Paşinyanın İrandan gözlədikləri gözündə qaldı
İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak üçün bu ölkəyə gedən Ermənistanın baş naziri Nikol Paşinyanın gözlədikləri gözündə qaldı. Tehranda ona bu dəfə xoş üz göstərmədilər. Prezident Rəisi ilə geniştərkibli görüşdə müzakirə olunan məsələləri qısaca olsa da şərh etmək maraq doğurur.
Əvvəlkilərdən tamamilə fərqli olaraq bu görüşdə diqqət yalnız ikitərəfli əməkdaşlıq və ticarət əlaqələrinə ayrıldı. Orada “nitq irad edən” Nikol Paşinyan İrana iqtisadi tərəfdaş kimi yüksək qiymət verdiyini açıq şəkildə dedi, daha sonra isə Qarakilsə-Mehri yolunun tikintisində İran şirkətlərinin iştirakı, Şimal-Cənub avtomobil xətti, elektrik enerjisi sahəsində əməkdaşlıq və digər məsələlərə dair təkliflərini irəli sürdü. Sonra mədəniyyət, elm, təhsil və səhiyyə sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.
Məsələ ondadır ki, Ermənistan baş naziri Paşinyan İbrahim Rəisidən Qarabağla bağlı hər hansı açıqlama gözləyirdi. Xüsusilə İranın Ermənistandakı səfirinin Azərbaycanla sərhədə gəlməsi, ölən ermənilərə görə başsağlığı verməsi, Ermənistanın ərazi bütövlüyünü müdafiə etdiyini canfəşanlıqla bildirməsi fonunda yeni prezidentin də hər hansı siyasi mövqeyi mümkün qədər hiss olunurdu. Görüşdə İran səfirinin bu hərəkətinin Ermənistana bir “badalaq” olduğu üzə çıxdı. Belə ki, İbrahim Rəisi regional təhlükəsizlik, xüsusilə Azərbaycan dövlətinin həll etdiyi və artıq keçmişdə qalan Qarabağ münaqişəsi barədə bir kəlmə də demədi. Regional təhlükəsizlik məsələsindən danışarkən Rəisinin dilindən çıxan yeganə fikir bu oldu: “Bölgədə sülhün qorunması Tehran üçün əsas prioritet kəsb edir və İran bütün məsələləri dialoq yolu ilə həll etməyi zəruri sayır”. Vəssalam!
Nə sərhəddə baş verənlər xatırlandı, nə Qarabağ yada salındı, nə də regionda təhlükəsizliyi təhdid edən “hansısa bir məqam”ın olduğu bildirildi.
Qeyd edək ki, dövlət rəhbərləri arasında müzakirə edilən məsələlər əvvəlcədən razılaşdırılır və şübhə yoxdur ki, Paşinyan-Rəisi görüşünə hazırlıq gedərkən İran regionla bağlı siyasi müzakirələr və bəyanat verilməsinə qarşı çıxıb. Buna görə də Nikol Paşinyan bu mövzuda heç bir açıqlama vermədi, çünki bunlar barədə danışmaq üçün Paşinyana nə üz verildi, nə də şərait yaradıldı, əksinə, İran tərəfindən ona əvvəlcədən bu mövzuda açıqlama vermək demək olar ki,yasaq edildi. Beləliklə, hər yerdə Qarabağ olaylarını əlində şüar etməyə alışmış Nikol Paşinyan Tehranda necə deyərlər, pəsdə qaldı.

