Parlamentin buraxılmasına, referendumun keçirilməsinə ehtiyac yoxdur
Son günlər ictimai rəyi çaşdırmaq üçün sosial şəbəkələrdə məsələ ilə bağlı yayılan əsassız informasiyalar Qərbin «feyk qazanı»nda hazırlanır
Azərbaycanda son illərdə həyata keçirilən, bir çox ölkələrə nümunə göstərilən demokratik islahatların inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi ilə qəbul olunan Konstitusiyamızda müstəqil dövlətimizin hüquqi, demokratik əsaslar üzərində inkişafının əsas istiqamətləri əksini tapmışdır. «Biz Azərbaycandakı bütün prosesləri xalqın istədiyi məcraya yönəldəcəyik, bütün insanların sağlam mövqe tutmasına nail olacağıq. Bu işdə bizim dayağımız xalqdır, insanların bizə olan inamıdır, etimadıdır və həm də hüquq-mühafizə orqanlarının biliyi, peşəkarlığı, eyni zamanda qətiyyəti və dövlətçiliyə sədaqətidir» söyləyən Ulu Öndərin demokratiya ilə bağlı müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin səyi ilə zamanın tələblərinə, xalqın istəklərinə uyğun ali Qanunlarımıza edilən dəyişikliklər, keçirilən referendumlar ölkə əhalisi tərəfindən dəstəklənib və yüksək dəyərləndirilib. Tam əminliklə demək olar ki, xalqın və dövlətçiliyimizin maraqlarını əks etdirən Konstitusiyamızın tələblərinə uyğun keçirilən bütün siyasi kampaniyaların mütəşəkkilliklə başa çatması, səsvermə prosesinə nəzarət edən beynəlxalq müşahidəçilərin seçkilərin təşkilini yüksək dəyərləndirməsi ölkə demokratiyasının təntənəsidir. Prezident İlham Əliyevin imzaladığı « Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» Sərəncamın tətbiqi ilə seçki praktikası daha da təkmilləşmiş, siyasi kampaniyalara hazırlıq və səsvermə prosesində şəffaflıq, obyektivlik təmin olunmuşdur. Ötən seçkilərdə tətbiq olunan mojaritar seçki sistemi cəmiyyətin maraqlarına cavab verir. Respublikamızda fəaliyyət göstərən müxalif partiyaların nümayəndələrinin parlamentin rəhbərliyində təmsil olunması demokratik inkişafın göstəricisi olmaqla plüralizmin, söz, vicdan azadlığının da təntənəsidir. Bu baxımdan son günlərdə sosial şəbəkələrdə yayılan və ictimai rəyi çaşdırmağa hesablanmış Azərbaycanda referendumun keçirilməsi və parlamentin buraxılması ilə bağlı informasiyaların əsası yoxdur. Konstitusiyamızda heç bir dəyişiklik, məsələ ilə bağlı hansısa təşəbbüs də nəzərdə tutulmur. Qərəzli dairələr tərəfindən yayılan və həqiqəti əks etdirməyən bu cür dezinformasiyalar tam əsassızdır. İnsanları çaşdırmağa, daxili sabitliyi pozmağa çalışanlar unutmamalıdırlar ki, dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən xalq etimad göstərib, Milli Məclisdə onu təmsil etməyə layiq gördüyü deputatının yanındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan siyasi, iqtisadi, sosial islahatlara uyğun fəaliyyət göstərən Milli Məclisin qəbul etdiyi bütün qərarlar xalqın maraqlarına və dövlətin mənafeyinə uyğundur. VI çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyevin tövsiyələrini fəaliyyətinin əsas istiqaməti kimi diqqətdə saxlayan millət vəkilləri seçicilərinin etimadını doğrultmaq üçün keçirdikləri görüşlərdə irəli sürülən təkliflərə diqqətlə yanaşır, insanları narahat edən problemlərin həllinə çalışırlar.
İkinci Qarabağ müharibəsində döyüş bölgələrində olan deputatlar postmüharibə dövründə şəhid ailələri, hərbi əməliyyatlar zamanı yaralanan əsgərlərimizlə görüşür, onların məişət şəraitləri, müalicələri ilə maraqlanır, lazımi dəstək göstərirlər. Bu humanist yardımlar hazırda da davam edir. Beləki millətlə onun vəkilləri arasındakı səmimiyyətə kölgə salmağa çalışanların qərəzli informasiyaları həqiqəti əks etdirmir.
Belə dezinformasiyaları ilə ictimai rəydə qarışıqlıq yaratmaq istəyən, xalqdan çox ağalarının, trolbaşı AXCP sədri Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən, xarici ölkələrdə komport həyat keçirən Sevinc Osmanqızı, Qənimət Zahid, Xədicə İsmayıl, Vidadi İsgəndərli , həmçinin ölkə daxilində təxribatla məşğul olan Arif Hacılı kimi bədxahlarımız unutmasınlar ki, gündəmdə qalmaq üçün belə sərsəm informasiyalarla heç nə əldə edə bilməyəcəklər. Prezident İlham Əliyevin ətrafında birləşən xalqımızın demokratik prinsiplər əsasında formalaşan Milli Məclisdə təmsil olunan, taleyini etibar etdiyi millət vəkillərinə etimadı dəyişilməzdir. Son günlərdə Milli Məclisdə keçirilən iclasda deputatlığına xitam verilmiş Eldəniz Səlimovla bağlı qəbul olunan ədalətli qərar da göstərdi ki, Azərbaycanda kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında eyni dərəcədə məsuliyyət daşımalıdır.

