Təbiətə qalib gələcəyimiz gün məğlub olacağıq: Meşə yanğınlarına qarşı nə edə bilərik? – FOTO
Son günlər ölkənin müxtəlif regionlarında meşə yanğınları baş verir. Bir neçə gün öncə Yardımlı rayonunun Honuba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki meşə zolağında güclü yanğın başlamışdı. Baş vermiş yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirildi.
Daha sonra Lənkəran rayonu, Moloja kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə meşə zolağında yanğın qeydə alındı. Ərazidə baş verən yanğın meşə ərazisinin 10 hektara yaxın sahəsini əhatə etdi. Ötən gün Ağsu rayonunun dağlıq ərazisində başlayan yanğın bu gün Şamaxı rayonu ərazisinə keçib. Yanğınların söndürülməsi və meşələrin qorunması istiqamətində bütün zəruri addımlar atılır.
Məlum məsələdir ki, yanğınlar mürəkkəb relyefli yüksək dağlıq ərazidə baş verdiyi üçün yanğının söndürülməsində əsasən, əl əməyindən istifadə olunur.
Bəs bu yanğınların baş verməsində insan amili nə qədər rol oynayır? İnsanlar yanğın təhlükəsizliyinə nə dərəcədə həssas yanaşırlar? Yanğınla üzləşən zaman atılacaq təxirəsalınmaz addımlar, meşə yanğınlarının xüsusiyyəti, ağırlıq dərəcəsi ilə bağlı hansı maarifləndirici tədbirlər aparılır?
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bu və digər suallara aydınlıq gətirib.
O bildirib ki, meşə ərazilərində yanğınların baş verməsinə səbəb bir çox hallarda insanların odla ehtiyatsızlığı və səhlənkarlığıdır:
“Bəzən meşələrə istirahət və ya digər məqsədlərlə gedən şəxslər havaların quraqlıq keçməsini, meşə ərazisində qurumuş, yerə tökülmüş xəzəl və ağac qalıqlarının adi bir qığılcımla alışacağını unudurlar. Bu qığılcımın böyük yanğınlara səbəb olacağını nəzərə almırlar. Siqaret kötüklərini tam söndürmədən quru yarpaqların, otların üzərinə atmaqla yanğın təhlükəsi yaradırlar.
Eləcə də qidaların qızdırılması üçün ocaq qaladıqdan sonra ocağı tam söndürmədən ərazidən uzaqlaşırlar. Bu kimi halların baş verməməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi işinə ciddi diqqət ayrılıb”.
E.Babayev bu və digər hallarda yanğınların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması üçün aparılan maarifləndirmə işləri barədə də danışıb:
“Belə ki, Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə müvafiq dövlət orqanlarının əməkdaşlarının da bu işə cəlb olunması ilə vətəndaşlara yanğın təhlükəsizliyi qaydaları ətraflı şəkildə izah edilir. Yanğın hadisələrinin baş verməməsi üçün görülməsi vacib olan zəruri tədbirlər aidiyyəti təşkilatların diqqətinə çatdırılır. Qanunvericiliyə əsasən, yanğın təhlükəsizliyi qaydalarının pozulması faktları ilə bağlı nəticəyə müvafiq olaraq inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur. Dövlət Yanğın Nəzarəti Xidməti vətəndaşlara müraciət edərək, yanğın təhlükəsizliyi ilə bağlı qaydalara biganə yanaşmamağı, özlərinin və təbiətin təhlükəsizliyini qorumaq məqsədilə daha da məsuliyyətli olmağı tövsiyə edir”.
“Bildiyimiz kimi hazırda işğaldan azad edilən Qarabağ bölgəsində geniş quruculuq işləri aparılır. Kommunikasiyalar, müxtəlif təyinatlı obyektlər inşa edilir. Bu işlərin həyata keçirilməsində çalışan və ümumiyyətlə bu bölgəyə səfər edən şəxslərdən yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri tövsiyə edilir. Yalnız qaydalara əməl etməklə meşələrimizi, bu gözəl təbiətimizi gələcək nəsillərə ötürə bilərik”, – deyə Elnur Babayev sonda qeyd edib.

