Sosial 

Vətənin qəhrəman oğlu Səxavət

Astara rayon, Artopa  kəndindən olan  Səxavət Qüdrət oğlu  Səttarov  Odlar   diyarı Azərbaycanımızın müqəddəs torpaqlarına göz dikmiş mənfur düşmənə qarşı igidliklə vuruşub 19 yaşında  şəhidlik zirvəsinə ucalmışdır.    İndi  budur onun adı qəhrəmanlıq dastanına dönüb şirin dillərdən düşmür. Qəlbi qəlbimizdə, eşqi eşqimizdə yaşayır Səxavətin.

Səxavət qəlbi sevdalı, vətənpərvər, nəcib, xeyirxah bir gənc kimi  müstəqil həyata qədəm qoyur.  İşində, əməllində dünyanın gözəlliyinə can atmaqla, halallığa,  haqqa tapınmaqla  ayların səfində  el gözündə   ucalır.  Az yaşında muradı, eşqi Günəş olub neçə-neçə  ürəyə  işıq paylayır, sevindirir, ovundurur. Beləcə   xalqına, Vətəninə xidməti, məhəbbəti   Səxavət öz ömrünün mənası hesab edir.   2019-cu ildə Ordu sıralarına  yola düşəndə Vətən torpağını göz-bəbəyi  tək qorumaq, məqamında  silaha sarılıb düşmən tapdağında olanları isə canı bahasına azad etmək  ürəyindən keçir.  Ön cəbhədə  doğma Azərbaycana nümunəvi xidməti qısa müddətdə Səxavətə böyük nüfuz qazandırır, onu  əsgər yoldaşlarına, komandirlərinə sevdirir.  Hamı igid əsgəri hər an sinəsini Vətəni üçün sipər etməyi bacaran  əsl qəhrəman bilir.  İkinci Qarabağ müharibəsi başlayanda belə də olur.

Müharibənin ilk gündən Səxavət öz gücünü düşmənə göstərir. Canından artıq sevdiyi Vətənin yaşaması naminə ən ağır müharibə meydanına canla-başla  gedir, qələbəyə  inamla  döyüşür və işğal  edilmiş hər qarış torpağın qisasını düşməndən almağa çalışır. Füzuli, Zəngilan, Qubadlı  rayonların erməni dığalardan  təmizləməkdə  daha çox fərqlənir. Ürəyinin   istəyini əsas götürərək  Şuşa döyüşlərinə girən zamanda  sona qədər vuruşub faşistlərdə qisas alacağına  and içir. Sərrast atəşlə  dığaların  neçə-neçə  texnikasını  sıradan çıxardır, canlı qüvvəsini sarsıdır.  Əsl qəhrəman kimi vuruşub 6 noyabrda canından keçməklə bir daha Vətən sevgisinin hər şeydən uca olduğunu sübut edir.

Səxavətin Vətən sevgisi həm də öz igid oğluna ölümsüzlük gətirir.  Milyonların ürəyində yaşayır Səxavət. Qərinələr keçdikcə də bu belə olacaqdır.  Çünki Səxavət öz ömrünü Vətəninə verib.  Dövlət tərəfindən layiq görüldüyü “Vətən  uğrunda” medalı da  canından artıq sevdiyi doğma Odlar Yurduna ilahi sevginin canlı təzahürüdür.

 Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər