Siyasət 

Seçkilərdən heç ilyarım keçməyib, parlament necə buraxıla bilər? Deputatlardan açıqlama

Son günlər Konstitusiyaya dəyişiklik edilməsi üçün referendumun, eləcə də Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı əsassız fikirlər yayılır. Sosial şəbəkələrdə və müxtəlif KİV-lərdə bu ilin oktyabr-noyabr aylarında referendumun keçiriləcəyi və parlamentin yenidən buraxılacağı ilə bağlı iddialar tirajlanır.

Bəs gündəm gətirilən bu iddiaların əsası varmı?

Millət vəkili Tahir Rzayev “İki sahil”ə açıqlamasında bildirdi ki, parlamentin buraxılacağı, növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı uydurulan şayiələr, bəzi müxalif qüvvələr tərəfindən söylənilən fikirlər həqiqəti əks etdirmir. Bu, siyasi təxribatdır. Çünki bu gün parlamentin buraxılmasına zərurət yoxdur.

T.Rzayevin sözlərinə görə, son seçkilər zamanı parlamentə layiqli insanlar seçilib: “Bu gün parlamentdə 11 siyasi partiya təmsil olunur. Parlamentdə yüksək intellektə malik, uzunmüddətli iş təcrübəsi, yüksək təşkilatçılıq bacarığı, qanunvericiliyin həyata keçiirlməsində səriştəsi olan insanlar təmsil olunurlar. Gənc deputatlar da öz fəallıqları ilə seçilir. Onlar istər qanunvericilik sənədlərinin hazırlanmasında, istərsə də ölkədə baş verən ictimai-siyasi hadisələrin təbliğ olunmasında və bir çox tədbirlərin həyata keçirilməsində fəal iştirak edirlər. Çox yaxşı haldır ki, deputatlar beynəlxalq aləmdə Azərbaycanın təmsil olunmasında fəallıq göstərirlər. Parlamentin fəaliyyətində olan dönüş onu deməyə əsas verir ki, Azərbaycan parlamenti artıq yüksək səviyyədə formalaşıb, gündən-günə təkmilləşir və ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Ona görə də bəzi insanların ortaya atdıqları bu iddianın heç bir əsası yoxdur, Azərbaycan parlamenti bundan sonra da üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək.”

Millət vəkili Arzu Nağıyev isə açıqlamasında qeyd etdi ki, bu iddialara cəfəngiyatdan başqa ad tapa bilmirəm: “Yenidən parlamentin buraxılmasından söhbət getmir. Parlament öz üzərinə düşən funksiyanı normal yerinə yetirir. Sosial şəbəkələrdə belə əsassız məlumatlar yaymaqla cəmiyyətdə xaos yaratmağa çalışırlar. Seçkilərdən heç ilyarım keçməyib, parlament necə buraxıla bilər? Parlamentin formalaşması sadə proses deyil. Düşünürəm ki, VI çağırış deputatlar qanunvericiliklə öz üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirirlər. Ona görə bu iddialar əsassızdır və hazırda parlamentin buraxılmasına ehtiyac yoxdur.”

Daha çox xəbərlər