Sosial 

Peyvənd hər bir şəxsin istəyinə və seçiminə uyğun olaraq seçilir

Proseslərin gedişi göstərir ki, pandemiyadan özünü qorumağın ən effektiv yolu peyvəndləmədir.

Sevindirici haldır ki, ölkəmizdə peyvəndləmənin gedişatı ilə bağlı heç bir problem müşahidə olunmur. Onu da qeyd edək ki, Azərbaycan vətəndaşlarına peyvənd olunmaq üçün dörd növ peyvənd təklif olunur ki, bu da hər bir şəxsin istəyinə uyğun olaraq seçilir. Onların hər biri effektiv və təhlükəsizdir. Vaksinasiya xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısını alır.Vaksin öldürülmüş və ya zərərsizləşdirilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zamanı qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükə yaratmır. Onu da qeyd edək ki, ölkəmizdə peyvəndləmə prosesi planlı və mərhələli şəkildə həyata keçirilməkdədir. Belə ki, ilk olaraq koronaviruslu xəstələrlə birbaşa əlaqədə olan səhiyyə işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, daha sonra sırası ilə yaşı 65, 50,40,30 və 18-dən yuxarı şəxslər bu prosesə qoşulmuşdur.

Ölkəmizdə koronavirusla mübarizə çərçivəsində “immunitet sertifikatı” və “peyvənd serifikatı” anlayışlarından istifadə olunur. Hər iki anlayışın başa düşülməsi olduqca vacibdir.  İlk olaraq “immunitet sertifikatı”ndan bəhs edək. “İmmunitet sertifikatı” virusa yoluxmuş şəxslərə verilir. Həmin şəxslər virusa yoluxduğu gündən altı ay müddətində peyvənddən azad olunur. Həmin müddətdən sonra şəxslər ölkəmizdə istifadə olunan istədikləri peyvəndi seçərək peyvənd oluna bilərlər. Peyvəndin hər iki dozasını vurdurmuş vətəndaşlar isə “peyvənd sertifikatı” alırlar. Bu setifikatlar müddətsizdir. O da vurğulanmalıdır ki, xüsusi risk qrupunda olan ikinci doza peyvənd vurdurduqdan altı ay sonra qüvvətləndirici doza olaraq üçüncü doza peyvənd oluna bilərlər. Bununla da həmin şəxslər özlərini pandemiyadan daha effektiv qoruma şansı əldə edirlər.

Göründüyü kimi, Azərbaycanda pandemiya ilə mübarizə tədbirləri ən yüksək səviyyədə davam etdirilir. Ölkəmizin bu istiqamətdə həyata keçirdiyi siyasət bütün dünya üçün nümunə olacaq mahiyyətdədir. İstər daxildə, istərsə də xaricdə Azərbaycan dövləti əsl sosial məsuliyyət göstərərək pandemiyaya qarşı effektiv mübarizə metodu ortaya qoymuşdur. Belə ki, pandemiya təhlükəsi başlayanda Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilmişdir. Eyni zamanda, ölkəmizdə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Ölkədə xüsusi laboratoriya və xəstəxanaların sayı artır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur, hətta pandemiyadan əziyyət çəkən vətəndaşlar üçün çox geniş sosial paket təsdiq edilmiş, paytaxt və bölgələrdə geniş dezinfeksiya tədbirləri reallaşdırılmışdır. Onu da qeyd edək ki, bir çox dövlətlərin peyvənd əldə edə bilmədiyi bir vaxtda ölkəmizdə ölkə başçısının siyasi iradəsi, şəxsi nüfuzu və diplomatik məharəti nəticəsində bu sahədə problem yaranmamış və xalqımız daimi olaraq peyvəndlərlə təmin olunmuşdur.

Eyni zamanda, Prezident İlham Əliyev ölkə xaricində də pandemiyaya qarşı effektiv mübarizə üsulu ortaya qoymuşdur. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev “peyvənd millətçiliyinə” qarşı çıxışlar etmiş və dünya birliyini az gəlirli ölkələrə qarşı ədalətli olmağa çağırmışdır. Dünyada istehsal olunan peyvəndin 80 faizindən artığının inkişaf etmiş ölkələr tərəfindən alındığını bildirən dövlət başçımız bunun az gəlirli ölkələrin öz xalqlarını pandemiyadan qorumaq şansını azaltdığını vurğulamışdır. Beləliklə, Azərbaycan daxildə və xaricdə daim insan amilini öndə tutaraq ədalətli və sosialyönümlü siyasət həyata keçirir. Məhz bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizə sahəsində nümunəvi ölkə adlandırmışdır.

Bir daha vaksinin vacibliyini xatırladaraq qeyd etmək istərdik ki, peyvəndləmə pandemiya ilə mübarizənin ən effektiv yoludur. Hər birimiz ilk olaraq özümüzü, daha sonra ailəmizi, yaxın ətrafımızı və ən sonda ölkəmizi qorumaq üçün vaksin vurdurmalı və sadə gigiyenik qaydalara əməl etməklə bu dəhşətli düşmənə qalib gəlməliyik.

Daha çox xəbərlər