Gündəm 

AranTv kollektivi dünya müsəlmanlarını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edir

Azad olunmuş torpaqlarımızda bu il qurbanların kəsilməsi xüsusi önəm daşıyır

Bəşəriyyəti halallığa, paklığa səsləyən Qurban bayramı İslam aləmində hicrətin ikinci ilində əmr edilmişdir. Müqəddəs dinimizə görə, qurban “Allaha yaxınlaşmaq” mənasını ifadə edir. Daha aydın desək, insanlar bu müqəddəs gündə Allaha yaxınlaşmaq, onun rizasını qazanmaq və ən nəhayət ibadət niyyətilə Allah yolunda qurban kəsirlər. Qurban bayramı müsəlmanların ən möhtəşəm və müqəddəs bayramıdır və hər il dünya müsəlmanları tərəfindən böyük sevinc və təntənə ilə keçirilir. Bu bayram özü ilə hamıya saflıq, təmizlik gətirir. Əslində Qurban bayram bəşəri əhəmiyyət daşımaqla özündə xeyriyyəçilik və  mərhəmət kimi yüksək əxlaqi-mənəvi keyfiyyətləri ehtiva edir. İslam tarixinə qısa bir nəzər salsaq, Uca Tanrı qarşısında sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsmək qərarlığını ortaya qoyur.  Amma Uca Allah bunu öz elçisinə rəva bilmir və qurbanlıq üçün ona bir qoç göndərir. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana “İsmayıl qurbanı” da deyirlər. Bu bayramın ən gözəl xüsusiyyətlərindən biri də odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir.

Müstəqillik əldə etdikdən sonra Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd edilir. 44 günlük zəfər müharibəsi fonunda Qurban bayramı bu il əvvəlki illərlə müqayisədə daha təntənəli və ruh yüksəkliyi ilə keçirirlir. Düşmən tapdağından azad edilmiş torpaqlarımızda bu il qurbanların kəsilməsi xüsusi önəm daşıyır.

Xalqımızı və bütün dünya müsəlmanlarınıQurban bayramı münasibətilə AranTv-nin kollektivi adından təbrik edir, xoşbəxt gələcək arzulayıram. Gəlin, hamılıqla bu müqəddəs gündə, xüsusilə ehtiyacı olan insanlarla bir yerdə olaq, Uca Tanrı qarşısında qazana biləcəyimiz növbəti bir savab əməlimizdən yetərincə faydalanaq.

Şeyda Əzizova

“AranMedia” qəzetinin baş redaktoru

Daha çox xəbərlər