Siyasət 

Paşinyan baş nazir olduğu saatlarda Bakı ordu komandanlarını topladı – təsadüfmü?

Ermənistanda baş nazir təyinatı rəsmiləşəndə müdafiə naziri Zakir Həsənov orduya əmr verdi; ekspertlər Paşinyanın Qərbə güvənərək  kommunikasiyaların açılmasına müqavimət göstərəcəyini düşünür

Ermənistanda Nikol Paşinyanın baş nazir təyinatı, nəhayət, rəsmiləşdi. “Yeni Müsavat” xəbər verir ki, 107 nəfərlik parlamentdə 71 deputatla təmsil olunan hakim Vətəndaş Sazişi Partiyası baş nazir postuna öz liderini namizəd göstərib, prezident Armen Sərkisyanı təqdimatı qəbul edərək Paşinyanın baş nazir təyinatını rəsmiləşdirib.

İrəvanda baş nazir təyin edildiyi ərəfədə Bakıda orduya ‘’vur’’ əmrinin verilməsi diqqət çəkir. Ermənistanda parlament iclasının getdiyi və Paşinyanın baş nazir təyin edildiyi saatlarda Azərbaycanda müdafiə naziri Zakir Həsənov generallarla müşavirə keçirirdi, orduya Kəlbəcər istiqamətində törədilə biləcək təxribata hazır olmaq və onların qarşısının dərhal alınması əmri verildi.

Paşinyanın seçkilərdən sonra davranışları həm erməni xalqını, həm Rusiyanı məyus etməkdədir. Sərhəddəki gərginlik, Zəngəzur dəhlizi və bölgədə kommunikasiyaların açılmasına göstərilən müqavimətin başında Paşinyanın durduğu şübhə doğurmur. Paşinyan ciddi-cəhdlə ATƏT-in Minsk Qrupunu danışıqlara cəlb etmək, sərhəddə isə beynəlxalq missiyalı sülhməramlıların gəlməsini istəyir. Bu siyasət isə ümumilikdə bölgədə sülhə qarşıdır. Paşinyan rəsmən və yenidən baş nazir olduqdan sonra bu xətti davam etdirəcəkmi? Faktiki Rusiyaya qarşı da siyasət sərgiləyən baş nazir nəyə arxayındır və Qərbin dəstəyinə güvənməsi ilə regionda kommunikasiyaların açılmaması yönündə mövqeyini sona qədər saxlaya biləcəkmi? Müxalif erməni mediası yazır ki, Paşinyan komandasına yenə Qərbin adamlarını yığır. Əgər bu kadr siyasəti davam etsə və Paşinyan yenə tam müharibədən əvvəlki havasına qayıdarsa, nə olacaq? Azərbaycan bu dəfə “Dəmir yumruq” əməliyyatını Xankəndi, Ağdərə, Əsgəran ərazilərində bərpa edə bilərmi?

Qulamhüseyn Əlibəyli: Co Baydenin “genosid” ifadəsini işlətməsinin heç bir  hüquqi əsası yoxdur

Qulamhüseyn Əlibəyli

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, hərdən Paşinyan ağıllı fikirləşməyə başlayır: “Amma erməni xisləti dəyişmir. Qərbdən dəstək almasına görə bu siyasəti davam etdirəcək, sərhədlərdə atəşkəsin pozulması halları yenə olacaq, kommunikasiyaların açılmasına qarşı müqavimət göstərəcək. Bu da Avropadan aldığı dəstəyin sayəsində mümkün olur. Paşinyanı arxayın edirlər ki, biz Ermənistana kömək edəcəyik, Zəngəzur dəhlizinin açılmasına qarşı dirəniş göstər. Bu da sözsüz ki, Rusiyadan Paşinyan hakimiyyətinə təzyiqlərin artması ilə müşayiət olunacaq”. Q.Əlibəylinin fikrincə, Ermənistan Minsk Qrupunun reabilitasiyasında maraqlıdır, lakin Azərbaycan rəsmi razılıq verməsə onlar fəaliyyətini bərpa edə bilməz: “Biz onların işindən razı deyilik və Prezident deyib ki, Minsk Qrupu fəaliyyət göstərmir. Ümumiyyətlə, 30 ildə nə iş görüblər ki, bundan sonra nə edəcəklər? Ancaq buna görə Azərbaycana təzyiqlər də mümkündür. İnanıram ki, dövlət bu təzyiqlərə tab gətirəcək”.

Ramiyə Məmmədova: “Bayden hökuməti İrana yeni sanksiyalar tətbiq edilə  bilər”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, ordu komandanlarının toplanması və müdafiə nazirinin əmri ilə Paşinyanın baş nazir təyinatının rəsmiləşməsinin eyni vaxtda olması təsadüf sayıla bilər: “Buna texniki məsələ kimi baxa bilərik. Amma nazirin əmri Ermənistana bir siqnaldır ki, Kəlbəcər istiqamətinə atəş açmağa davam etsələr, ordumuzun cavabı amansız olacaq. Paşinyan ötənilki səhvləri təkrarlayır. Bununla üçtərəfli bəyanatı pozduğunu, əməl etmədiyini göstərməyə çalışır. Azərbaycan hələ də təmkin nümayiş etdirir. Ancaq nazirin tapşırığından görünür ki, düşmənin bu dəfə cavabı veriləcək. Çünki Ermənistan özünə Qərbdə yeni ağalar tapıb və onlara güvənərək hətta Rusiyanın imzası olan sənədi saymır. Mənə elə gəlir ki, bir müddət belə davam edəcək”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

Daha çox xəbərlər