Zəngəzur əzəli Azərbaycan ərazisidir
Təcavüzkar Ermənistan və havadarları haray-həşir salırlar ki, guya müharibədən sonra Azərbaycan bu ölkənin içərilərinə doğru irəliləyir. Bəhanələri də budur ki, Azərbaycan Ordusunun bölmələri Qaragöl və Zəngəzur ərazisinə daxil olub. Bununla onlar ümid edirdilər ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycana qarşı hərbi əməliyyatlara qoşa biləcəklər. Ancaq bu da alınmadı, Azərbaycanın ərazilərini işğal edərək dağıdıb- talamış Ermənistana dəstək verilmədi. Ermənilər unudurlar ki, nəinki Qaragöl və Zəngəzur, hətta yuva qurduqları Ermənistan bütövlükdə Azərbaycanın qədim əraziləridir. Yaxın tarixi vərəqləsələr görərlər ki, Ermənistan əslində heç nə itirmir, Azərbaycan öz ata-baba torpaqlarını vaxtilə ondan zorla alınıb qondarılan bu dövlətdən geri alır.
Biz həmin torpaqları ermənilərə bəxşiş verməmişik. Əvvəl çar Rusiyası, sonra isə Sovet hökuməti ermənipərəst siyasət yeridərək tarixdə heç yerdə mövcud olmayan Ermənistan dövləti təşkil etdilər. İddia edirlər ki, guya həmin torpaqlar və Şah İsmayılın tikdirdiyi İrəvan şəhəri hansısa müqavilələr əsasında onlara verilib. Xatırladaq ki, İrəvan şəhəri paytaxtı olmayan Ermənistana 101 il əvvəl müvəqqəti olaraq verilib və həmin müqavilənin müddəti keçən il qurtarıb. Müqavilə kağız parçasıdır və onu cırıb atmaq da olar. Necə ki, ermənilər özlərinə sərf etməyən çox belə müqavilələri cırıb atıblar.
Zəngəzur mübahisəli məsələ deyil, o, şəksiz-şübhəsiz əzəli Azərbaycan ərazisidir. Oralar da başqa ərazilər kimi, bolşevik hökumətinin təzyiqi ilə alınaraq təzə qondarılan Ermənistana verilib. Hələ Ermənistanın işğalçı müharibələrindən əvvəl buradan Naxçıvana yol var idi. Həmin yolla gediş-gəliş vardı. Lakin otuz iki il əvvəl SSRİ-nin bədnam prezidenti Mixail Qorbaçovun hərtərəfli dəstəyi ilə Azərbaycandan yeni ərazilər qoparmaq iştahasına düşərək silahlanıb hücuma keçən ermənilər Azərbaycanı Naxçıvanla birləşdirən həmin yolu bağladılar.
İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan 10 noyabr kapitulyasiya aktının tələbinə görə Zəngəzurdan Naxçıvana dəhlizin açılması məsələsini gündəmə gətirdi. Lakin cığal ermənilər bu müddəanı yerinə yetirmək istəmir və hər vəchlə onun reallaşmasına mane olmağa çalışırlar. Qaragöl ətrafındakı mübahisələr səngiməmiş Zəngəzur dəhlizi istiqamətində görülən işlər erməniləri ciddi narahat edir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var” deməsi düşmən tərəfdə böyük narahatlıq yaradıb. İrəvanda hamı bu barədə dərin təşviş və qorxu ilə danışır, mətbuatda qızğın müzakirələr gedir. Baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan özü kapitulyasiya aktına imza atdığı halda riyakarlıq edərək erməni toplumuna Zəngəzur məsələsinin gündəmdə olmadığını bildirir. Ancaq ermənilər artıq siyasətdə Don Kixotluq edən dövlət başçılarına inanmırlar. Görün onlardan biri nə yazır: “İrəvan Zəngəzura gedən əsas və şərti olaraq “H-46” (M2) adlandırılan maqistral yolunun təmirinə 2020-ci ilin əvvəlində dövlət büdcəsindən ayrılan pulları alternativ yolların yenidən qurulmasına yönəldir. Bu, artıq konkret olaraq əsas strateji yol da daxil olmaqla, bütün Zəngəzurun Azərbaycanın nəzarətinə keçəcəyi deməkdir.” Bu fikirləri erməni ekspert, iqtisadçı Milena Qasparyan bildirib.
Onun sözlərinə əsasən, Zəngəzura gedən əsas yolun təmirinə bir il bundan öncə 1 milyard dram pul ayrılmışdı. “Hazırda bu vəsait alternativ yolların bərpasına yönəldilir. Yəni, bizim dövlət “H-46” (M2) yolundan əlini üzdü”, – deyə Qasparyan qeyd edib.
Milenanın faciə kimi təqdim etdiyi bu məsələ Ermənistanın xeyirinə olsa da, daşnak təxəyyülü bu reallığı başa düşməyə imkan vermir. Xəstə ermənilər anlamırlar ki, Zəngəzur dəhlizi əslində Ermənistanın nicat yoludur. Bu yolla onlar üçtərəfli blokadadan azad olacaq, qonşu ölkələrlə iqtisadi əlaqələr qura biləcəklər. Altı ölkəni birləşdirən bu dəhliz lap yaxın gələcəkdə Ermənistana milyonlar gətirəcək, səfalət içərisində gün keçirən naşükür ermənilər sosial şəraitlərini xeyli dərəcədə yaxşılaşdıra biləcəklər. Bu yerdə məşhur komediya ustamız, Xalq artisti Əlağa Ağayevin “Heyvanına şükür, ilahi” sözləri düşür…

