Artan yoluxma sayı: Hazırkı durum nədən xəbər verir?
Mütəxəssislər şərh, paytaxt sakinləri tövsiyə etdilər…
Bu günlərdə COVID-19 virusuna yoluxma göstəricilərinin artmasını müşahidə edirik. Belə ki, iyulun 28-nə olan statistik məlumata əsasən, günlük yoluxma sayı minimum göstəricilərdən 750-yə qədər artıb. Xatırladaq ki, bu, bir neçə müddət sonra müşahidə olunan ən yüksək göstəricidir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 26-da keçirilən brifinqində yoluxma sayının artması ilə bağlı çıxışı zamanı deyib ki, qeyri-iş günlərində bəzən yoluxma sayı aşağı düşür: “İyunun sonunda yoluxma bir faizdən aşağı idi. Bu, yaxşı göstərici idi. Lakin son günlər pozitiv nəticələrin sayı 5 %-ə yüksəlib. Yoluxma 30-39 yaş arasında yüksəkdir. Bölgələr arasında yoluxma halı yenə də Bakıda qeydə alınır. Binəqədidə bu hal qalır”.
Statistik göstəricilər onu deməyə əsas verir ki, yoluxma bu templə artarsa sərt məhdudiyyətlər, qapanmalar, karantin qadağalarının yenidən gündəmə gəlməsi qaçılmaz olacaq. COVID-19 virusunun yayılmasının qarşısını nisbətən almaq üçün bir sıra profilaktik, gigiyenik, qoruyucu və digər zəruri tədbirlərin görülməsi labüddür.
Bu baxımdan xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərdə dəyişikliklər edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimində 2021-ci il 1 sentyabr tarixindən etibarən:
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.
Eyni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;
Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində.
Bütün bunlar onu göstərir ki, COVID-19-la mübarizədən qalib çıxmaq üçün ən effektiv, zəruri qoruyucu tədbir məhz virus əleyhiyə vaksin olunmaqdır.
Bəs mütəxəssislər COVID-19 peyvəndinin vacibliyi haqqında əhaliyə hansı çağırışları etdilər?
Artımın səbəbi yumşalmaların olması, insanların qoruyucu karantin tədbirlərinə əvvəlki dövrlə müqayisədə bir qədər laqeyd yanaşması və…

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, hazırda epidemioloji durumun tədricən pisləşdiyini müşahidə edirik: “Bu, özünü birinci növbədə yeni yoluxma hallarının, eyni zamanda, koronavirusun aşkarı üçün aparılan test müayinələrində pozitiv nəticələrin faizinin artımında özünü göstərir. Qeyd olunan artım əsasən məhdudiyyətlərdə yumşalmaların olması, insanların qoruyucu karantin tədbirlərinə əvvəlki dövrlə müqayisədə bir qədər laqeyd yanaşması və gümanki, ölkəmizdə daha sürətli yayılma qabiliyyətinə malik mutasiyaya uğramış ştammların dövr etməsi ilə bağlıdır.”
Yoluxanların və xəstəliyi daha ağır keçirənlərin əksəriyyəti peyvənd olunmayan şəxslərdir
Mütəxəssis qeyd etdi ki, koronavirus infeksiyası ilə mübarizədə hazırda ən effektiv yol əhalinin kütləvi vaksinasiyasıdır: “Bu gün yeni yoluxanların və xəstəliyi daha ağır keçirən insanların əksəriyyəti peyvənd olunmayan şəxslərdir. Təcrübə göstərir ki, kifayət qədər əhalisi peyvənd olunmuş ölkələrdə epidemioloji durumu nəzarətdə saxlamaq daha asan olur. Ona görə də bir daha vətəndaşlarımızı yenidən məcburi qapanmalara getməmək üçün peyvəndlənmə kampaniyasında fəal iştirak etməyə çağırıram.
Həmsöhbətimiz yeni qaydalar haqqında bəhs edərkən vurğuladı ki, Nazirlər Kabinetinin bütün qərarları, o cümlədən sonuncu qaydalar yoluxma riski daha yüksək olan peyvənd olunmamış əhali qrupunda təmasların azaldılmasına xidmət etməklə ümumilikdə infeksiyanın yayılmasının məhdudlaşdırılmasına yönəlmişdir.
Toy, nişan mərasimlərinin keçirilməsinə icazə verilməsi virusun sürətli yayılmasında əsas rol oynayır
Həkim-infeksionist Mərdan Əliyev isə açıqlamasında qeyd etdi ki, bu səbəbdən sonuncu brifinqdə elan olundu ki, vətəndaşların COVID-19 pasportunu əldə etməsinə ciddi ehtiyac var: “Yəni 2 variant var: Ya COVID-19 pasportu olanlar yalnız toylara buraxılmalıdır. Buna ciddi nəzarət olunmalıdır. Ya da toyların keçirilməsi tamamilə qadağan olunmalıdır. Buraya toylardan əlavə iri ticarət mərkəzləri, ictimai iaşə müəssisələri də daxildir. Zənnimcə, yaxın zamanlarda toyların keçirilməsinin qadağan olunması yenidən gündəmə gələ bilər. Hazırda COVID-19 sürətlə yayılmaqdadır. Yoluxanların əsas hissəsini əvvəllər xəstəliyi keçirməyənlər və vaksin olunmayanlardır. Yəni virusla ümumiyyətlə təmasda olmayanlardır. Belə olduqda isə yoluxanlar xəstəliyi kifayət qədər ağır keçirirlər.”
M.Əliyevin sözlərinə görə, hazırda ölkəmizdə tibbi maskalardan istifadə ilə bağlı biganəlik var. Bütün idarələrdə, qapalı məkanlarda da artıq maska demək olar ki, taxılmır ya da düzgün istifadə olunmur. Bölgələrimizdə isə bu etinasızlıq özünü daha çox büruzə verir. Açıq havada tibbi maska tələbi ləğv olunduqdan, toyların keçirilməsinə icazə verildikdən sonra maskalara qarşı olan laqeydlik artdı. Unutmayaq ki, bu biganəlik də yoluxmanın artmasında mühüm rol oynayır. COVID-19-la mübarizənin hələ də davam etdiyi bu dönəmdə tibbi maskadan istifadə qaydalarına düzgün şəkildə əməl etmək lazımdır. Aiddiyyəti qurumların bu məsələyə ciddi şəkildə nəzarət sistemi xeyli gücləndirilməlidir. Mütləq şəkildə tibbi maskadan istifadı olunmalıdır və fiziki məsafə qorunmalıdır.
Maraqlıdır, COVID-19 pasportu ilə bağlı qəbul olunan yeni qərarlar paytaxt sakinlərinin vaksinlə bağlı fikirlərində nələri dəyişəcək?
Səfurə Vəliyeva sorğu zamanı qeyd etdi ki, vaksinin birinci dozasını vurdurmaqdan gəlir: “Əvvəl peyvənd olunmaqdan tərəddüd edirdim. Sanki fobiyam var idi. Amma yeni qərarlardan sonra bir daha anladım ki, artıq hər kəs peyvənd olunmalıdır. Bununla yanaşı, yeni qaydalara əsasən çalışdığım müəssisədə sentyabrın 1-dən COVID-19 pasportu tələb olunacaq. Həm də yoluxma sayını bu günlərdə kəskin artıb. Bütün bunları nəzərə alaraq vaksin olundum. Peyvənd olunmaq üçün onlayn qeydiyyatdan keçib, növbə götürdüm. Yəqin ki, yeni qərarlar insanların vaksinlə bağlı fikirlərini müsbətə doğru dəyişəcək. Hər kəs peyvənd olunsun ki, tezliklə bu virusa qalib gələk. Mən istəmirəm qapanmalar olsun. Çünki işdən soyuyuruq, həyata, yaşama maraq azalır. İnsan özünü qəribə və tək hiss edir. Xalqımıza demək istəyirəm ki, qorxmasınlar, vaksin olunsunlar. Yəqin ki, bu bizim xeyriməzidir.”
Nəsir İsgəndərov isə vurğuladı ki, vaksinin ilk dozasını qəbul edib: “Mən Rusiya və Almaniyaya səfər etməliyəm. Səfərimə qədər ikinci dozanı da qəbul edib COVID-19 pasportumu əldə edəcəyəm. Bu qanundur və hər birimiz mövcud qayda-qanunlara riayət etməliyik. Mənim xaricə səfər məcburiyyətim olduğu üçün vaksin vurdurdum. Elə insan var ki, belə bir məcburiyyəti yoxdur və peyvənddən ehtiyat edir onlar vaksin olunmaya bilər.”
Məhbubə Mirzəyeva tam doza vaksin olunan sakinlərdəndir. O bildirdi ki, 75 yaşı olsa da peyvənddən sonra da heç bir yan təsir, çətinlik, halsızlıq yaşamayıb: “Bir ara insanlar vaksin olunmaq istəmirdilər. İndi isə hər kəs istəyir ki, peyvənd olunsun. Zənnimcə, vaksin olunanların sayı artdıqca, yoluxanların sayı da azalacaq. Hər kəsə tövsiyəm odur ki, vaksin olunmaqdan qorxmasınlar.”
Rəhilə Əliyeva isə immun sertifikatı olduğu üçün hələlik COVID-19-a qarşı vaksin olunmayıb: “Sertifikatımın vaxtı bitdikdən sonra mütləq peyvənd olunacağam. Vaksinlə bağlı çağırışlar hamısı insanların sağlamlığı üçün edilir. Çünki peyvənd yoluxmanın azalmasına kömək edəcək. Zənnimcə, səbəbsiz yerə vaksindən imtana edənlər uduzarlar. Tövsiyəm odur ki, hər birimiz peyvənd olunaq.”
Almaz Ələsgərova bildirdi ki, avqustun 12-si peyvəndin ikinci dozasını qəbul edəcək: “Vaksin olunmaq hər birimizin borcudur. Çünki bu, labüddür. Bütün dünya bunu edərsə niyə biz əməl etməyək, geridə qalaq? Unutmayaq ki, vaksinin töhfəsi nəticəsində bir müddət öncə qapanmalar, qadağalar aradan qaldırıldı. Həmin ənənə həmrəy olub davam etdirməyimiz çox yaxşı olar. Çalışaq ki, özümüzü virusdan qoruyaq, tibbi maskadan istifadə edək, peyvənd olunaq.”
Ruhid Əliyev isə COVID-19 pasportu olan paytaxt sakinlərindəndir: “Bir ildən çoxdur ki, bu bəşəri bəla hər birimizi yorub. Zənnimcə, köhnə həyatımıza tezliklə qayıtmaq istəyiriksə, vaksin zəruridir. Hazırda Avropa ölkələlərində də vətəndaşlardan COVID-19 pasportu tələb olunur. Müşahidələrim onu göstərir ki, vaksin virusla mübarizədə çox böyük yardım edir. Ola bilər ki, yoluxma sayında artım ya azalma olsun. Amma nəzər salsaq görərik ki, vaksin prosesinin həyata keçirilməsindən sonra qış ayları ilə müqayisədə xəstəlikdən ölüm halları, ağırlaşmalar azalıb. Çağırışım odur ki, ailəmizin ,yaxınlarımızın, özümüzün sağlamlığını qorumaq üçün vaksin olunaq.”

