Baş pediatrdan xəbərdarlıq: Uşaqları atıb-tutmaq…
“Bir çox insanların düşündüyünün əksinə olaraq qatılaşdırılmış südün ana südünü artırmağa təsiri yoxdur, əksinə ziyandır”.
ARANTV.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Baş pediatr Erkin Rəhimov bildirib.

Onun sözlərinə görə, uşaq 21-ci gününə qədər rahat yatırsa, sonra narahat yatırsa demək köp ola bilər: “Bu zaman ana qidasına müəyyən qədər diqqət edə bilər. 1 aydan 3,5 aya qədər uşaqlarda köplə bağlı ağlamaq, narahatlıq ola bilər. Uşaqlarda nevroloji inkişaf pillələri var. Uşaqlar bir-birindən fərqlidir. Bəzən də uşağı silkələyirlər, uşağın beyni balacadır, ətrafı da sudur. Ani silkələnmə beynin zədələnməsinə səbəb ola bilər. Xüsusilə 6 aya qədər qətiyyən olmaz. Atıb-tutmaq, silkələmək olmaz. Eyni zamanda, uşaqlarda sarılıq olur bəzən və 2 həftədən artıq davam edir. Əgər 2 həftədən artıq davam edirsə, əgər başqa diaqnozla hər hansı problem görülmürsə, bu, gec ana südü sarılığı ola bilər. Bu, bəzən 3-4, bəzən hətta 6 aya qədər davam edə bilər. Yenə də süd verilməlidir, südün verdiyi fayda çox üstündür”.

