Kampinq turizmin perspektivli növüdür, yoxsa?..
Təbiətlə canlı təması sevənlər üçün
Təbiətin qoynunda çadır qurub müvəqqəti yaşamaq, kampinq turizmin nisbətən müasir növü kimi dünyada xüsusilə son illər daha çox maraq doğursa da, bu, əslində oğlu olanların ağ, qızı olanların qızılı çadırlarda qonaqlandığı, toy çadırının evlənən oğlanın atdığı oxun düşdüyü yerdə qurulduğu Dədəm Qorqud dövründən dağların binələrinin çadır-çadır olduğu günümüzədək davam edən qədim türk yaşam tərzidir. Bu gün də tərəkəmə həyatı yaşayan minlərlə insanımız yazın gəlişi, havaların isinməsi ilə heyvanlarını saxlamaq üçün şadırlar qurub yaşayacağı yaylaqlara yollanır…
Qaynar, səsli-küylü şəhər həyatından uzaqlaşaraq istirahət üçün ucqar dağ rayonlarına üz tutanlar arasında otelləri, qonaqlama yerlərini seçənlər üstünlük təşkil etsə də, təbiətlə birbaşa təmasda olmaq, meşədə, dağda, çay kənarında kamp qurub dincəlmək istəyənlər də az deyil. Bəs komfortdan qaçaraq daha ekstremal olan kamp həyatı yaşamaq istəyənlər üçün şərait varmı? Turizmin bu növünə maraq necədir? Kampinq iştirakçısı olmaq çoxmu vəsait tələb edir?
Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “İki sahil”suallarını cavablandıraraq bildirdi ki, ölkəmizin zəngin təbiəti kamp etmək üçün saysız imkanlar yaradır: “Kampinq Azərbaycanda inkişaf etməkdə olan aktiv turizm növlərindən biridir. Lakin yeni olduğu üçün bu turizm növü üçün zəruri şərait lazımi səviyyədə deyil. Belə ki, ölkəmizdə kampinq turizminin əsas komponenti sayılan kampsaytlar (kamp yerləri) az saydadır, elə bu xidməti təklif edən tur operatorlar da çox deyil. Hazırda “Camping Azerbaijan”, “Campsiz” “Kampinist” və digər bir neçə turizm şirkətləri kampinq turları təşkil edir”.
K.Quluzadənin sözlərinə görə, bu sahənin inkişafı üçün müəyyən işlərin həyata keçirilməsi istiqamətində iş gedir: “Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun 2021-2023-cü illərdə ekoloji turizmin araşdırılması və Milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkilinə dair tədbirlər planı çərçivəsində potensiallı ərazilərdə kampinq yerlərinin yaradılması nəzərdə tutulur. Kampinq infrastrukturu bir çox ölkələrdə Milli parkların ərazisində təşkil olunur. Ölkəmizdə də belə infrastrukturun Milli parkların ərazisində yaradılması məqsədəuyğundur. Bununla yanaşı, Azərbaycan Turizm Bürosunun “Dağ piyada marşrutlarının işlənməsi” layihəsi çərçivəsində dağ piyada marşrutları boyunca kamp yerlərinin müəyyən edilməsi və minimal şəraitin yaradılması nəzərdə tutulur”.
Komsaytlar kifayət qədər olmasa da, bu istiqamətdə müəyyən işlər də görülüb və Göygöl Milli Parkında artıq bu xidmətə başlanılıb.
Göygöl Milli Parkının direktor müavini Fuad Quliyev “İki sahil”ə açıqlamasında qeyd etdi ki, son vaxtlar turistlər arasında kampinqə maraq artıb və xüsusilə gənclər düşərgə salaraq gecələməyə üstünlük verirlər: “Biz kamp qurmaq istəyənlər üçün Milli Parkın ərazisində xüsusi yerlər ayırmışıq. Yerlər müəyyənləşən zaman insanların təhlükəsizliyi baxımından həm qaya uçqunları, sel, güclü külək kimi təbii hadisələrin baş vermə ehtimalı, həm də vəhşi heyvanların yaşayış arealı amili nəzərə alınır. Eyni zamanda, təbiətin zərər görməməsi, kampların ərazinin biomüxtəlifliyinə hər hansı mənfi təsir göstərməməsi də diqqətdə saxlanılır”.
F.Quliyev qorunmayan ərazilərdə də bu kimi amillərin nəzərə alınmalı olduğunu bildirdi: “Hesab edirəm ki, Milli parkların ərazisindən kənarda da kampinq yerlərinin müəyyənləşməsi məsələsi xüsusilə yerli bələdiyyə orqanları tərəfindən diqqətdə saxlanılmalıdır. Yaxşı olardı ki, həmin yerlərdə məyyən ehtiyaclar üçün biotualetlərin qurulması, alternativ enerji vasitəsilə işıqlandırılmanın təmini kimi minimal şərait yaradılsın. Bundan başqa, yerli turizmlə məşğul olan şirkətlərin kampinq turlarının təşkilinə üstünlük verməsi və bu sahədə maarifləndirmə işlərini gücləndirməsinə də ehtiyac var”.
Kampinq turlarının qiymətlərilə də maraqlandıq. “Camping Azerbaijan” turizm şirkətinin təklif etdiyi bir günlük turların qiyməti nəqliyyat, qidalanma və digər bütün xərclər daxil bir nəfər üçün 30-80 manat arasında dəyişir. Təklif olunan tura kənd evində gecələmək daxil olduqda qiymət 100-200 manat, çadırlarda gecələməklə kampinq turu isə 200-300 manat təşkil edir. Şirkətdən eyni xarakterli turlardakı qiymət fərqinin məsafə və digər amillərlə bağlı olduğunu bildirdilər.
Fərdi qaydada, ailə üzvləri və ya yaxın dostlarla hər hansı turdan kənar da kampinq iştirakçısı olmaq mümkündür və bunun üçün zəruri avadanlıqlara və onların qiymətinə gəlincə, təbiət qoynunda düşərgə salıb gecələmək istəyənlərə mütləq çadır lazımdır. Ov, kampinq və balıqçı ləvazimatları satılan mağazalarda müxtəlif ölçülərdə çadırlar mövcuddur. Kiçik 2 nəfərlik çadırların qiyməti daha ucuz olsa da, kamp həvəskarları daha çox qurulub-yığılması asan olan 4 nəfərlik çadırlara üstünlük verirlər. Belə çadırların qiyməti 80 manatdan başlayır və istehsal yerinə, keyfiyyətinə görə dəyişə bilər. Təbii ki, 6, 9 nəfərlik daha böyük tutumlu çadırlar nisbətən daha bahadır. Yüngül, daşınması asan yataq kisələri də çox baha deyil, birnəfərlik olan bu kisələri 60-70 manata almaq mümkündür. Əl və ya baş üçün fənərlər, kiçik çıraqlar kimi işıqlandırma vasitələri çox ucuzdur və 1-2 manatdan başlayır. Xüsusi qatlama stullar isə sırf komforta hesablandığı üçün zəruri kampinq avadanlığı hesab edilmir, yəni, onsuz da ötüşmək mümkündür. Qeyd edək ki, fərdi qaydada kampinq yaşamaq istəyənlərin qeyd olunan zəruri avadanlıqları bir dəfə alması onları növbəti dəfələrdə bu xərclərdən azad edir, alınmış avadanlıq uzunmüddətli istifadə üçündür. …Qaldı istifadə edəcəyiniz qida və gedəcəyiniz yerə, bu, artıq büdcənizə görə sizin seçiminizdir. Əsas olan istəkdir, təbiətlə təmasda olmaq, istirahət etmək istəyi. İstirahətiniz şən və mənalı olsun!









