlərin keçirdikləri əsəbi təsəvvür etmək çətindir.

Soruşa bilərsiniz ki, avtobus dayanacaqlarında bütün günü nəqliyatı tənzimləyən  nəzarətçilər olur. Əsl mərəkəni  yaradanlar həmin nəzarətçilərdir. Marşrut avtobuslarının hərəkətlərini diqqətdə saxlamaqdan çox  dayanacaqda  qeyri-qanuni parklayan taksilərə,  kiçik həcmli avtobuslara sərnişin toplamaqla məşğul olan «nəzarətçilərin» özlərinə nəzarət lazımdır.  Bu canfəşanlığın səbəbini öyrənmək isə aid təşkilatın üzərinə düşür.  Onu da qeyd edim ki, təsadüfən yol polisi əməkdaşları, BNA-nın əlavə  nəzarətçiləri  ərazidə olanda  nisbətən normal şərait  yaranır.

Müşahidə  etdiyim  bu vəziyyəti  bir həmkar kimi BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin diqqətinə çatdırmaq istədim. Bir neçə zəngdən sonra telefona cavab verən mətbuat xidmətinin rəhbəri hazırda işi olduğunu, sonra özünün zəng edəcəyini bildirərək telefonunu söndürdü. Qarşı tərəfdən cavab gəlmədiyini gördüyüm üçün məcbur qalıb sözlərimi qəzetimiz vasitəsilə  çatdırmağı məsləhət  bildim. Deyilənlərin şahidi olmaq,  yaranan mənzərəni kənardan  izləmək və  məsələyə münasibətlərini əməli işləri ilə bildirmək isə aid təşkilatın rəsmilərinin üzərinə düşür.

Daha çox xəbərlər