Siyasət 

Prezident İlham Əliyev: Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir

Dövlət başçısı İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, sonra isə həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə tədbirlər planını təsdiqləməsi, Prezidentin ehtiyat fondundan vəsaitlərin ayrılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanması, xalqın milli-mənəvi dəyərlərinin qorunması, regionlarda yeni müəssisələrin, iş yerlərinin açılması, regional inkişaf proqramlarının uğurlu icrası və s. kimi mühüm tədbirlər həm ölkənin hərtərəfli inkişafına, həm də xalqın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən amillərdir.

Cənab Prezident İlham Əliyevin bu günlərdə Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfəri də bu qəbildəndir. Səfər çərçivəsində bir sıra mühüm sosial obyektlərin açılışında iştirak edən dövlətimizin başçısının müəssisələrdə görülən işlər və onun pesrpektivləri barədə öz fikirlərini bildirməsi, yeni müəssisələrin açılması dövlət başçısının regionların inkişafına nə qədər böyük diqqət göstərdiyinin bariz nümunəsidir. Səfər çərçivəsində infrastruktur layihələri, eyni zamanda, sənaye müəssisələri, idman obyektləri, yolları, içməli su və kanalizasiya xətləri istismara verilib.

Ümumilikdə qeyd etmək lazımdır ki, postmüharibə dövründə Ermənistan ilə sərhəddə yerləşən bu rayonların infrastrukturunun inkişafına, sosial–iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına ciddi şəkildə diqqət yetirilməkdədir. Bu aylar ərzində Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında bir sıra layihələr icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb.

Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev regionların sosial–iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verdiyi tapşırıqların şəxsən özü tərəfindən bu kimi səfərlər zamanı yerindəcə yoxlanıldığını qeyd edərək, dövlətin bu sahəyə diqqətinin xüsusi olduğunu vurğulayaraq deyib: “Bu açılışlar, əslində, gördüyümüz işlərin həcmini göstərir”.

Prezidenti İlham Əliyev Daşkəsən rayonuna səfəri çərçivəsində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına “Çovdar” qızıl mədənində görülən işlər barədə məlumat verilib. Sonra Prezident İlham Əliyev “Mərəh” qızıl mədənində süxurların ilk partlayış prosesini izləyib. Onu da qeyd edək ki, “Mərəh” “AzerGold”un istismarına başladığı üçüncü qızıl mədənidir. Layihənin icra müddəti iki ildir.

Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində söyləyib ki, Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsi çox önəmli hadisədir: “Çünki qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq. Bununla paralel olaraq, Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda, minlərlə iş yeri yaradılacaq və idxaldan asılılıq azalacaq.”

Cənab İlham Əliyev bildirib ki, son beş il ərzində təkcə dəmir məmulatlarının idxalına ölkədən 1,7 milyard manat vəsait gedibdir. Bu sahənin inkişafı imkan verəcək ki, idxaldan asılılıq kəskin şəkildə azalacaq, biz daha böyük dəyərə malik olan dəyər zəncirini yaratmış oluruq və eyni zamanda, ixrac imkanlarımız da yaranacaq. Çünki bu gün dağ-mədən sənayemizin inkişafı bu yolla getməlidir.

Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivinin olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya, bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik”.

Dövlət başçısı Naftalana səfəri zamanı Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində də iştirak edib. Ölkədə sağlamlıq turizminin əhatə dairəsini daha da genişləndirən, bir hektar ərazidə yerləşən sanatoriya müalicə üçün bu məkana üz tutan vətəndaşların məmnunluğunu tam təmin edəcək şəraitə malikdir. Mərkəz bir çox terapiya sahələrini özündə birləşdirməklə, müxtəlif xəstəliklərin müalicəsi üçün sağlamlıq-profilaktik müəssisəyə çevrilir. Yeni müəssisədə 50 nəfərə yaxın personalın çalışması şəhər əhalisinin məşğulluğunun təmin olunmasına mühüm töhfədir. Ümumilikdə, Naftalanda fəaliyyət göstərən kurort–sanatoriya müəssisələrində 1000 nəfərdən çox şəxs işlə təmin olunub ki, bu da şəhərdə işsizliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində  vurğulayıb ki, Naftalan şəhəri turizm mərkəzlərindən birinə çevrilməlidir: “Mən bunu ilk dəfə Naftalanda olarkən bəyan etmişdim. O vaxt Naftalanın sovet dövründən qalan bütün sanatoriyalarında məcburi köçkünlər yerləşmişdi. Biz onlar üçün elə bu ərazidə, yaxın ərazidə müasir evlər tikdik, qəsəbələr saldıq, onları köçürdük. Ondan sonra böyük investisiyalar cəlb olundu və artıq 13 mehmanxana və sanatoriya fəaliyyətdədir. Üçünün – beşulduzlu “Çinar”, “Qarabağ” və “Qaşaltı” mehmanxanalarının açılışında mən şəxsən iştirak etmişəm. Göstəriş vermişəm ki, bütün kateqoriyadan olan müxtəlif səviyyəli istirahət zonaları olmalıdır – beşulduzlu, dördulduzlu, üçulduzlu. Yəni Azərbaycan vətəndaşları və xarici qonaqlar bundan istifadə edə bilsinlər.”

Sovet vaxtında Naftalana Sovet İttifaqının müxtəlif yerlərindən ildə 50-60 min turistin gəldiyini deyən dövlətimizin başçısı qeyd edib ki, təqribən son 15 il ərzində görülmüş işlər nəticəsində burada qalacaq turistlər üçün 2300-dən çox yer artıq istifadəyə verilibdir və bu proses davam edir: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq. Çünki Naftalana gələn qonaqların, – istər Azərbaycan vətəndaşları, istərsə də xarici qonaqlar olsun, – ölkəmizlə tanış olmaları üçün gərək daha geniş imkanlar olsun, həm Gəncəyə, həm digər şəhərlərə gedə bilsinlər, eyni zamanda, Suqovuşan qəsəbəsinə. Şiddətli döyüşlər gedən əraziyə gedib baxmaq həm onlar üçün maraqlı olar, həm də ki, Suqovuşan çox mənzərəli bir yerdir, – dağlar, böyük su anbarı və həyat o bölgələrə qayıdır”.

Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenilənməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam edir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət göstərilir. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir. Bu baxımdan, xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev iyulun 22-də Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında  da iştirak edib. Yolun inşası ilə bağlı görülən işlər barədə bildirilib ki, ümumi uzunluğu 38 kilometr olan yol dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, kənd təsərrüfatı üçün də bu bölgələrdə böyük işlər görülüb:”Mənim göstərişimlə Şəmkir maşın kanalı çəkilibdir, uzunluğu təqribən 30 kilometrə yaxındır. Bu kanal artıq 30 min hektardan çox torpağa suyun verilməsini yaxşılaşdırır və bunun kənd təsərrüfatının inkişafına böyük köməyi olubdur. Naftalan şəhərində, Goranboy, Daşkəsən rayonlarında digər layihələr də icra edilib. Yollar, içməli su xətləri çəkilib, xəstəxanalar, sosial obyektlər tikilib, iş yerləri yaradılıb, yəni, bu bölgə sürətlə inkişaf edir və deyə bilərəm ki, hər şey plan üzrə gedir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir. Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır.”

Dövlət başçısının bölgələrə hər səfəri regionlardakı struktur rəhbərlərin məsuliyyətini artırır. Bu səfərlər, eyni zamanda, Prezident İlham Əliyevin xalqa yaxın olmasının nümunəsidir. Azərbaycan xalqı əmindir ki, dövlət başçısı İlham Əliyev regionlara səfər edərkən problemlər öz həllini tapacaq, yeni nailiyyətlər olacaq. Çünki Prezident İlham Əliyev bütün problemlərin həlli üçün doğru yol seçir və onları qısa müddətdə həll edir.

Bütün bunların nəticəsidir ki, dövlət başçısı qərb bölgəsinə səfərindən sonra bir sıra zəruri tədbirlərin icrasını sürətləndirəcək sərəncamlar imzalamışdır. Ölkə başçısının Sərəncamı ilə yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb. Prezidentin başqa bir Sərəncamı ilə Daşkəsən şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Dövlət başçısının imzaladığı digər Sərəncama əsasən, Naftalan şəhərində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,0 (üç) milyon manat ayrılıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə on dörd min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Dəliməmmədli-Düzqışlaq-Bağçakürd-Dəyirmanlar-Azad-Nizami avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.

Yuxarıda sadalananlar bir daha onu göstərir ki, Prezident İlham Əliyevin Daşkəsən, Naftalan və Goranboya səfəri, orada görülən işlərlə tanışlığı regionların inkişafına olan diqqətin əyani təzahürüdür. Cənab Prezidentin bölgələrə hər səfəri yeni uğurların təməli və müjdəsi kimi dəyərləndirilməlidir.

Daha çox xəbərlər