Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini göstərdi – QURUM RƏHBƏRİ MÜNASİBƏT BİLDİRDİ
“Bu gün Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bir il ötür. 2020-ci ilin iyulun 12-dən günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Düşmən daha sonra mövqelərimizi iriçaplı silahlardan və ağır artilleriyadan atəşə tutmaqda davam edib. Bu zaman Azərbaycan ordusu düşmənə lazımı cavabı verməklə yerinə oturdub”. Bunu SİA-ya açıqlamasında “Big MEDİA” MMC-nin direktoru Emil Əkbərov Azərbaycan tarixinin şanlı səhifələrindən hesab olunan Tovuz döyüşləri ilə bağlı fikir bildirərkən deyib.
Onun sözlərinə görə, Tovuz döyüşləri Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayan bir faktor olub: “Aprel döyüşlərində bünövrəsi qoyulan, Tovuz döyüşləri ilə pik həddə çatan ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə sentyabrın 27-də başlan 44 gün davam edən Vətən müharibəsi zamanı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan ordusunun şanlı qələbəsi ilə nəticələnib. Əslində, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrətini, hərbçilərimizdə yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu göstərdi. Tovuz döyüşləri Azərbaycan xalqının torpaqlarımızın bütövlüyünü qorumaq əzmində olduğunu və Ermənistanın istənilən provakasiyasına cavab vermək gücünün mövcudluğunu göstərib. Tovuz döyüşlərində ermənilərin cavabı çox ağır formada verilib. Həmçinin Tovuz döyüşləri zamanı on minlərlə Azərbaycan gəncin paytaxtda və regionlarda küçəyə çıxaraq Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirməsi bir daha göstərdi ki, ordu ilə xalq birdir və Ali Baş Komandanın apardığı siyasət cəmiyyət tərəfindən dəstəklənir. Əslində, diqqət etsək görərik ki, Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətindəki həmləsi yalnız təxribat deyil, həm də məqsədli şəkildə həyata keçirilən növbəti hərbi təcavüzkarlıq idi. Döyüşlər gedən zaman mərd və qorxmaz xalqımızın bu cəsarəti məni qürurlandırıb. Kəndin erməni əsgərləri tərəfindən atəşə tutulmasına rəğmən sakinlərin əhval-ruhiyyəsi yüksək idi və həyatları təhlükədə olsa yenə öz doğma yurd-yuvalarına qoyub qaçmadılar. Başda Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhid olan hərbi qulluqçularımız son damla qanlarına qəhrəmancasına vuruşaraq Ermənistan ordusu tərəfindən bir qarış torpağımızın yenidən işğal olunmasına icazə vermədilər. Allah şəhidlərimizə rəhmət eləsin. Hesab edirəm ki, Tovuz döyüşləri Azərbaycan tarixinin şanlı qəhrəmanlıq səhifəsi olaraq xalqımızın yaddaşına həkk olunub”.


