Sosial 

Qardaş ölkəyə qarşı “yanğın terroru”

Onu kimlər və nə məqsədlə törədiblər?

Bu gün qardaş Türkiyə təbii fəlakətə qarşı çarpışmaqdadır. Ölkənin bir neçə böyük meşə massivində demək olar ki,  irimiqyaslı yanğınlar davam etməkdədir. Bununla da Türkiyənin “təbii ciyərlər”inə ciddi ziyan dəyib. Əvvəllər hamı düşünürdü ki, bu təsadüfi təbii hadisədir, lakin yanğınlar ardıcıl xarakter alanda bunların təbii hadisə olmadığına şübhələr yarandı. Artıq Türkiyənin hüquq-mühafizə orqanları, xüsusilə də xüsusi xidmət servisləri baş verən “təbii fəlakət”in əsl səbəblərini müəyyən etmək üçün bütün versiyaları araşdırıraq başa çatdırıblar.

Qeyd edək ki, ilkin versiyada meşə yanğınlarının 10 yaşlı iki uşağın meşədə kitab yandırmaları nəticəsində baş verdiyi iddia olunurdu. Əlbəttə, iki uşağın bir kitab yandırması ilə bir meşə yana bilər. Ancaq bu yanğın belə qısa müddətdə Türkiyənin çox sayda meşəsini əhatə edə bilməz. Meşə yanğınları isə bütün bölgələrdə demək olar ki, ardıcıl şəkildə başlayıb. Şübhə yoxdur ki, bir kitabın alovu hətta ən güclü küləyin təsiri ilə qısa müddətdə belə geniş əraziyə yayıla bilməzdi. Deməli, burada xain bir planın reallaşdırılmasından şübhələnmək üçün ciddi əsaslar  var. Üstəlik, belə şübhələrə haqq qazandıra biləcək görüntülü faktlar da ortaya çıxmağa başlayıb. Həmin videogörüntülərdə iki müxtəlif meşə massivində ağacları yandıran şəxslər açıq-aşkar qeydə alınıblar.

Aydın görünür ki, əvvəlcədən planlaşdırılmış şəkildə Türkiyəyə qarşı “yanğın terroru” törədilib.  Çox keçmədən ortaya çıxmış “Alov uşaqları” terror qrupunun üzvləri bildiriblər bu yanğınları planlı surətdə onlar törədiblər. “Alov uşaqları” qrupunun PKK terror təşkilatının bir qanadı olması da məlumdur.

Hazırda Türkiyəyə dost ölkələr, o cümlədən qardaş Azərbaycan öz yardım əllərini uzadırlar. Türkiyəyə dəstək verirlər, canlı qüvvə və texniki kömək göndərirlər. Yanğınsöndürənlər özlərini alovun içərisinə atıb onu söndürməyə çalışırlar. Bu fəlakətə biganə qalmayanlar, Türkiyə ilə çiyin-çiyinə dayananlar kifayət qədərdir.

Ancaq səsi çıxmayanlar da var. ABŞ siyasi bəyanatdan uzağa getmədi. Avropa Birliyi hələ də müəmmalı şəkildə susur, baş verənləri, “yanğın terroru”nu kənardan sakitcə izləməklə kifayətlənir. Fransa və Yunanıstanın isə mövqeyi aydındır. Tarixən Türkiyəyə düşmən kəsilmiş bu iki dövlətin başçıları indi yanğınları məmnun şəkildə izləyirlər.

Məsələ ondadır ki, Türkiyə iqtisadiyyatının əsas sahəsinə, turizm biznesinə ağır zərbə vurulub. Ölkənin yüksək gəlirli turizm sahəsinin perspektivləri müəyyən müddət üçün təhlükə altında qalıb. Türkiyənin iqtisadi cəhətdən zəiflədilməsini arzu edənlər sevinirlər. Ancaq vaxtından əvvəl sevinmələri onları məyus edə bilər. Çünki Türkiyənin bu ağır zərbəni də dəf edəcəyi, onun nəticələrini qısa zamanda aradan qaldırıb, “yanğın terroru”nu törədənlərin üzərinə gedəcəyi qətiyyən şübhə doğurmur.  Rəcəb Tayyib Ərdoğan bununla bağlı çıxışında bildirdi ki, qəsdçilər tapılacaq və onların ciyərlərinə od vurulacaq. O, qeyd edib ki, bəzi meşələrdə, o cümlədən Marmaris meşələrində tonlarla bal verən saysıa-hesabsız arı ailələri məhv olub, flora və faunaya ciddi zərər dəyib.

Məlumdur ki, Qərbin müstəmləkəçi güc mərkəzləri Türkiyənin son 15 ildə əldə etdiyi yüksəlişi və bütün sahələr üzrə inkişafını həzm edə bilmirlər. Qardaş ölkənin müstəqil siyasət yürütmək imkanı qazanması, beynəlxalq siyasi proseslərə birbaşa müdaxilə edə bilməsi bir çoxlarını ciddi şəkildə narahat edir. Ona görə də Türkiyənin yaxın gələcəkdə dünyanın siyasət məkanına təsir etmək baxımından, qazana biləcəyi yeni imkanları, resursları, mexanizmləri artıq ciddi şəkildə analiz etməyə başlayıblar. Türkiyənin öz yeni tərəfdaşları ilə imzaladığı anlaşmalar, ən müasir savaş PUA-ları da daxil olmaqla, hərbi sənaye kompleksinin istehsal etdiyi yeni silah sistemləri, ən əsası isə fərqli hakimiyyət proyeksiyasının yeni erasını dəstəkləyən sarsılmaz milli iradə beynəlxalq rəqiblərin yuxusunu qaçırıb. Ötən il Türkiyə Silahlı Qüvvələri savaş PUA-ları ilə bir çox regionlarda öz hərbi rəqibləri üzərində mütləq üstünlük qazanmaqla gücünü nümayiş etdirdi. Halbuki, PUA proqramları Türkiyənin qonşu regionlarda supergücə çevrilmə planlarının yalnız bir hissəsidir. Xarici siyasətdə maksimal tolerantlıq Türkiyəni Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda, Qara dənizdə və Aralıq dənizində sərt güc tətbiq etmək hüququ olan regional superdövlətə çevirib.

Bununla belə ABŞ və bəzi beynəlxalq güc mərkəzləri Türkiyədən məmnun olmasalar da, rəsmi Ankaranın dəstəyinə möhtac qaldıqlarını  inkar edə bilmirlər. Türkiyənin zəiflədilməsi üçün bu cür qəsdlər onun “müttəfiqləri”nin arzuladıqları və bəlkə barmaqları olan məsələdir. Ona görə də ehtimal olunur ki,  Türkiyəyə qarşı gizli düşmənlərin xain planları işə salınıb. Bu baxımdan, “yanğın terroru” ilə Türkiyənin  hədəfə alındığını düşünmək səhv olmaz. Onun düşmənləri isə mübarizənin səmtini ağlagəlməz sahələrə yönəldərək hər sahədə Türkiyəni zəiflətməyə çalışırlar. Ancaq yanılırlar, tarixdə bir neçə dəfə böyük təhlükə ilə rastlaşan Türkiyə hamısını dəf edərək bugünkü səviyyəsinə yüksəlib, yenə də belə olacaq.

Daha çox xəbərlər