Azərbaycan mətbuatı müasir cəmiyyət quruculuğunda fəal iştirak edir
Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab rayon Heydər Əliyev Mərkəzinin, H.B.Zərdabi ev-muzeyinin və Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qazax rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 22 iyul – Milli Mətbuat Günü münasibətilə “Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanda Milli Mətbuatın inkişafı üçün geniş imkanlar yaradıldı” mövzusunda “Zoom” proqramı vasitəsilə videokonfrans keçirilıb. Videokonfransda Milli Məclisin deputatı, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva, İrs mərkəzinin idarə heyətinin sədri Seymur Bayramov, Ağdaş Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Natəvan Ağayeva, mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağdaş, Göyçay, Ucar, Zərdab rayon mədəniyyət müəssisələrinin, habelə Sumqayıt, Siyəzən, Hacıqabul, Qazax, Yardımlı, Kürdəmir, Sabirabad, Ağdaş, Zərdab rayon Heydər Əliyev mərkəzlərinin direktor və əməkdaşları iştirak ediblər.
ARANTV.AZ xəbər verir ki, videokonfransı açan Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova 146 il öncə Azərbaycan mətbuatının əsasının qoyulmasını milli düşüncə tarixinin şanlı səhifəsi və müstəqilliyə doğru yolun başlanğıcı kimi dəyərləndirib. Həsən bəy Zərdabinin doğma ana dilində nəşr etdirdiyi “Əkinçi”nin əsl milli demokratik və xalq mətbuatı nümunəsi olduğunu qeyd edən natiq Azərbaycan Xalq Cümhuriyyətini yaradan şəxslərin imzasının da ilk mətbuat nümunələrində yer almasını diqqətə çatdırıb.
Sonra H.B.Zərdabi ev-muzeyinə virtual ekskursiya təşkil olunub. Muzeyin direktoru Vəfa Bayramova böyük mütəfəkkir, təbiətşünas-alim, istedadlı publisist və Azərbaycan milli mətbuatının banisi H.B.Zərdabi haqqında videokonfrans iştirakçılarına ətraflı məlumat verib. V.Bayramova bu böyük dahinin adını daşıyan bir ünvanda fəaliyyət göstərən, 2005-ci ildə yaradılan muzeydə böyük mütəfəkkirin ailəsinə aid əşyalar toplandığını videokonfrans iştirakçılarının diqqətinə çatdırıb. Burada hələ çox qədim zamanlara aid Zərdabi nəslinin istifadə etdiyi məişət avadanlıqları da qorunur. Həm tarixilik baxımından, həm də Zərdabilərə məxsus olduğundan cəhrə, yun darağı, güyüm, nehrə, samovar və sair diqqət çəkir.
Muzeydə Zərdabinin əlyazmaları və “Əkinçi” qəzetinin bir neçə nüsxəsi də saxlanılır. O cümlədən, Zərdabinin ailəsinə, yaxın qohumlarına məxsus şəkillər də divarları bəzəyir. Muzeyin həyətində Zərdabinin abidəsi var. Buraya gələnlər böyük şəxsiyyətin büstü önünə gül dəstələri qoyaraq muzeyə daxil olurlar. Buradakı eksponatların arasında qədim bir lampa var. Deyilənə görə, uzun illər bu lampanın saldığı işıq altında Zərdabi “Əkinçi” üçün məqalələr yazıb. Muzeydə, habelə Zərdabinin yaşadığı dövrü, onun həyatını, fəaliyyətini əks etdirən fotoşəkil və sənədlər toplanılıb.
Videokonfransda Milli Məclisin deputatı, Həsən bəy Zərdabi İrs Mərkəzinin həmtəsisçisi Jalə Əliyeva çıxış edərək “Əkinçi” qəzetinin yarama tarixi barədə ətraflı danışıb. Habelə, Azərbaycan mətbuatının müstəqilliyimizin qazanılmasında və onun qorunub saxlanmasında əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu gün respublikamızda bütün sahələrdə inkişaf gedir, mətbuata və orda çalışan gənclərə qayğı xüsusilə diqqət mərkəzində saxlanılır. Çıxışına davam edən Jalə Əliyeva bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkəmizdə azad, demokratik və güclü mətbuat var. Müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Həsən bəy Zərdabi İrs Mərkəzinin idarə heyətinin sədri Seymur Bayramov çıxışında qeyd edib ki, Ulu Öndər hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mediada qaldırılan məsələlərə həssaslıqla yanaşıb. Vurğulayıb ki, söz və mətbuat azadlığını daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev mətbuatın dostu olaraq ictimai rəyin vacib aləti olan medianın çoxşaxəli fəaliyyəti üçün bütün imkanların yaradılmasını təmin edib.
Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxışında Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərildiyini bildirib. Qeyd edib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Bu gün Azərbaycan Prezidenti bu siyasəti uğurla davam etdirir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.
Həsən bəy Zərdabi ev-muzeyinin direktoru Vəfa Bayramova çıxışında Azərbaycan jurnalistikasının 44 günlük Vətən müharibəsində kifayət qədər mütəşəkkil təmsil olunduğunu, media monolit komanda kimi prosesdə aktiv iştirak etdiyini, torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlər zamanı öz vəzifəsinin öhdəsindən layiqincə gəldiklərini xüsusi olaraq qeyd edib. Zəfər sevincini kütləvi informasiya vasitələri qürurla, ən isti sözlərlə cəmiyyətə çatdırıb. Şəhidlərimizin, qazilərimizin igidliyindən xüsusi yazılar, televerilişlər hazırlayıb, onları xalqa çatdırmaq üçün peşə fəaliyyətlərini şərəflə yerinə yetirdilər.
Videokonfransdakı çıxışlarda təməli “Əkinçi” qəzeti ilə qoyulan Azərbaycan mətbuatının ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyi qeyd edilib.

