Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılmasına və təzminat ödəməsinə nail olmalıyıq
Ermənistan otuz ilə yaxın müddət ərzidə işğal etdiyi torpaqlarımızda vandallıq, ekoloji terror tərədib. Azərbaycanın təbii sərvətlərini talayan vandallar işğal altindakı ərazilərimizdə qiymətli sərvətlərimizi amansızcasına dağıdıb, Ermənistana daşıyıb, daşıya bilmədiklərini isə məhv ediblər. Torpaqlarımız işğaldan azad olunandan sonra dəhşətli mənzərənin şahidi olduq. 44 gün davam edən Vətən müharibəsi nəticəsində qəhrəman Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdikdən sonra Ermənistanın cinayətləri ifşa edilir. Meşələrin qırılması, yandırılması, Oxçuçaya qarşı törədilən ekoloji terror təkcə Azərbaycana deyil, ümumilikdə təbiətə qarşı bəşəri cinayətdir. Beynəlxalq birlik bu bəşəri cinayətlərə qarşı öz sözünü deməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan faktiki olaraq Azərbaycana qarşı ekoloji terror törədib. Biz o torpaqları yenidən həyata qaytarmalıyıq. Ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri Qarabağın perspektivləri Azərbaycanın davamlı inkişafı üçün çox vacib olacaq. Regionun bərpası ilə bağlı bizi çox böyük işlər gözləyir.

Milli Məclisin deputatı Azər Badamov bu məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Ermənistan Azərbaycan torpaqlarını 30 il ərzində nəinki işğalda saxlamış, həmçinin işğal altındakı torpaqlarda ekoloji terror tərətmişdir: “Böyük meşə massivlərinin məhv edilməsi, çayların məcrasının süni şəkildə dəyişdirilərək süni quraqlıqların yaradılması və ekologiyanın məhv edilməsi ilə təbiətət böyük ziyan vurulub.
Ermənilərin bizə qarşı törətdikləri ekoloji terror bu gün də davam etməkdədir. Qarabağda axan çayların bəzisinin mənbəyi Ermənistan ərazisində olduğu üçün bu çayların çirkləndirilməsi davam etməkdədir. Dağ-mədən sənayesində əmələ gələn zərərli tullantıları çaylara axıdırlar. Bununla da həmin çayların keçdiyi ərazilərdəki əkin sahələri və təbii yaşıl örtük məhv olur.”
Deputat qeyd edib ki, dünyanın bir çox ölkələrində, o cümlədən, Avropada təbiətə qarşı zərər yetiriləndə dərhal ekologiyanın korlanmaması ilə bağlı məsələ gündəmə gətirilir. Ermənilərin uzun illərdir törətdiyi ekoloji terrorla bağlı məlumatları dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsaq da heç kim səsimizi duymaq istəmir: “Bu gün də Oxçuçayın zərərli tullantılarla zəhərlənməsi davam etdirilir. Biz istərdik ki, dünyada ekologiyanın qorunması istiqamətində atılan addımlar Qarabağda davam edən erməni terrorunun qarşısının alınması istiqamətində də öz təsirini göstərsin və müəyyən tədbirlər görülsün.”

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddət ərzində erməni işğalında qaldığı dövrdə düşmən tərəf şəhər və kəndlərimizi, tarixi və dini abidələrimizi, bütövlükdə bu ərazilərdə mövcud olmuş infrastrukturu sözün əsl mənasında məhv edərək sıradan çıxarmaqla yanaşı, təbiətə qarşı da təcavüzkar davranışlarından vaz keçməyib. Nəticə etibarı ilə bu ərazilərin ümumi təbiətinə və bioloji müxtəlifliyinə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara olduqca ciddi ziyan vurulub: “Ermənilərin vəhşiliyi təkcə bununla bitməyib. Bu vandal toplum davamlı olaraq ekoloji terror aktları törədərək öz hərbi məqsədləri üçün ərazidə yerləşən meşələri yandırmaqdan belə, çəkinməyib. Belə yanğınlar isə öz növbəsində ekoloji tarazlığın pozulmasına, heyvanat aləminin tələf edilməsinə və atmosferin çirklənməsinə səbəb olmaqla qlobal ekoloji problemlərə gətirib çıxarır.”
Partiya sədri qeyd edib ki, Zəngilan ərazisindən keçən Oxçuçay Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilərək ermənilər üçün sanki sənaye tullantılarının kollektoru rolunu oynayır: “Nəzərə alsaq ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür, təbii ki, bu çayın bu səviyyədə çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Nəticədə adı çəkilən çayların çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün bu çayların su ehtiyatlarının ölkə ərazisində kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi də son dərəcə mənfi təsirlərə yol aça bilər.”
A.Əlizadə bildirib ki, bütün bu sadalananlar Ermənistanın özünün də qoşulduğu ekologiya və ətraf mühitlə bağlı bir sıra beynəlxalq konvensiyaların, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasının pozulması deməkdir. Həmsöhbətimiz hesab edir ki, Azərbaycan dövləti olaraq qarşımızda duran əsas vəzifələrdən biri də bu illər ərzində təbiətimizə vurulan zərəri aradan qaldırmaqla yanaşı ermənilərin törətdikləri ekoloji terror faktlarını rəsmiləşdirərək Ermənistanın beynəlxalq müstəvidə cəzalandırılmasına və müvafiq təzminat ödəməsinə nail olmaqdır.”

