Uzunmüddətli sülhün təmin edilməsi günümüzün əsas çağırışlarındandır
Ermənistanın Ağdam rayonunun ardınca Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycana təqdim etməsi özündə belə bir çağırışı ehtiva edir ki, işğalçı dövlət düşdüyü ağır vəziyyətdən ortaq gələcəyi birgə formalaşdırmaq fürsətindən istifadə etməklə xilas ola bilər
Hazırda regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi günümüzün əsas çağırışlarındandır. Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Daim çıxışlarında Azərbaycanın yeni reallıqlar yaratdığını bildirən Prezident İlham Əliyev vurğulayır ki, bu reallıqla Ermənistan və eyni zamanda, bütün başqa ölkələr barışmalıdırlar, hesablaşmalıdırlar. Ermənistanın qarşısında indi bir neçə seçim var və onların arasında ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Əks təqdirdə onlar üçün daha da böyük problemlər yarana bilər. Dövlətimizin başçısı İlham Əliyev «Ermənistan dövlətində böhran hökm sürür. Ermənistan özünü regionda həyata keçirilən bütün layihələrdən məhrum edib. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edib. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan sonra regionda yeni reallıq yaranıb» söyləyərək bu məqamı xüsusi qeyd edir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkələrindən biri kimi həmin bəyanat çərçivəsində region ölkələrinin əməkdaşlığı üçün bir çox mühüm təklif və təşəbbüslər irəli sürüb. Bunlara nəqliyyat və kommunikasiyaların açılması, digər əməkdaşlıq imkanları daxildir: «Biz qonşular kimi yanaşı yaşamalıyıq. Əlbəttə, bu, asan olmayacaq. Bu gün siyasətçilərin rolu sülh və sabitliyin yalnız əməkdaşlıq və təmaslar vasitəsilə mümkün olduğunu insanlara izah etmək olmalıdır» Bu mesajlar 15 iyun-Milli Qurtuluş Günündə Şuşadan da səsləndirildi ki, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulamışdır ki, atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb: «Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.» O da bildirilmişdir ki, Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutması, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsi əsasdır. Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın təmsil olunacağı altılı platforma istəyir ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun.
Bunun üçün bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəs nifrət və təhrik siyasətindən əl çəkməli, sülh və əməkdaşlığa öz töhfəsini verməlidir. Tarixi Zəfərimizdən sonra yeni mərhələyə-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilib. Bu işlərin sürəti hər zaman qeyd edildiyi kimi, ərazilərimizin minalardan təmizlənməsindən asılıdır. Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından 7 ay keçsə də məğlub Ermənistan beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozaraq minalanmış sahələrin xəritələrini Azərbaycana vermək istəmirdi. Azərbaycan dövləti 10 noyabr Bəyanatının imzalanmasından dərhal sonra mütəmadi olaraq bununla bağlı sərt mövqeyini ortaya qoyaraq beynəlxalq birliyə çağırış edir, Ermənistandan bu xəritələrin alınmasını bir tələb kimi irəli sürür. Ermənistan hakimiyyətinin onlarda mina xəritələrinin olmaması ilə bağlı iddialarının əsassız olduğu açıqlandı. Belə ki, Ermənistan iyunun 12-də Ağdam, iyulun 3-də isə Füzuli və Zəngilan rayonlarının mina xəritələrini Azərbaycan tərəfinə təqdim etməsi artıq təcavüzkar dövlətin 44 günlük İkinci Qarabağ müharibəsinin yaratdığı yeni reallıqlarla barışmasının təsdiqidir. Bu, eyni zamanda, Azərbaycan diplomatiyasının uğurudur. Vətən müharibəsində tarixi qələbəsi ilə ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan edən Azərbaycan zaman-zaman qarşıya qodyuğu bütün hədəflərə nail olur. Mina xəritələrinin Azərbaycana qaytarılması insan itkisinin qarşısını alınması, Böyük Qayıdış proqramının icrasının sürətlənməsi deməkdir. Mina xəritələrinin Azərbaycan verilməsi, eyni zamanda, böyük maliyyə itkisinin qarşısının alınmasıdır. Azərbaycan bütün hallarda dünyaya sübut edir ki, həqiqətlərə real gözlə baxdıqda davamlı inkişafın əsası olan sülhün, təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr vermək mümkündür. Eyni zamanda, beynəlxalq münasibətlərdə güc amilinin də rolunu nəzərə alsaq, Azərbaycanın bütün sahələrdə davamıl inkişafı, təcrübəsinin nümunəviliyi göz önündədir. Dünyaya səs salan Şuşa Bəyannaməsi də postmüharibə dövrünün reallıqlarını özündə ehtiva etmçklə yanaşı, regional əməkdaşlığın coğrafiyasının genişləndirilməsi fonunda sülhə, təhlükəsizliyə dəstəyə geniş yol açacaq.

