Ermənistana xatırlatma: Yalan ayaq tutar, amma…
“Minalanmış ərazilərin xəritəsi biz də yoxdur“ yalanı öz ifşa tarixini yaşayır
Vətən müharibəsində yerin üstündəki erməni işğalçıları təmizlədiyimiz kimi, indi də onların yerin altındakı qalıqlarını məhv edəcəyik
Yazıma ataların çox gözəl bir deyimi ilə başlamaq istərdim: “Yalan ayaq tutar, amma yeriməz”. Bəli, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsinin, “dəmir yumruğu”nun zərbəsindən kaputilyasa aktına qol çəkən, təslim olan Ermənistan məğlubiyyətdən doğan qəzəblə gah sərsəm bəyanatlar, gah revanşist iddialar, gah da yalan məlumatlarla zaman qazanmağa, gözdən pərdə asmağa çalışır. Yəni, məğlub Ermənistan açıq-aşkar bildirir ki, Azərbaycanın tarixi Zəfərini qəbul edə bilmir və bir yolla şanlı Qələbəmizin üzərinə öz qaragüruhçu, məkrli, vandal, təcavüzkar xislətli kölgələrini salmağa çalışacaq. Elə mövzumuz da Azərbaycanın diplomatik uğuru sayəsində erməni yalanın növbəti ifşası və beynəlxalq aləmə də aşkar olan ermənistanın əsl siması(zlığı)ndan bəhs edəcəyik.
Əvvəla ondan başlayaq ki, 8 aydır ki, müharibənin bitməsinə baxmayaraq, Ermənistan hələ də işğal etdikləri ərazilərimizdəki minalanmış ərazilərin xəritəsinin verməkdən arsızcasına boyun qaçırır, minbir bəhanə və yalan uyduraraq beynəlxalq təşkilatların gözünü boyararaq, meydandan qaçırdılar. Nəhayət ki, Azərbaycan dövlətinin və dövlət başçımızın tolerantlığı, humanizmi və apardığı uzaqgörən siyasəti nəticəsində Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
Bunun ardınca isə iyulun 3-də Ermənistan işğal dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələri Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib.
Bununla da, uzun zamandır Ermənistanın özlərinə məxsus həyasızlıqla sürdükləri “minalanmış ərazilərin xəritəsi biz də yoxdur“ yalanı öz ifşa tarixini yaşayır. Necə deyərlər, yalan ayaq tutar, amma yeriməz…
Beynəlxalq qurumlar Azərbaycana borcludur!
Sözügedən məsələ ilə bağlı hərbi ekspertlərin şərhləri də bir çox məqamlara aydınlıq gətirdi. Belə ki, ehtiyatda olan polkovnik Şair Ramaldanov “İki sahil”ə açıqlamasında bildirdi ki, dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanın haqq işi uğrunda mübarizəsində qazandığı tarixi Qələbənin nəticəsi olaraq dünyada daha artan nüfuzu beynəlxalq qurumların mina xəritələrinin verilməsi ilə bağlı ermənilərə göstərdiyi təzyiqi artırdı: “Ona görə ki, Konvensiyanın tələblərinə uyğun olaraq hər iki tərəf müharibədən sonra mina sahələrinin nəinki xəritələrinin verməlidir, hətta tərəflər özləri yerləşdirdiyi minaları təmizləməli və o əraziləri təhvil verilməlidirlər. Ermənilərin vandalizm aktının nəticəsi olaraq Azərbaycan işğal olunmuş ərazilərinin vəziyyəti beynəlxalq qurumların bu məsələyə diqqətsizliyinin nəticəsidir. İndi ola bilsin ki, beynəlxalq qurumlar ayılırlar və görürlər ki, doğurdan erməni vəhşiliyi hansı dərəcədədir. Ümumiyyətlə, mən deyərdim ki, beynəlxalq qurumların Azərbyacan qarşısında həddindən çox borcu var. Çünki 30 ilin işğalı məhz onların ikili standartları nəticəsində baş verib.”

Vətən müharibəsində yerin üstündəki erməni işğalçıları təmizlədiyimiz kimi, indi də onların yerin altındakı qalıqlarını məhv edəcəyik
Hərbi ekspert qeyd etdi ki, Azərbaycan isə bütün bunların qarşısında humanitar sahədə sivil dövlət olmasını bir daha sübut etdi. Belə ki, dövlətimiz əsirlərin verilməsi ilə bağlı məsələdə hətta müharibədən sonra saxlanılan şəxslərin hansılarınınki cinayəti sübut olunmayıb onların qaytarılması, bununla yanaşı, qonşuluq addımı ataraq Ermənistana sərhədləri sivil şəkildə qurmağı təklif edərək və ümumiyyətlə qonşuluq siyasəti apararaq Ermənistana qonşuluq jesti nümayiş etdirdi: “Ancaq bütün bunlara baxmayaraq Ermənistan hələ də revanşist ideyalarla yaşayır. Həmin revanşist ideyalar və düşmənçilik mövqeyi məhz onlara bu addımı atmağa mina sahələrinin xəritələrini verməyə belə mane olur. O cəmiyyət türklərə qarşı o qədər zəhərlənib ki, minalanmış ərazilərin xəritələrinin verilməsini böyük bir nailiyyət kimi özlərinə sayırlar. Halbuki, Ermənistan xəritələri təqdim etsə də, etməsə də, Azərbaycan 44 günlük Vətən müharibəsində öz ərazilərini yerin üstündə gəzən işğalçılardan təmizlədiyi kimi, indi də onların yerin altında qalan qalıqlarını da məhv edəcək. Orada firavan həyat yaşamaq üçün infrastruktur yaradacaq.”
Ermənilər dəfələrlə sübut edib ki, onlara heç bir halda inanmaq olmaz
Ş.Ramaldanov əlavə etdi ki, bəzi ərazilərimizin minalanmış hissəsini xəritələrin verməklə Ermənistan dünyanın gözünü boyamağa çalışır. Çünki ermənilər dəfələrlə sübut edib ki, onlara heç bir halda inanmaq olmaz və əlbəttə, bu inamsızlıq elə belə məna daşımır: “Bu günə qədər hələ də sual işarəsi altındadır ki, mina sahələrinin xəritələri istifadəyə nə qədər yararlıdır. Hətta ilk dəfə təqdim olunan Ağdam rayonunun minalanmış ərazilərinin xəritələrinin ətrafında çoxlu söz-söhbət gəzir. Hətta indiyə kimi də konkret məlumat yoxdur ki, orada minaların yerləşməsi nə dərəcədə dəqiq göstərilib və qeyd olunub. Ermənilərin ilk gündən “iddia” etməsi ki, mina xəritələri yoxdur bu sadəcə cəfəngiyatdır. Çünki minaların müəyyən sənədlər əsasında sifarişi alınır.Sonra isə o minaların sahələrə yerləşdirməsi ilə bağlı xəritələr və müvafiq sənədlər işlənir. Minaların konkret yerləşdirilməsi sayı və ərazidə ölçüləri göstərilir. Həmin sənədlər qeydiyyat üçün hərbi hissəyə təqdim olunur. O sənədlər məxfidir, itə bilməz, hansısa müddətdən sonra yandırıla, məhv edilə bilməz Ona görə də əlbəttə minalar varsa, deməli, mina sahələrin yerləşdirmə xəritələri vardır. Və o xəritələri əlbəttə mütəxəssislər hazırlayır. Xəritələrin yoxluğu bağlı deyilənlər isə sadəcə yalandır. Bu yalanı sübut edərək də, Azərbaycan tərəfi məhz beynəlxalq qurumların məsələ ilə bağlı təzyiqini Ermənistana təzyiqin artmasına nail oldular.”
Minalanmış ərazilərin dəqiq xəritəsinin bizdə olması imkan verəcək ki…
Müsahibimiz vurğuladı ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələrini dəqiq sənədlər kimi qəbul etsək, əlbəttə bütün bunlar minaların təmizlənməsinin prosesini sürətləndirəcək. Çünki hazırda səlahiyyətli qurum nümayəndələri işğaldan azad olunmuş əraziləri qarış-qarış yoxlamalı olurlar. Xəritələr bizdə olduqdan sonra isə imkan yaranacaq ki, mina yerləşdirilməmiş ərazilərdə görüləcək bərpa və yenidənqurma tədbirlər tezləşdirilsin. Bütün bunlar qısa zamanda azad olunmuş ərazilərdə infrastrukturun bərpasına zəmin yaradacaq. Digər tərəfdən də hər mina insan həyatı üçün təhlükədir. Bu baxımdan minalanmış ərazilərin dəqiq xəritələrinin bizdə olması həm də həmin ərazilərdə minalar səbəbindən həyatı itirmək təhlükəsi olan hərbi və mülki əhalinin xilası olacaq.
İşğaldan azad olmuş ərazilərimiz qərəzli beynəlxalq dairələr üçün dərsdir
Azərbaycan bu istiqamətdə öz səylərini getdikcə daha da konkretləşdirir və bütün diplomatik imkanlardan istifadə edərək Ermənistana konvensiyanın tələblərini yerinə yetirmək məcbur etmək üçün addımlar atıb , atır və bundan sonra da atacaqlar: “Çünki Azərbaycanın işi haqq işidir. Ona görə ki, Azərbaycan öz torpaqlarını düşməndən azad edir, mülki insanların təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz minaları təmizləyir, vandal vəhşiliyi nəticəsində dağıldılmış şəhərləri, kəndləri infrastrukturu bərpa edir, azad olunmuş yurdumuza illər sonra insan nəfəsini qaytarır. Bir daha dünyaya göstərir ki, əgər beynəlxalq qurumlar öz qanunlarını yerinə yetirmirsə bununla yanaşı, Erməni kimi dövlətə imkan yaradırsa həmin qanunlar kobudcasına pozulsun, məhz bu vəziyyətə gətirib çıxarda bilər. Ona görə də düşünürəm ki Azərbaycanın işğaldan azad edilmiş əraziləri bütün beynəlxalq qurumlara həm nümunədir, həm dərsdir, həm də Azərbaycan xalqının nəyə qadir olmasını və öz torpaqlarına gec tez yiyə dura biləcək xalq olmasının göstəricisidir.”
Bütün bunlar göstərir ki, ermənilər həmin ərazilərdə müvəqqəti qaldıqlarını bilirmişlər
Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli isə söylədi ki, Sovet dövründə Ermənistanda mina zavodu olub. Bu mina zavodu da sonradan Ermənistana qalıb. Qarşı tərəf burada saysız-hesabsız minalar istehsal edib Qarabağ ərazisində basdırıblar. Təsəvvür edin ki, Ağdam rayonunda 97 min ədəd, Füzuli, Zəngilanda 92 min ədəd mina basdırılıb. Kimə qarşıdır bu cinayət? Təbii ki, mülki əhaliyə qarşı. Bütün bunlar onun göstəricisidir ki, ermənilər həmin ərazilərdə müvəqqəti qaldıqlarını bilirmişlər. Ona görə də minaları yerləşdirməklə mülki əhalinin öz yurduna qayıtmamasını, qayıdanda da minalara düşməsinə səbəb olsun. Və üstəgəl həmin əraziləri minalardan da təmizləmə xeyli zaman aparsın.

İndi Ermənistanın bir yolu var: Azərbaycanın tələblərini yerinə yetirmək
Hərbi ekspert əlavə etdi ki, Ermənilər deyəndə ki, minalanmış ərazilərin xəritəsi yoxdur. Mən daxil bütün hərbi ekspertlər bəyan etdi ki, bu böhtan və yalandır: “Ona görə ki, digər sahələrdə qeyri-peşəkarlar fəaliyyət göstərə bilər. Amma mina ilə birbaşa mütəxəssislər işləyə bilərlər. Minanı anbarından ancaq xüsusi hərbi hissə komandiri icazəsi ilə götürmək olar. Götürüldükdən sonra akt tərtib edilir, daha sonra peşəkarlar tərəfindən basdırılır və xəritəsi tətbiq edilir. Xəritə olmazsa, qarşı tərəfin öz hərbiçiləri minaya düşə bilərlər. Akt və xəritə üç nüsxədən ibarət təqdim olunur. Bir qismi hərbi hissənin qərargahında qalır, ikinci hissə korpusun, birləşmənin qərargahında qalır, üçüncü hissə Müdafiə Nazirliyinin Baş Qərargahında saxlanır. Bu xəritələr var idi və Ermənistan məcbur oldu bu xəritələri təqdim etməyə. Necə ki, torpaqlarımızı BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə yox, beynəlxalq hüquqa hörmət və riayət etməklə yox, Ali Baş Komandanın tələbi ilə Azərbaycan Ordusunun “dəmir yumruğ”u başlarına dəyəndən sonra torpaqlarımızdan çıxıb getdilər. Eyni zamanda da, Azərbaycanın da dəmir yumruğunda qorxaraq da minalanmış ərazilərin xəritələrini təqdim etdilər. Başqa yolları da yox idi. İndi Ermənistanın bir yolu var: Azərbaycanın tələblərini yerinə yetirmək. Bu tələblər də beynəlxalq hüquqa əsaslanır.”
Beynəlxalq hüquq hara baxır? Niyə ATƏT, BMT Ermənistana sanksiya tətbiq etmirlər?
E.Həsənli qeyd etdi ki, Ermənistan bütün fəaliyyətini yalanlar və əfsanələr üzərində qurub. Fəaliyyəti reallığı əks etdirmədiyi kimi, onların Qarabağ münaqişəsi başlayandan, bitənə kimi verdikləri açıqlamalar da həqiqətdən uzaq olub: “Bütün bunlar bir daha onu göstərdi ki, Ermənistan nə qədər yalan və böhtan danışır. Əgər o torpaqlar “sənin” idisə, bəs niyə boşaldırdın? Deyirdiniz ki, minalı ərazilərin xəritəsi sizdə yoxdur, bəs ortaya çıxan xəritə nədir? Bu xəritləri niyə verdin? Beynəlxalq hüquq hara baxır? Niyə ATƏT, BMT Ermənistana sanksiya tətbiq etmirlər ki, 97 min minanı Ağdam ərazisində hansı səbəb və haqla basdırmısan, işğal törətmisən, Azərbaycana bu qədər ziyan vurmusan, şəhərləri, qəbiristanlığı, məscidləri dağıtmısan?”.
Xəritələrin verilməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
Sonda həmsöhbətimiz fikirlərini bu cür yekunlaşdırdı: “Dövlətimiz hərbi masada qalib gəldiyi kimi, diplomatiya masasında da qalib gəldi. Bundan sonra da ərazilərimizin minalardan təmizlənməsi prosesi daha rahat və sürətli həyata keçiriləcək. Qısa zamanda bütünlükdə Qarabağ cənnət məkana çevriləcək bütünlükdə dünyanın ən gözəl diyarından birinə çevriləcək. Qürurluyuq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı çox möhtəşəm 3 əsrin ən böyük uğurlarına imza atıb. Əminik ki, bu uğurların davamı gələcəkdir.”

