Yarım il ərzində ölkə ərazisində yol infrastrukturuna dəymiş ziyan AÇIQLANIB
Bu ilin altı ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 321 yol-nəqliyyat hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, bu barədə bu gün keçirilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2021-ci ilin altı ayı ərzində yerinə yetirilmiş işlər barədə hesabat konfransında Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov məlumat verib.
O bildirib ki, nəticədə 4 023 pm əyrixətli tirlər yararsız hala düşüb:
“Eyni zamanda 56 pm beton bardür, 118 pm mühafizə çəpərləri, 17 işıq dirəyi, doqquz ədəd yol nişanı, üç ədəd məlumat lövhəsi, iki ədəd dayanacaq, 18 ədəd səsboğucu lövhə, 164 kvadratmetr alkapon üzlük və 21 m körpü məhəccəri yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 379 min manat məbləğində maddi ziyan dəyib, bundan 255.3 min manatı (67.4 %) ödənilib.
Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 280 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, üç yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət olunub, 38 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”.

