Sosial 

Sual kimi cavab…

Qəzetimizin 5 avqust tarixli nömrəsində qida məhsullarının, mövsümi meyvə-tərəvəzin küçələrdə, avtomobillərin yük yerlərində satışı haqqında dərc edilmiş “Maşında, küçədə satılan qida… Necə olmalıdır və necədir?” başlıqlı yazıda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) ünvanladığımız suallara qurum tərəfindən cavab göndərilib. Ünvanlanmış sadə suallara nə dərəcədə cavab verilib, onu şərh etməyəcəyik. Sadəcə, sualları və göndərilən cavabı olduğu kimi təqdim edirik:

1. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, ərzaq məhsullarının, o cümlədən meyvə-tərəvəzin küçələrdə səyyar satışına icazə verilirmi, verilirsə hansı şərtlərlə? 

2. Hansı hallarda həmin məhsulların insan sağlamlığı üçün təhlükə yaratmaq ehtimalı var?

3. Küçələrdə səyyar satışı həyata keçirilən kənd təsərrüfatı məhsüllarının (meyvə-tərəvəz) keyfiyyətinə nəzarət mexanizmi mövcuddurmu? Mövcuddursa, bu nəzarət necə həyata keçirilir?

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət” Qaydalarının 5.35-ci bəndinə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda – evdə, işdə, təhsil yerində, nəqliyyatda, küçə və s. yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları,meyvə-tərəvəz məhsulları istisna olmaqla, ərzaq mallarının, dərman vasitələrinin, qiymətli metal və daşların, onlardan hazırlanan məmulatların, silah-sursatın, audiovizual əsər və fonoqramların, elektron hesablama maşınları üçün proqramların satılmasına yol verilmir.

Bundan əlavə, səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz.

Tez xarab olan ərzaq malları üzrə müşayiətedici sənədlərdə mal və ya məhsulun istehsal edildiyi saat və tarix, ən son istehlak tarixi və saatı, saxlanma şərtləri mütləq göstərilməlidir.

Malların keyfiyyəti, markalanması, saxlanma rejimi və forması (temperaturu, nəmliyi, saxlanma müddətləri) texniki normativ-hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməlidir.

Saxlanma müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ-hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır.

Meyvə-tərəvəzlərin, meyvə-tərəvəz yarımfabrikatlarının, yabanı meyvələrin və giləmeyvələrin təzə, qurudulmuş, emal edilmiş, konservləşdirilmiş şəkildə pərakəndə satışı pərakəndə satış bazarlarında, kənd təsərrüfatı məhsulları bazarlarında, yaşıl marketlərdə, fermer mağazalarında, yarmarkalarda, meyvə-tərəvəz mağazalarında, pavilyonlarda və digər ticarət obyektlərində həyata keçirilir.

Ticarət obyektlərində, eləcə də mövsümi və səyyar ticarət obyektlərində, arabalarda, açıq tərəvəz bazarlarında təzə meyvə-tərəvəz məhsullarının qəbuluna və satışına həmin məhsullar Agentlik tərəfindən yoxlanıldıqdan sonra icazə verilir.

Meyvə-tərəvəz məhsulları ticarət zalında xüsusi ayrılmış yerlərdə çıxdaş olanlar ayrıldıqdan sonra satışa çıxarılmalıdır.

Meyvə-tərəvəz məhsulları rəflərdə, piştaxtalarda, kasetlərdə, zənbillərdə, yeşiklərdə yerləşdirilməlidir.

Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, ədədlə və ya çəki ilə satış qiyməti göstərilməlidir.

Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə aidiyyəti dövlət orqanı tərəfindən qanun çərçivəsində müvafiq cərimə tətbiq olunur.

Bununla yanaşı, vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə  “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilər.

Daha çox xəbərlər