Fransa və Ermənistanı birləşdirən dəyər: Qanlı cinayətlər, qətliamlar…
Qarabağda 44 günlük müharibə başa çatsa da, Fransa qərəzli mövqeyindən əl çəkmək istəmir. Halbuki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olaraq Fransanın ədalətli yanaşma ortaya qoyması tələb olunurdu. Lakin bunun əksi baş verdi. Heç kimə sirr deyil ki, Fransa hərbi əməliyyatların ilk günündən ermənilərin maraqlarından çıxış edir, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verirdi. Təəssüf ki, “demokratiyanın beşiyi” sayılan ölkə və onun bəzi təmsilçiləri mənfur niyyətlərindən əl çəkmək fikrində deyillər. Fransanın Ermənistandakı səfiri Conatan Lakotun son günlər ərzində verdiyi açıqlamları deyilənlərin növbəti sübutudur. Belə ki, faktiki olaraq Fransa səfiri verdiyi açıqlamaları ilə bütün diplomatik normaları aşaraq Ermənistanın vəkili rolunda çıxış edir. Səfir ortaya ciddi dəlili sqbut qoymadan Qarabağın “statusundan”, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların bərpasından danışır. Halbuki, sadalanan məsələlər artıq gündəlikdən çıxıb və mövcud deyil. Paradoksal məqam isə odur ki, ölkəsinin regional nəqliyyat dəhlizlərinin açılmasında maraqlı olduğunu əlavə edən səfir bununla belə, Azərbaycanın qərbi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizini məhz dəhliz adlandırılmasına qarşı çıxıb: “Dəhliz” terminindən imtina olunmalıdır. “Dəhlizlər” diplomatiya tarixində çox pis izlər qoyub. Məsələn, Dansinq dəhlizi kimi. 2021-ci il 11 yanvarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan arasında verilən və region ölkələri ilə qonşuları arasında əlaqə kanallarının bərpasını nəzərdə tutan üçtərəfli razılaşma əsasında çalışmaq lazımdır”.
Göründüyü kimi, Zəngəzur dəhlizi adından qıcıqlanan Fransa səfiri diplomatik çərçivələrdən kənara çıxaraq uğursuz müqayisələr aparır, aşırı dərəcədə tərəfkeşlik mövqeyindən çıxış edərək bununla ermənilərə xoş görünmək istəyir. Məlumdur ki, Fransa həmsədr ölkə olaraq qurumun fəaliyyəti dövründə davamlı şəkildə ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərini pozaraq işğalçı Ermənistana hərtərəfli dəstək verib. Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib.
Hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi qiymətləndirmək olar. Bu gün erməni lobbisinin təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərməkdən də çəkinməyib. Hərbi dəstəyə gəlincə, Fransanın hərbi kəşfiyyatının davamlı şəkildə əldə etdiyi məlumatları Ermənistana ötürməsini, bu ölkədən Ermənistana raket sistemləri daxil olmaqla silah-sursat göndərilməsini göstərmək olar. Məlumata görə, hətta Fransa ən yüksək səviyyədə Ermənistan hakimiyyətinə Azərbaycanın münaqişədə üstünlük əldə etməsinə imkan verməyəcəyini vəd edib…
Bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırım törətmiş ölkədir. Özünü “insan haqlarının və demokratiyanın vətəni” sayan Fransa tarixi ilə üzləşməkdən ona görə qorxur ki, insan haqları və demokratiya ilə bir araya sığmayan bəşəri cinayətlər törədib. Bu gün Fransa rəhbərliyinin ermənilərə sonsuz sevgisinin kökündə qanlı cinayətlər, soyqırım və çoxsaylı qətliamlar dayanır. Hər iki ölkəni birləşdirən dəyərlər məhz bunlardır…

