Sosial 

Meşə yanğınlarının qarşısı necə alınmalıdır? – Nazirlikdən AÇIQLAMA

Türkiyədə iyulun 28-dən Antalya vilayətindən başlayan meşə yanğınları artıq Muğla, Bodrum, Osmaniye, Kayseri, Adana, Mersin və digər bölgələrə yayılıb. Məlumata görə, 6 gündə 35 əyalətdə qeydə alınan 130 yanğın nəzarət altına alınıb. 7 mənqədə yanğınlar hələ də davam edir. Türkiyədə baş verən yanğınlar insanların və heyvanların tələfatına, ekoloji terrorun genişlənməsinə səbəb olub.

Bizim ölkəmizdə də təhlükəsizlik hallarına riayət edənlər oluqca azdır. Meşədə ocağı yana-yana qoyub gedənlər, siqareti söndürməmiş tullayanlar meşə yanğınlarının təməlini qoyanlardır. Bu hadisələrin bizim ölkəmizdə baş verməməsi üçün ekoloji tədbirlər görülməlidir.

Bəs Azərbaycanda ekoloji təhükəsizliyimiz nə dərəcədə qorunur? Meşə yanğınlarının qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, ekoloji təhlükəsizliyimizi qorumaq üçün ilk növbədə geniş təbliğat işlərinə ehtiyac duyulur:

“İnsanlar kiçik yaşlarından meşələrin qorunmasına rəğbət bəsləmək, təbiəti, o cümlədən, meşəni sevmək ruhunda tərbiyə olunmalıdırlar, meşədə həmişə odla ehtiyatlı olmalı və meşə yanğını baş verərsə, onun qarşısını almaq üçün meşə işçilərinə kömək edilməlidirlər.
İnsanlara meşə yanğınlarının yaranma səbəbləri və söndürülmə üsulları izah edilməlidir. Yanğın ən çox meşədə odla ehtiyatsız davranmaqdan törənir. Meşədə çoxlu miqdarda qurumuş ağacların olması baş vermiş yanğının güclənməsinə şərait yaradır. Böyük meşə sahələrində baş verəcək yanğın başqa sahələrə keçməsin deyə əlavə yollar açılır.

Məlumdur ki, iyul ayından etibarən havalar 35 dərəcədən yuxarı olur. İsti havalar da meşə yanğınlarını yaradan amillərdəndir. Belə havalarda daha diqqətli olmalıyıq. Meşələrimizi yanğından qorumaq təkcə meşə gözətçilərinin işi deyil. Təbii sərvətimizin yanğından mühafizəsində hamımız bir nəfər kimi yaxından iştirak etməliyik.

Bir daha xatırladırıq ki, meşədə olarkən oddan istifadə etmək, sönməmiş siqaret kötüklərini yerə atmaq və ya kibrit çəkib siqaret yandırmaq qəti qadağandır. Quraqlıq müşahidə olunan aylarda təbliğat və təşviqat işləri güclənməlidir.

10 yanğının 9-u odla ehtiyatsız davranışdan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqalların və ocaqların meşəni tərk edərkən tam söndürülməməsi yanğınlara səbəb olur.

Bu halların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi ilə müvafiq qurumlar məşğul olur”.

Daha çox xəbərlər