Siyasət 

Siyasətdə bənzəri olmayan hoqqabaz

Rusiyada bəzi dairələr iki dövlətin mehriban qonşuluq münasibətlərinə xələl gətirməyə çalışırlar. Belələrindən biri də Rusiya Liberal Demokrat Partiyasının sədri, Dövlət Dumasınn üzvü Vladimir Jirinovskidir.

Özünü siyasətçi hesab edən bu şəxs hər zaman Azərbaycana qarşı qərəzli, düşmən mövqeyi ilə seçilib. O, Rusiyanın “Komsomolskaya Pravda” radiosuna müsahibəsində ölkəmizə qarşı çirkin fikir və ittihamları ilə bu mövqeyini bir daha nümayiş etdirib. Belə ki, Jirinovski Qarabağda yerləşdirilən rus hərbçilərinin həyatına təhlükə yaranacağı halda bunun ölkəmiz üçün baha başa gələcəyini iddia edib. Sözsüz ki, rəsmi Bakı rusiyalı deputatın bu təhdidli açıqlamasına dərhal reaksiya verdi. Azərbaycan parlamentinin bir sıra deputatları Jirinovskini sərt tənqid etdilər, Xarici İşlər Nazirliyi isə Rusiyaya nota verdi.

Onu da qeyd edək ki, Jirinovskinin Azərbaycana qarşı kin və nifrətinin əsasında qərəz və düşmənçilik dayanır. Əslində, Jirinovski kimdir? O, Rusiya siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alanın biridir. Yəni, Rusiya cəmiyyətində onu belə tanıyırlar. Həmçinin Azərbaycan ictimaiyyəti də Jirinovskini çox yaxşı tanıyır. O, bütün müstəqillik illərində Azərbaycana qarşı düşmən mövqedə olan Rusiya “siyasətçisidir”. Bir qayda olaraq ölkəmiz və cəmiyyətimiz haqqında siyasətçiyə yaraşmayan fikirlər bildirib, Ermənistan-Azərbaycan münaqişəsi məsələsində həmişə işğalçını müdafiə edib. Əlbəttə ki, Rusiya-Azərbaycan dostluğu bu cür insanın ağılsız fikirləri ilə zədələnəcək deyil, lakin bu siyasətbazın demokratiyanın və söz azadlığının üstünlüklərindən faydalanaraq öz axmaq fikirlərini sərbəst şəkildə ifadə etməsinə imkan vermək olmaz. Rusiya dövlətçiliyi belə insanlardan qat-qat yüksəkdə olmalıdır.

Azərbaycan cəmiyyəti Jirinovskini işğalçı Ermənistanın fəal təəssübkeşi kimi də yaxşı tanıyır. Görünür, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbə qazanması, torpaqlarımızın erməni işğalından azad olunması bu rus “siyasətçisini” ciddi narahat edir. Bu səbəbdən də Azərbaycanın daxili siyasəti ilə bağlı qeyri-ciddi proqnozlar səsləndirir. Şübhəsiz, Azərbaycanda mövcud milli birliyin, xalqın Prezident İlham Əliyevin ətrafında sıx birləşdiyini Jirinovski də yaxşı bilir. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın erməni işağlından azad edilməsi, qazanılan Zəfər bu birliyi daha da gücləndirib. Eləcə də siyasi islahatlar fonunda sağlam iqtidar-müxalifət dialoqu qurulub, yeni siyasi konfiqurasiya yaradılıb. Bunun nəticəsi kimi bu gün dövlətin təməl prinsipləri ətrafında bütün siyasi partiyalar həmrəylik nümayiş etdirirlər. Prezident İlham Əliyevin “dəmir yumruğu” birlik və tükənməz güc rəmzi kimi bütün dünyanı heyran etməkdədir. Bu amil İkinci Qarabağ müharibəsində Qələbəmizi şərtləndirən əsas amillər sırasındadır. Bütün bunların fonunda Jirinovskinin ölkəmizlə bağlı “proqnozu” yalnız “siyasi sayıqlamalar” kimi dəyərləndirilə bilər. Ümumiyyətlə, V.Jirinovski Rusiya cəmiyyətində bu ölkənin siyasətinin əxlaqi dəyərlərə, insani münasibətlərə, Rusiyanın daxili qanunvericiliyinə, üzvü olduğu Rusiya Dövlət Dumasının şərəfinə, beynəlxalq hüquq norma və qaydalarına əməl etməyən, Rusiya siyasətinin ən məşhur hoqqabazı adını alıb. Belə birisinin siyasi sayıqlamaları ciddiyə alınmamalıdır.

Daha çox xəbərlər