Şəhidlik zirvədir, ünvanı əbədiyyətdir
Şəhidlik zirvədir, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
ARANTV.AZ xəbər verir ki, bu fikirlər lənkəranlı gənclərlə şəhid Ramid Əliyevin ailə üzvlərinin görüşündə səsləndirilib.
Lənkəranlı gənclərdən bir qrupu-Sosial Xidmətlər Agentliyinin 13 nömrəli filial müdiri Ramin Hüccətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə nümayəndəsi Emin Həmidli, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Sosial və Aqrar–Texnoloji Kollecin İctimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi Cəmil Quliyev rayonun İstisu qəsəbəsində şəhid Ramid Əliyevin ailəsinə baş çəkiblər.
Ailənin problemləri və qayğıları ilə maraqlanan gənclər Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən lənkəranlı döyüşçülərin qəhrəmanlıqlarından danışıblar.
Şəhid atası, İstisu qəsəbə tam orta məktəbinin coğrafiya müəllimi Kamal Əliyev min əziyyətlə böyütdüyü oğluna, nə böyük arzular bəsləmişdi. Lakin, şəhid atası olduğu üçün mətinliyi, vətənpərvərliyi bu hisslərin hamısına qalib gəlir. Başını dik tutub, göz yaşlarını ovundurmağa çalışır. Dindirəndə həzin bir səslə pıçıldayır: “Onlarla belə oğul fəda edərəm Vətən uğrunda, təki Vətən sağ olsun!”
Gənc övladını torpağa tapşıran, heç bir təsəlli ilə ovunmayan ana da “Vətən sağ olsun”, – deyir, oğlunun muzeyindəki bayrağımızdan, onun xatirəyə dönmüş şəkillərindən təskinlik tapır…
Lənkəranlı gənclər rayonun İstisu qəsəbəsindəki qəbiristanlıqda şəhid Ramid Əliyevin məzarı önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə cəsur döyüşçü Ramid Əliyev ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Əliyevlərin yaşadığı evdə şəhid Ramid Əliyevin xatirəsinə muzey yaradılıb.
Ramid Əliyev erməni silahlı qüvvələri tərəfindən atılan mərminin partlaması nəticəsində qəhrəmancasına şəhid olub.

