FHN əhaliyə müraciət etdi
Çoxmərtəbəli binada baş verən yanğın söndürülüb
Xəbər verdiyimiz kimi, 29 iyul 2021-ci il tarixində gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, İbrahim Paşa Dadaşov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Yanğınsöndürənlərin operativ və peşəkar müdaxiləsi nəticəsində yanğın qısa zamanda söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb. Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sakinlər təxliyə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Yanğınla mübarizə məqsədilə xüsusi təyinatlı texnikaların binanın həyətinə girişdə avtomobillərin nizamsız park edilməsi səbəbindən rastlaşdığı çətinliyi nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək bina və yaşayış komplekslərinin həyətlərinə girişdə, habelə həyətlərdə avtomobilləri yalnız parklanma üçün nəzərdə tutulmuş yerlərdə nizamla park edilməsini xahiş edir.

