Siyasət 

Rusiya Zəngəzur dəhlizi məsələsində Azərbaycana niyə dəstək verir?

Prezident İlham Əliyevin Rusiya səfərində ölkəmizin milli maraqlarına cavab verən ciddi nəticələr əldə edildi

Azərbaycan-Rusiya münasibətlərində müsbət tendensiya yenə də ön plandadır. Hər iki ölkənin strateji müttəfiqliyində iqtisadi və ticari amillər əsas prioritetdir. Məhz bunun bir bariz nümunəsi Prezident İlham Əliyevin Rusiyaya son işğüzar səfəri çərçivəsində ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə gətirilməsidir.

Bundan başqa, 2020-ci ildə pandemiyanın dünya iqtisadiyyatına təsirindən azalmalar müşahidə olunduğu kimi, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsində də azalma baş vermişdi. Lakin  cari ildə bu azalma kompensasiya olunur və daha da genişləndirilməsi istiqamətində hökumətlərarası komisiyyalar fəaliyyət göstərəcəkdir.

2020-ci il iqtisadiyyatın müxtəlif sahələrində azalmalar baş verməsinə baxmayaraq cari ildə nəqliyyat dəhlizləri vasitəsilə daşınmalarda ciddi artımlar müşahidə olunur. Məsələn, keçən ilin müvafiq dövrü ilə müqayisədə Cənub-Şimal nəqliyyat dəhlizi vasitəsilə ancaq Rusiyaya daşınmalar 20 faiz artıb.

Azərbaycan Rusiya ilə humanitar sahədə əməkdaşlığını da inkişaf etdirir. O cümlədən ölkəmizin qeyri-neft sektorunun inkişaf etdirilməsində Rusiyanın iştirakı artır. Məsələn, bu gün dünya üçün çox aktual «Sputnik V» vaksinin istehsalını Azərbaycanda təşkil edilməsi istiqamətində işlər görülür. Həm də hökumətlərarası komissiyalar tərəfindən qeyri-neft sektorunda ölkələrimiz arasında istifadə olunmamış iqtisadi potensialın təhlili aparılacaq.

Prezidentlərin görüşü zamanı müzakirə olunan əsas məsələlərdən biri də regionda davamlı sülhün təmini istiqamətində işlərin intensivləşdirilməsi olmuşdur. Yəni, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, yeni reallıqlar üzərində yeni səhifənin açılması vacibdir. Çox güman ki, bu yeni səhifənin açılmasında Rusiya öz üzərinə götürdüyü öhdəliyə sadiq qalacaqdır. Burada eyni vaxtda paralel şəkildə Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiya olunması, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanınması və yekun olaraq sülh müqaviləsinin imzalanması məsələləri də aktualdır. Bu məsələlərin reallaşmasında Azərbaycan israrlıdır və Rusiya da regionda uzunmüddətli sabitliyin bərqərar olunmasında maraqlı olduğunu göstərir. Ölkəmizin başçısının Rusiyaya işgüzar səfərindən sonra Ermənistan-Azərbaycan sərhəddində arasında baş verən ara-sıra atışmalara son qoyulacağı ehtimalı da yüksəkdir.

Prezident İlham Əliyev: Şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik

Bu münaqişədə ən ciddi məsələlərdən biri də Qarabağda erməni hərbi birləşmələrinin hələ də qalmasıdır. Çox güman ki, hər iki ölkə rəhbərlərinin görüşündə  bu məsələ ciddi  müzakirə edilmişdir. Qeyd edək ki, bu məqamların razılaşdırılması məqsədilə Rusiya Prezidenti Vladimir Putin əvvəl Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla , sonra da Azərbaycan Prezidenti İlham Əliyevlə görüşərək regionda dayanıqlı  sülhə nail olunması üçün müəyyən məsələlərdə razılığa gəlimişlər. Ola bilər ki, bundan sonra, yəni postmünaqişə dövründə münasibətlər müsbət istiqamətdə davam edəcəkdir.

Prezident İlham Əliyev Rusiya səfəri barədə  Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Rusiya Prezidentinin dəvəti ilə növbəti dəfə Rusiyaya səfər zamanı postmünaqişə vəziyyəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb: «İkitərəfli münasibətlərə gəldikdə, bildiyiniz kimi, Rusiya və Azərbaycan strateji tərəfdaşlardır və bu, sadəcə olaraq, söz deyil. Real həyatda da biz strateji tərəfdaşıq, çünki uzunmüddətli strateji əməkdaşlıq perspektivləri ilə bağlı fikir ayrılığı yoxdur. Bizim aramızda çox möhkəm dostluq əlaqələri var və şəxsən mənim cənab Putinlə çox yaxın əlaqələrim var, biz bir-birinə inanan siyasətçilərik. Bu, çox önəmlidir və bu səfər zamanı ikitərəfli məsələlərin gündəliyi müzakirə olundu».

Hazırda Rusiya ilə yeddi yol xəritəsi üzərində işlər gedir

Azərbaycan Prezidenti qeyd edib ki, hazırda yeddi yol xəritəsi üzərində işləyirik. Hər bir yol xəritəsi konkret sahəyə aiddir. Hər bir sahə üzrə də yaxşı nəticələr var. Bu dəfə daha çox ticarət, iqtisadi, nəqliyyat, humanitar məsələləri müzakirə etdik: «Nəqliyyat məsələlərinə gəldikdə, əlbəttə ki, həm əvvəlki dövrdə razılaşdırılmış məsələləri, «Şimal-Cənub» nəqliyyat dəhlizini, perspektivlərini, eyni zamanda, müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz-Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır. Müharibə riskləri minimuma endirilməlidir və aradan qaldırılmalıdır. Burada bizim aramızda heç bir fikir ayrılığı yoxdur, biz də eyni fikirdəyik. Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir.»

Əslində, Prezident İlham Əliyevin Rusiya səfərində ölkəmizin milli maraqlarına cavab verən iqtisadi, ticari, o cümlədən hərbi məsələlərin müzakirəsi və lazım olan nəticələrin əldə edilməsi gözlənilən idi. Çünki Rusiya son zamanlar regionda Azərbaycanın artan iqtisadi gücündən yararlanmaq, ölkəmizlə ticarət əlaqələrini daha yüksəltmək istəyini açıq şəkildə büruzə verməkdədir.

Daha çox xəbərlər