Tovuzdan Şuşayadək şəhid qanı ilə qazanılan Qələbə
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılan Tovuz döyüşlərindən bir il ötür
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərdi, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirilmiş və o, itki verərək geri çəkilməyə məcbur edildi. Həmin döyüşlərdə təcavüzkar Ermənistanın xaincəsinə hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbə endirildi, çoxlu sayda hərbi texnikası məhv edildi, canlı qüvvəsi gəbərdildi. Ermənistan ordusunun artilleriya atəşi nəticəsində Tovuzun bir neçə kəndində əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan dəydi. Düşmənin yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması nəticəsində bir nəfər mülki vətəndaşımız həlak oldu. İyulun 16-dək davam edən döyüşlərdə böyük şücaət göstərən 12 hərbçimiz şəhidlik zirvəsinə yüksəldi. Tovuz döyüşlərində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhid olması onu bir daha göstərdi ki, bizim yüksək rütbəli zabitlərimiz əsgərin arxasında gizlənmir, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu Aprel zəfərindən sonra Tovuz döyüşlərində də tarixi qələbəyə imza atdı.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi.
Tovuz döyüşləri zamanı böyük insan izdihamı ilə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib. İyulun 14-də Bakıda Silahlı Qüvvələrə və Ali Baş Komandana çoxminlik dəstək yürüşü baş tutdu. Yürüşdə xalq Azərbaycan Ordusunun və Ali Baş Komandanının yanında olduğunu, onu dəstəklədiyini yüksək səviyyədə bəyan etdi. Ölkə başçısının çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları şöbələrinə müraciət edərək könüllü olaraq döyüşlərdə iştirak etmək arzularını bildirdilər. Beləliklə, qələbə ilə yekunlaşan Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açmış oldu. Avqust ayında isə Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində müəyyən edilərək saxlanıldı. 2020-ci ilin sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu tərəfindən düşmənin növbəti təxribatlarına qarşı əks-hücum əməliyyatlarına başlanıldı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 ilə yaxın işğal altında olan ərazilərinin böyük əksəriyyətini azad etdi.
Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti millətimiz qətiyyətlə müdafiə edir. Əli silah tutan vətənpərvər insanlar bu gün özünü Vətənin sadiq əsgəri hesab edir və düşmənin Vətənimizə qarşı uzanan təkcə qanlı əllərini deyil, qollarını da kökündən kəsib atmağa hazırdır.

