Gündəm 

Türkiyə-Azərbaycan qardaşlığının sınanmış formulu: Bir millət, iki dövlət

Beş il bundan əvvəl  Türkiyədə baş verən dövlət çevrilişinə  cəhdin qarşısını birlik və həmrəyliyi ilə alan türk  xalqı həmin günlərdə bu formulun gücünü, qüdrətini, sarsılmazlığını da hiss etdi

2016-cı il, 15-16 iyul.  Bu tarixdə Türkiyə Silahlı Qüvvələrinin tərkibində özünü  «Yurtda Sülh Konseyi» adlandıran bir qrup hərbçi dövlət çevrilişinə cəhd etdi. Fetoçu xainlərin əvvəlcədən hazırladıqları plana əsasən, İstanbulda Boğaziçi və Fatih Sultan Mehmet körpüsü  xalqına və dövlət  tərəfindən verilən  rütbələrinə xəyanət edən  hərbi mundirli satqınlar  tərəfindən nəzarətə götürüldü. Ankarada Prezident sarayı kompleksinin,  Türkiyə Böyük Millət Məclisinin, Nazirlər Kabinetinin, Milli İstihbarat Təşkilatı və  digər inzibati binaların qiyamçılar tərəfindən atəşə tutulması nəticəsində dövlətə xeyli maddi ziyan dəydi,  insanlar mənəvi sarsıntılarla üzləşdilər.   Silahlı müdaxilə ilə  davam edən qiyam zamanı  bir neçə televiziya kanalları,  dövlət orqanlarının yerləşdiyi inzibati binalar dağıdıldı.  Hadisə baş verən zaman  Muğlada olan,  «Türkiyə bu cür qiyamlarla  ucuz satılacaq ölkə deyil» sözləri ilə xalqa müraciət edən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın xalqı qiyama qarşı birgə mübarizəyə çağırışı ilə milyonlarla Vətən fədaisi birlik nümayiş etdirdi,  meydanlara toplaşan  insanların iqtidara olan inamı, sədaqəti, etimadı,  həmrəyliyi ilə xəyanətin qarşısı  alındı.  Ölkənin bütün bölgələrində, ən iri şəhərlərində  xainlərə qarşı etiraz   aksiyaları keçirildi. İyulun 16-sı səhər saatlarında artıq hərbi çevrilişə cəhdin qarşısı alındı və  xəyanətkar dəstənin üzvləri təslim oldular. Dahi öndər Mustafa Kamal Atatürkün «Türk əsarət qəbul etməyən bir millətdir. Türk milləti əsir olmamışdır» sözlərini dövlətə inamı ilə bildirən xalq ən qüdrətli silahdan da güclü birliyi ilə xəyanətkarlara tarixi dərs verdi.

Türkiyə tarixinə «Çevrilişə cəhd” günü» kimi yazılan həmin  hadisələr zamanı   hərbçilər də daxil olmaqla xeyli  insan həlak oldu, yaralandı. Çevriliş cəhdində iştirak edən hərbçilər həbs edildi.  O gündən  5 il keçsə də Türkiyə xalqı  ən çətin məqamda  dövlətçiliyini, müstəqilliyini canı bahasına qoruyan şəhidlərini unutmur. Çevrilişə cəhd zamanı şəhid olanların adları əbədiləşdirilib. İstanbulda onların fotolarından ibarət xatirə lövhəsi təşkil olunub,  abidə ucaldılıb.  Artıq beş ildir ki,  türk xalqı  15 iyul hadisəsini yenilməzlik rəmzi kimi qeyd edir.

Yaxın tarixə nəzər salanda, ötən illərdə  Türkiyədə  baş verənləri xatırlayanda bir məqam diqqəti cəlb edir. Dünyada , regionda  iqtisadi qüdrəti artan,  beynəlxalq aləmdə güc mərkəzi kimi  sözünü qətiyyətlə söyləyən Türkiyənin güclənən  mövqeyindən    ehtiyatlanan xarici və daxili  qüvvələrin,  «Gezipark»da, Taksim meydanında keçirilən aksiyaları  «ictimayyətin etirazı» kimi qələmə verənlərin, İstanbulun Atatürk  Hava Limanında  kütləvi insan  qırğını ilə nəticələnən terroru tördənlərin  növbəti cəhdi də baş tutmadı. Hərbi qiyam bir daha göstərdi ki, regionda  nüfuzu artan, siyasi sabitliyin  qorunmasına çalışan  Türkiyənin qüdrətindən təşvişə düşənlər ən çirkin vasitələrə  əl atsalar belə  xalqın gücü qarşısında üzləşdikləri  məğlubiyyətləri ilə barışmalıdırlar. Həmin günlərdə baş verən   hərbi çevriliş cəhdini  pisləyən,   hər zaman qardaş  Türkiyənin yanında olduğunu  həmkarı  Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubunda bildirən dövlət başçımız İlham Əliyev hadisələri böyük narahatlıqla izlədiyini bəyan etməklə, qiyamın qarşısının alınmasında  şəhid olanların ailələrinə başsağlığı vermişdir: « Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına,  demokratiyasına  qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir. Əminəm ki, Türkiyə xalqı və hakimiyyətinin birliyini nümayiş etdirərək çevriliş cəhdinin qarşısının alınması istiqamətində  həyata keçirdiyiniz qəti tədbirlər nəticəsində  qardaş ölkədə  vəziyyət qısa zamanda sabitləşəcək və əvvəlki qaydasına düşəcəkdir.»

Əslində 15 iyul hadisələri  Cənubi  Qafqazda  Sabitlik və Əməkdaşlıq Platformasının tərəfdarı olan Türkiyənin  sülhyaratma missiyasına əngəl törətmək naminə planlaşdırılan xəyanət idi. Pensilvaniyada  məskunlaşmaqla hadisələri idarə edən Fətullah Gülənin «camaatı»  Türkiyənin  qüdrətli dövlətlərlə, xüsusən də ABŞ-la münasibətlərinə,  dünyanın enerji bazarında möhkəmlənən mövqeyinə və roluna  qısqanclıqlarını qiyamla  bildirdilər. Lakin eyni mərkəzdən idarə olunan daxili və xarici qüvvələr, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə  güclənən nüfuzuna  həsəd aparanlar türk xalqının gücü qarşısında  məğlub oldular.

Bu reallığı «Türkiyə bu gün dünya miqyasında böyük bir gücdür. Türkiyə dünya gündəliyinin bir çox məsələlərində həlledici sözə malikdir. Bütün bu uğurlar mənim qardaşım Prezident Ərdoğanın liderliyi ilə əldə edilibdir. Bu gün Türkiyə uğurla, sürətlə inkişaf edir. Türkiyə Prezident Ərdoğanın liderliyi ilə çox böyük və şərəfli yol keçmişdir…Türkiyə gücləndikcə biz də güclənirik, biz də sevinirik» sözləri ilə ifadə edən dövlət başçımız İlham Əliyev qətiyyətlə bildirir ki,  Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadırlar.
Bu səmimi qardaşlıq münasibətini  15 iyul hadisələri ilə bağlı  keçirdiyi görüşdə, mitinqlərdə  kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məğbul hesab etməyən   Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə  qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir : « Azərbaycan bizim ailəmizin üzvüdür.»  Hər iki xalq arasındakı  dostluğun sarsılmazlığını «Türkiyə ilə Azərbaycan tək ürəkdir» sözləri ilə  ifadə edən Türkiyə Prezidentinin  səmimiyyətinə Azərbaycan xalqı qardaş ölkə ilə həmrəyliyini bu sözlərlə ifadə edir: « Biz birlikdə güclüyük», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir.»

Soy kökü, tarixi, milli adət –ənənələri oxşar olan hər iki xalqın siyasi-iqtisadi, enerji, nəqliyyat sahələrində möhkəmlənən əlaqələri,
analoqu olmayan həmrəyliyi  dünyada  yaranan qlobal hadisələrin fövqündə  daha  ecazkar görünür. Tarixi dönəmlərdə baş verən sınaqlarda  düşmənə qarşı birgə mübarizə aparan hər iki xalqın ərənləri üçün Canaqqala savaşı  nə  qədər müqəddəsdirsə    Azərbaycanın müstəqilliyi yolunda, Xocalı soyqırımında,  Birinci  və  İkinci Qarabağ müharibələrində şəhid olan soydaşlarımızın xatirələri də türk xalqı üçün eyni dərəcədə əzizdir.  Hər iki dövlətin ortaq maraqlarının eyni mövqedə kəsişməsinin bəhrəsi adlandırılan Bakı-Tbilisi- Ceyhan, Bakı-Tbilisi- Ərzurum neft- qaz kəmərlərinin davamçıları olan  TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi- Qars dəmir yolu  tarixi dostluğu  iqtisadi əlaqələrlə daha da  gücləndirir, bölgədə gedən proseslərə müsbət təsir göstərir.    «Dünyada  güc mərkəzinə çevrilən  Türkiyə nə qədər qüdrətli  olsa, Azərbaycan da bir o qədər özünü rahat hiss edəcəkdir» deyimi həyatda  öz əksini tapıb. Bu baxımdan xəyanətkar planların « müəllifləri» unudurdular ki,  Türkiyə  və Azərbaycanda təxribatlar törətməklə  iki qardaşın birliyinə xələl gətirməyə çalışsalar da  buna nail ola bilməyəcəklər. «Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər» söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki birlik və həmrəyliyimiz təsdiqlədi.  Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın yenilməzlik rəmzi olan üçrəngli və  ay -ulduzlu qırmızı bayraqların qüdrəti,  insanların qəlbində alınmaz  qala kim möhkəml olan birlik və həmrəyliyin gücü ilə alındı və alınacaq.  M. K. Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözləri türk millətinin məğlubedilməzliyinin təsdiqlənmiş  hikmətidir.

Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığ kimi,  Türkiyəyə qarşı terror hücumları hazırda da davam etsə, qarşısı alınır: «Yeni hədəf iqtisadiyyatımız idi. Gecə yarısı əməliyyatlarla dəfələrlə hücum etdilər. «Gəzi hadisələri»ndə məqsəd nədirsə, iqtisadiyyatımıza olan hücumlarda da məqsəd eynidir, lakin Türkiyəyə qarşı olan bütün terror hücumlarında olduğu kimi, bunun da qarşısını aldıq, iqtisadiyyatımızı hücumlara qarşı gücləndirdik.»

İkinci Qarabağ müharibəsindən sonra Bakıda  «Dəmir yumruq» adı ilə keçirilən Zəfər paradında  Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın qoşa dayanmasından təşvişə düşənlər bu gücün güdrətini heç zaman unutmayacaqlar. Bu ilin 15 iyununda   Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması, mərasimində çıxış edən  hər iki dövlətin başçılarının çıxışları əlamətdar  hadisə kimi tarixə yazıldı. «Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi o deməkdir ki,  hər iki dövləti  dəmir yolu , avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, bu dəhliz əməli işlərlə yaradılır. İkinci Qarabağ müharibəsi başlanan gündən Azərbaycanın yanında olduğunu  bildirən Rəcəb Tayyib Ərdoğanın dəstəyi, Türkiyənin hər yerindən gələn həmrəylik mesajları birlik rəmzi, xalqımıza göstərilən mənəvi dəstək  idi. «Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi» söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də ən yaxın müttəfiqimiz Türkiyə, qardaş ölkənin şirkətləridir.

«Türkiyə olaraq, azadlıq mübarizəsində olduğu kimi, bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik» söyləyən  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirir ki, qarşıdakı dövrdə ticari və iqtisadi əməkdaşlığımızın miqyası daha da genişləndiriləcək: «Digər tərəfdən, Azərbaycanın Cənubi Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və onu da dəstəkləyirik. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır. Bu, çox böyük əhəmiyyət kəsb edir…Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.» Ulu öndərlər  Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xeyir-duaları ilə möhkəmlənən bu   güc  ümumi düşmənlərimiz qarşısında alınmaz qala, keçilməz sədd, canlı sipərdir.

Daha çox xəbərlər