Sosial 

Canlı təbiətin “cansız” caniləri

Ağlımız kəsəndən təbiətə “ana” deyirik və bu ifadəni  nahaq  yerdən işlətmirik. Çünki təbiət  də  bizi öz qoynunda ana  kimi  bəsləyib böyüdür.

Əbəs yerə demirlər ki, insanı yaradan ulu Tanrı, yaşadan isə ulu təbiətdir… Təbiət həm də bizim ümumi evimizdir, yer üzündəki bütün bəşər övladları isə bir böyük ailədir. Ana təbiət öz sərvətlərini bizə bəxş etməklə yanaşı, eyni zamanda, ruhumuza, hiss və duyğularımıza qida verir. Təbiətin – mavi dənizin, uca dağların, zümrüd meşələrin qoynunda insanı işıqlı fikirlər öz ağuşuna alır, xoş əhval – ruhiyyə qurub yaratmaq eşqi-həvəsi güclənir. Şairlər, bəstəkarlar, rəssamlar, yazıçılar öz əsərlərində təbiətin min bir gözəlliyini  sevə-sevə vəsf edirlər.

“Ana hərarətli, bala ətirli, ağaclar içində bir ağacım var…” deyən təbiət və  gözəllik şairi Hüseyn Arif  şeirlərinin birində  meşələrə sevgisini poetik bir dil ilə belə ifadə edirdi:

Hər vaxt təbiəti gətirək yada,

O, bizi duyğusuz, ruhsuz sanmasın.

Yollar uzansa da, yollar artsa da,

Meşələr pozulub yaralanmasın.

Bəs görəsən ana təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklər məkanı meşələrin  yanması və ya yandırılması nədən,  hansı bədxah hisslərdən qaynaqlanır?  Axı meşələrə dəyən zərbə, dolayısı yolla, onu yandıranın və ya  məhv edilməsinə laqeydlik göstərən bəşər övladının öz cisminə və ruhuna dəyir.

Yanan təkcə meşələr deyil

Cani-könüldən sevdiyimiz qardaş Türkiyədəki meşə yanğınlarının terrorçular tərəfindən törədilməsi ehtimalı yüksəkdir. Ona görə ki, dünya  bu günə kimi anomal istilərin səbəb olduğu yanğınların çox  şahid  olub, amma Türkiyədə eyni vaxtda 8 müxtəlif bölgədə, 150-dən çox  meşə yanğınları  qədər böyük fəlakətlə  ilk dəfə qarşılaşdı.

Atatürk Universitetinin doktorantı Murat Keleş meşə yanğınları ilə bağlı açıqlamasında deyir: “Həmişə olduğu kimi, bu dəfə də PKK terror təşkilatı xaincəsinə hücum edir. Hər küncdə onlarla mübarizə aparan əsgərlərimiz dağda, təpədə, şəhərlərdə onlara göz açamağa imkan vermədikcə onlar da bu cür xain əməllərə əl atır, meşələrimizi yandırırlar. Ancaq unudurlar ki, Türk milləti nə olursa olsun, onlara istədiklərini verməyib, verməyəcək də…”

Başqa bir yazının sərlövhəsində PKK-ya xitabən deyilir:  “Təbiətini yandıra, sərvətini məhv edə bilərsən, ruhunu əsla – Bura Türkiyədir.”

Təbiətə təcavüz edən mənfur terrorçular oturduqları budağı öz əlləri ilə baltalamaqdan usanmırlar. Bilmirlər ki, meşələrə qarşı cinayət  bəşəriyyətə qarşı yönəlmiş ən ağır müharibədir. Törətdikləri yanğınlar və  canlı təbiətə qarşı digər  cinayət  əməlləri bütün xalqlar kimi, onları da düşündürməlidir.

Dünya isə bu fəlakətin qarşısını almaq üçün tək yumruq halında birləşməlidir. Heyvanlar, ağaclar yanarkən, canlılar məhv olarkən  heç bir dövlət Türkiyədəki yanğınlara  seyrçi qala  bilməz. Çünki dünyamızın sabahı və gələcəyi tək yumruq kimi bu vəhdətdən aslıdır. Bütün dünya xalqları eyni gəminin sərnişinləridir. Almanlar meşələrə çox mənalı və zəmanəmizlə səslənən bir ad veriblər: ”Yaşıl ciyər…” Ciyərsiz  insanın mövcud ola bilməsi isə absurddur.

Meşə yanğınlarının ürək kövrəldən mənzərələri

Yanğın fəlakəti başladığı ilk gündən qardaş Türkiyə ilə bərabər, Azərbaycan xalqını da dərin kədərə qərq etdi. Qeyri-insani əməllərlə məşğul olan ermənilər 30 il işğal altında saxladıqları torpaqlarımızda çox ağaclarımızı, kəndlərimizi,  şəhərlərimizi yandırıb külə  çevirmişdilər. Tarixi Qələbəmizdən sonra  həmin yerlərin  videogörüntülərinə baxanda  ürəyimiz ağrıdığı kimi,  qardaş Türkiyədə silsilə şəklində artan meşə yanğınları  da ciyərimizi yandırdı.  Bu gün Azərbaycan yanğınsöndürənləri Türkiyədə yanğınların söndürülməsi üçün var gücü ilə çalışırlar. Artıq meşənin müxtəlif hissələrində yanğının söndürülməsi və geniş əraziyə yayılmamasına nail olunub. Bu gün Türkiyə 9 gündür ki, genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır. Yerli medianın yaydığı məlumata görə, indiyə qədər yanğın baş verən 172 ərazidə uğurlu əməliyyatlar aparılaraq alovlar nəzarət altına alınıb. ​​Hazırda 15 ərazidə yanğınsöndürmə işləri davam edir.

Yanğının düşdüyü yaşayış evindən Türk bayrağını xilas edən azərbaycanlı yanğınsöndürən  “Bir millət,  iki dövlət” şüarının təkcə  siyasi  deyil,  həm də  böyük  məna  kəsb etdiyi bir ifadə olduğunu təsdiqləmiş oldu..

Bu  görüntü  misli görünməmiş bir məhəbbətin, sədaqətin  və qardaş  sevgisinin təntənəsi idi…

Qeyd edək ki, yanğınlar nəticəsində həlak olan insanların sayı 9 nəfərə çatıb. Yanğınsöndürənlərə motosikletlə su daşıyarkən 25 yaşlı Şahin Akdəmirin faciəli ölümü  isə  hamını mütəəssir etdi.

…Dünyadakı meşə yanğınları təkcə insanlara deyil, başqa canlılara da qorxunc təhlükə yaradır. Odun -alovun içində buynuzları yanan  maralın  çarəsiz  baxışları adamın ürəyini  ağrıdır.

Ən ibrətamiz  görüntü isə  bir  itin  alovlar içində qalan  pişiyi  xilas etməsidir. Bu  görüntüələrə baxanda  yenə  canlı təbiətə divan tutan, öz  bədxah  niyyətlərindən əl çəkməyən  şüurlu insanları  düşünürsən… Mövlananın təbirincə desək, belə insanları atəş deyil, öz qürurları və nəfsləri yandıracaq…

Daha çox xəbərlər