“Bu mübarizəyə qoşulan ilk ölkə Azərbaycan olub” – DEPUTAT
Türkiyənin 8 bölgəsində yanğınlar hələ də davam edir. Bu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 125 yanğından 117-si söndürülüb və ya lokallaşdırılıb. Ümumilikdə, Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 8 nəfər ölüb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, qardaş Türkiyə böyük yanğın fəlakətinə qarşı mübarizə aparır və bu mübarizəyə qoşulan ilk ölkə Azərbaycan olub:
“Azərbaycan Türkiyədən yardıma ehtiyac olub-olmadığını soruşmadan birbaşa dəstək qruplarını göndərib. Dövlət başçısı İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyıb Ərdoğana xalqımızın adından başsağlığı verib və baş verən hadisələrin xalqımızı kədərləndirdiyini bildirib. Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və xüsusi texnikalar qısa bir zamanda yanğın baş verən ərazilərə göndərilib. Bu gün Azərbaycanın yanğınsöndürənləri türkiyəli həmkarları ilə çiyin-çiyinə yanğınla mübarizə aparmaqdadırlar. Təbii ki, bu mübarizədə uğurlu nəticələr əldə olunub, fövqəladə vəziyyət, demək olar ki, nəzarət altına alınıb. Bu, həmrəyliyimizin və qardaşlığımızın göstəricisidir. Türkiyənin kədəri bizim kədərimizdir. Biz bu mübarizəni axıra kimi birlikdə aparacağıq və yanğının fəsadlarının da aradan qaldırılmasında yaxından iştirak edəcəyik. Ölkəmizin ərazi bütövlüyü ilə bağlı məsələni beynəlxalq platformalarda işıqlandıran və 44 günlük Vətən müharibəsi zamanı bizə ən böyük mənəvi və siyasi dəstək verən qardaş Türkiyə olub. Bu dövlətin hərtərəfli dəstəklə “Can Azərbaycan”ın yanında olduğunu bəyan etməsi qələbəmizi daha inamlı edib. Bu gün də Türkiyə Azərbaycanın yanındadır və regionun təhlükəsizliyinin təmin edilməsində bizim mövqeyimizdən çıxış edir. Vahid birlik yeni güc yaradır və bu güc hər bir çətinliyi dəf etməyə qadirdir. Ümummimilli liderimiz Heydər Əliyevin dediyi “Bir millət, iki dövlət” ifadəsi artıq zamanın sınaqlarından çıxaraq, real həyatda öz təsdiqini tapıb. Biz birlikdə güclüyük!”

