Sosial 

Tarixi sevə-sevə, sevdirə-sevdirə…

Məlikçobanlı kənd tam orta məktəbinin tarix müəllimi Bariz Ağayevin şagirdləri Vətən müharibəsi uğrunda  döyüşlərdə qəhrəmanlıq nümunəsi göstəriblər

Almaniyanın birləşməsində müstəsna xidmətləri olan görkəmli dövlət xadimi Otto fon Bismark 1971-ci ildə Fransa-Prussiya müharibəsində qalib gələndən sonra deyir ki, bu qələbəni mən yox, mənim müəllimlərim qazanıb. Əgər müəllimlər məni yaxşı öyrətməsəydilər, bu qələbəni qazana bilməzdim…

Almaniya kanslerinin bu sözlərini xatırlayanda nədənsə uzun illərdən bəri Şamaxı rayonunun Məlikçobanlı kəndində Gülağa Ağayev adına tam orta məktəbdə tarix fənnindən dərs deyən Bariz Ağayev gözlərim önünə gəlir. Yeniyetmə və gənclərin vətənpərvərlik, ata-babalarımızın ənənələrinə hörmət, doğma yurda məhəbbət ruhunda tərbiyəsi sahəsində tarix müəlliminin üzərinə çox böyük məsuliyyət düşür. Belə ki, onlar təkcə tarixi, millətin keçmişindən bu gününə gəlib çıxan böyük bir epoxanı yox, həm də bu günü şagirdlərin yaddaşına köçürürlər.

Bariz müəllim deyir ki, məktəbdə tədris olunan bütün fənlər təhsilalanlara elmi biliklər verməklə yanaşı, həm də gənc nəslin milli-mənəvi keyfiyyətlər, xüsusən də vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan tarix fənninin üzərinə daha böyük məsuliyyət düşür: “Daha doğrusu, cəmiyyətə faydalı, geniş dünyagörüşə malik vətəndaşların yetişdirilməsi birbaşa tarix fənninin, tarix müəllimlərinin vəzifəsidir. Bunları nəzərə alaraq, tarix fənnini tədris etdiyim bütün siniflərdə yaş səviyyəsinə uyğun olaraq şagirdlərə tarixi keçmişimizi öyrətməklə yanaşı, Vətən, vətəndaş, vətəndaşlıq, vətənpərvərlik anlayışları haqqında mütəmadi məlumatlar verirəm”.

O,  37 ildir pedaqoji sahədə çalışır, dərs dediyi şagirdlərə tariximizi, keçmişimizi, bu günümüzü, kimliyimizi öyrədir. Öz peşəsini çox sevən Bariz müəllim deyir: “Məsələ heç də hər gün hansısa bir sinifdə dərs deməklə, kitabdan oxuduqlarını onlara danışmaqla məhdudlaşmır. Hər dərsi  eyni taktika və  metodla keçmək şagirdləri yorar, bezdirər. Müəllim o qədər zəngin olmalıdır ki, auditoriyada əyləşən şagirdlər hər dəfə onu yenidən “kəşf” etsinlər.  Hər mövzuya, hər dərsə yeni yanaşma üsulu olmalıdır. Hərçənd o, özü də şagirdləri ən müxtəlif rakurslardan kəşf etməyi bacarmalıdır.  Müəllimi alimdən fərqləndirən həm də onun bu cəhətidir. Şagirdlərdə bu dəyişikliyin olması o deməkdir ki, onlar inkişafdadırlar”.

Əslində Bariz müəllimi başqalarından fərqləndirən, sagirdlərinə sevdirən də budur. Ömrünün 62-ci baharını yola salan təcrübəli pedaqoq hər dərsə ciddi hazırlaşır, şagirdlərinə daha çox məlumat vermək üçün dərsliklərdə yazılanlarla kifayətlənmir, əlavə mənbələrə də baş vurur.

Alman filosofu Artur Şopenhauerin belə bir sözü var: “Tarixçilər tərsinə peyğəmbər (yəni ancaq keçmiş və dünənlər haqqında danışanlar), şairlər isə düzünə peyğəmbərlərdirlər (yəni gələcək və sabahlar haqqında fikir söyləyənlərdir). Tarixçi tarixin faktlarını, şair isə tarixin günahlarını tapıb üzə çıxarmalıdır”.  Bariz müəllim dərs deyərəkən təkcə baş verən hadisələr, onun səbəbləri, nəticələri barədə  bilgi verməklə kifayətlənmir, hadisələr arasında paralellər aparır, həmin hadisənin nəyə gətirib çıxardığı, bunun zərərli və faydalı cəhətləri, həmin dönəmdəki izləri, bundan çıxan ibrətli nəticələr barədə də ətraflı bəhs edir.  O, bir pedaqoq kimi dövrün gerçək, real mənzərəsini yaratmağa çalışır və şagirdin əlindən tutub sanki tarixin dolaylarını adlayıb dərs dediyi uzaq illərə, əsrlərə aparır.

Dünən keçmişdir, bu gün indi, sabah isə gələcəkdir. Zaman keçdikcə, bu gün də, sabah da keçmişə, tarixə çevriləcək. Necə ki, ötən ilin payızında Vətən müharibəsində yaşananlar indi tarixə çevrilib. Bariz müəllimin qarşısında məktəb partası arxasında oturub ondan vətənpərvərlik, yurdsevərlik dərsi alan şagirdlər məqam gələndə silaha sarılıb torpağımızım müqəddəsliyi və müdafiəsi keşiyində dayanıblar. Dünən ondan dərs alan şagirdlər Vətənin ağır günündə onun harayına yetişiblər. Onun aşıladığı məhz bu vətənpərvərlik tərbiyəsi sayəsində Məlikçobanlı  kəndinin gəncləri həm Birinci Qarabağ müharibəsində, həm Aprel döyüşlərində, həm də Vətən müharibəsi günlərində özlərini layiqli Vətən övladı, Vətən müdafiəçisi kimi göstəriblər. Məlikçobanlı kəndi  Birinci Qarabağ savaşında 6 şəhid verib, İkinci Qarabağ savaşında isə 1 şəhid verib, ümumilikdə 10-a yaxın yaralı olub. Onların çoxu orden və medallarla təltif olunublar. Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycan Milli Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq sayəsində 30 ilə yaxın davam edən  yurd, el-oba, torpaq həsrətinə son qoyulması Bariz Ağayevin pedoloji fəaliyyətində ruh yüksəkliyi yaradıb. O,  qazanılan tarixi qələbədən böyük coşqu, sonsuz sevinc  və  iftixar hissi ilə danışır. Xalqımızın keçdiyi tarixi yolu, babalarımızın qəhrəmanlıq ənənələrini gənc nəslə daha böyük şövq və coşqu ilə aşılamağa çalışır.

Həmişə sağlam gəncliyin yetişməsinə çalışan Bariz müəllim keçdiyi dərsin şagirdlər tərəfindən daha yaxşı mənimsənilməsi üçün müxtəlif metodlardan, əyani vasitələrdən  geniş istifadə edir. Hər gün öz üzərində çalışan bu zəhmətkeş pedaqoq yenilikçiliyin tərəfdarı olmaqla yanaşı, şagirdlərini də şəxsiyyət kimi yetişdirməyə üstünlük verir. Bariz Ağayev deyir: “Doqquzuncu sinifdə tədris olunan Azərbaycan tarixi fənni XIX əsrin 30-cu illərindən başlayaraq XXI əsrin əvvəllərinə qədər olan dövrü əhatə edir. Bu dövrlərdə Azərbaycan xalqının həyatında, tarixində qara günlər çox olub. Azərbaycan parçalanmış, torpaqları iki imperiya arasında bölünmüşdü. XX əsrin əvvəllərində Şərq dünyasında ilk olaraq Azərbaycanda müstəqil dövlət – Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Bu baxımdan 9-cu sinifdə vətənpərvərlikdən daha çox danışmaq, şagirdlərə vətən sevgisi aşılamaq üçün daha geniş imkanlar var. Bu sinifdə dediyim dərslərdə şagirdlərə çatdırıram ki, vətənpərvərlik vətən sevgisi, vətənə olan məhəbbətdir. Vətənpərvərlik insanın öz vətəninə  sevgi və sədaqətindən, doğma vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinlikdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir. Ən böyük sevgi vətən sevgisidir və bu sevgi fövqəladə vəziyyətlərdə, ölüm-dirim çağlarında daha qabarıq aşkara çıxır. Görkəmli rus yazıçısı L.Tolstoyun bu barədə fikirləri ibrətamizdir: “Vətənə məhəbbət mücərrəd anlayış deyildir, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir”.

Bu gün Azərbaycan müstəqildir. Azərbaycan dövləti dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Ölkənin bütün regionları kimi Şamaxı rayonunda da abadlıq, quruculuq və yenidənqurma işləri uğurla davam edir. Rayonda bir-birinin ardınca mühüm əhəmiyyətli iqtisadi və sosial obyektlər istifadəyə verilir. Onlardan biri də Şamaxının Məlikçobanlı kəndində yeni tikilmiş Gülağa Ağayev adına tam orta məktəbin binasıdır. 2019-cu il sentyabrın 14-də məktəbin açılışı olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva məktəbin açılışında iştirak ediblər. Bu yeni binada müasir standartlara cavab verən bütün lazimi şərait yaradılıb. Bariz müəllim deyir: “Birinci vitse-prezident Mehriban xanım Əliyeva məktəbin açılışında iştirak etmiş və bizim üzərimizə böyük vəzifələr qoymuşdur. Biz həmişə çalışacağıq ki, ölkəmizin Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizə göstərdiyi etimadı doğruldaq”.

Müəllim ömrünü şama bənzədənlər haqlıdırlar. O, şam kimi  yana-yana, öz ömrünü misqal-misqal, damcı-damcı gənc nəslin maariflənməsi, elm və irfan yolunda əridir. Bariz müəllim öz ömrünü nəcib və faydalı bir işə – xalqımızın çoxəsrlik tarixini, keçdiyi şanlı yolu, onun ayrı-ayrı məqamlarında üzləşdiyi çətinlikləri,  keşməkeşli dolaylarda apardığı mübarizəni öyrənməyə və öyrətməyə sərf edib. Özünü tanıyan, özünün kimliyini bilən xalq isə böyük xalqdır. Təcrübəli pedaqoq Bariz Ağayev də məhz bu kimliyi, bu böyüklüyü tanıdanlardandır.

Abdulla Suvar,
AZƏRTAC-ın müxbiri

Daha çox xəbərlər