Həsrətində olduğumuz həyatı yenidən yaşamaq istəyiriksə…
Qonşu ölkələrdə COVID-19-a yoluxma hallarında kəskin artımın müşahidə olunması Azərbaycan üçün də «sos» siqnalıdır
Bəşəri bəla olan COVID-19 pandemiyasının dünyanı bürüdüyü ilk günlərdən Azərbaycanda ən vacib profilaktik tədbirlərin keçirilməsini təmin edən, insanların sağlamlığının qorunması naminə bütün dövlətləri birlik və həmrəyliyə səsləyən Prezident İlham Əliyevin bu sahədə göstərdiyi səylər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. Ən qüdrətli dövlətlərdə yoluxma hallarının müşahidə olunduğu kritik məqamlarda belə ölkəmizdə ölüm hallarının Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistik açıqlamaları ilə müqayisədə kiçik rəqəmlərlə ifadə olunması görülən tədbirlərin, göstərilən diqqətin nəticəsidir.
Pandemiyaya qarşı mübarizənin ilk günlərindən dövlət siyasətinin əsasını təşkil edən insan amilinə qayğı daha da gücləndirildi, səhiyyənin inkişafı naminə nəzərdə tutulan köklü islahatların tətbiqi sürətləndirildi. Azərbaycanda COVID-19-un əhaliyə mənfi təsirinin minimuma endirilməsi, vəziyyətin nəzarətdə saxlanılması ilə bağlı praktiki tədbirlər həyata keçirildi. Qısa zamanda 13 modul tipli səhiyyə ocaqları, «Yeni klinika» kimi möhtəşəm xəstəxana inşa edildi, tibb müəssisələrində çarpayıların sayı 10 mini ötdü. Pandemiyanın yaratdığı iqtisadi çətinliyin aradan qaldırılması, sahibkarlıq subyektlərini dəstəkləmək məqsədilə təxminən 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi hazırlandı. Respublikamızda pandemiyadan qorunmağın ən başlıca şərti olan maskaların, tibb işçilərinin istifadəsi üçün nəzərdə tutulan xüsusi qoruyucu geyimlərin istehsalına başlanıldı. Ən müasir avadanlıqlarla təmin olunmuş təcili yardım maşınları respublikamıza gətirildi, beynəlxalq səviyyədə məşhur olan təcrübəli həkimlər ölkəmizə dəvət edildi. Görülmüş tədbirlər nəticəsində başqa ölkələrlə müqayisədə Azərbaycanda yeni yoluxmalar və ölüm halları nisbətən az oldu. Dövlət tərəfindən elan olunan karantin rejimlərinin, məhdudiyyətlərin tətbiqi ilə pandemiyanın yaratdığı çətinliklərin aradan qaldırılması üçün müvafiq orqanların birgə fəaliyyəti təşkil olundu. Humanitar siyasəti, tolerantlıq təcrübəsi ilə dünyada sayılıb-seçilən ölkələr arasında ilk sırada yer alan, pandemiya dövründə də multikultural ənənələrinə sadiq qalan, Ümumdünya Səhiyyə Təşkilatına, 5 milyonu qurumun ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5 milyonu isə Qoşulmama Hərəkatına üzv olan xüsusilə, kasıb ölkələrin yardımı üçün nəzərdə tutulan 10 milyon dollar məbləğində könüllü ianə ayıran «Azərbaycan modeli» ÜST tərəfindən nümunə göstərildi. Yeni yoluxma hallarının azaldığı ölkəmizdə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası»na uyğun proseslərdə könüllülərin sayının artması müsbət nəticəsini verir.
Pandemiya dövründə Türk Şurasına, Qoşulmama Hərəkatına daxil olan dövlətlərin nümayəndələri ilə videoformatda keçirilən Zirvə görüşlərindən sonra hər iki qurumun sədri olan Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkili, BMT İnsan Haqları Şurasının 46-cı sessiyası çərçivəsində Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü ilə bağlı «COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi» adlı Qətnamənin qəbulu hər zaman humanist çağırışları ilə dəstək qazanan Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Prezident İlham Əliyevin vaksinlərin bütün ölkələrin xalqlarına ədalətlilik prinsipləri əsasında bölünməsi ilə bağlı çağırışı da xalqımızın humanizmə sadiqliyinin ifadəsi adlandırıldı. Prezident İlham Əliyevin «Doğrudan da əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə etməlidirlər? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək?» sözləri beynəlxalq ictimaiyyətə ünvanlanan ədalətə çağırış kimi dəstəkləndi. Prezidenti İlham Əliyev BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının «Asiya və Sakit okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böhranlardan sonra daha güclü inkişafın təmin olunması» mövzusuna həsr edilən 77-ci sessiyasındakı çıxışı ilə bir daha bildirdi ki, milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir. «Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib» sözləri ilə beynəlxalq ictimaiyyəti peyvəndlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsinə, inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırdı.
Ümumdünya Səhiyyə Təşkilatının əsas qərarverici orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının «Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması»” mövzusuna həsr edilmiş 74-cü sessiyasının bağlanış mərasimində videoformatda xüsusi qonaq qismində çıxış edən Prezident İlham Əliyevin 2021-ci ilin «Səhiyyə işçiləri» ili” elan edilməsi təklifini alqışlaması insan amilinə və tibb işçilərinə olan diqqəti idi.
Bütün dünya dövlətlərinin, tanınmış səhiyyə işçilərinin səylərinə baxmayaraq pandemiyanın növbəti dalğaları, «ştammları» ilə bağlı səslənən qorxulu xəbərdarlıqlar insanları daha məsuliyyətli olmağa vadar edir. Dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiyada, İranda, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayışın müşahidə olunması təbii ki, Azərbaycan üçün də «sos» siqnalıdır. Ötən aylarda pandemiya başlanan gündən tətbiq olunan məhdudiyyətlərin nisbətən yumşalması, insanların daha çox təmasda olduğu obyektlərin açılması, el şənliklərinin, toyların keçirilməsi ilə bağlı icazələrin verilməsi gözlənilən nəticəni vermədi. Azərbaycanda qısa müddətdə ölkə üzrə gündəlik yoluxma sayının 1000-ni ötməsi narahatlıq doğurur. Karantin rejiminin yumşaldılması və qadağaların götürülməsi, açıq havada maska rejiminin ləğvi, restoran və ticarət obyektlərinin, metronun açılması, tətil mövsümü və xaricə gediş-gəlişin artması virusun daha geniş sferada yayılmasına şərait yaratdı. Bu cür qorxulu, riskli vəziyyətin ciddi fəsadlarla nəticələnməməsi üçün daha diqqətli olmalıyıq.
Xəstəliyin nisbətən azalmasından arxayınlaşan vətəndaşların ictimai nəqliyyatda, ticarət mərkəzlərində tibbi maskalardan nəzərdə tutulduğu qaydalara uyğun istifadə etməmələri yoluxma sayını artırır. Avtobuslarda vətəndaşların tibbi maskalardan istifadənin vəziyyətinə nəzarət edən polislərin səylərinə baxmayaraq sağlamlıqlarını təhlükəyə atan bəzi vətəndaşların məsuliyyətsizliyi üzündən pandemiyaya kütləvi yoluxma, artım narahatlıq doğurur. Nəticədə xəstəxanalara müraciətlər çoxalır, ağır vəziyyətdə olan xəstələrin reanimasiya şöbələrinə yerləşdirməsi çətinləşir, ölüm halları artır. Daha təhlükəli vəziyyətin yaranmaması üçün ölkə miqyasında geniş formatda keçirilən vaksinasiya prosesində bütün vətəndaşların iştirakı məcburidir. İnsanların vaksinasiya prosesinə cəlbi, tibbi maskalardan, gigiyenik vasitələrdən istifadə zərurəti ilə bağlı ictimai yerlərdə, təşkilalarda həkimlərin, mütəxəssislərin iştirakı ilə görüşlər keçirilməli, maarifləndirmə işi gücləndirilməli, televiziya kanalları ilə COVID-19 təhlükəsi ilə bağlı videoroliklərin yayımı intensivləşməlidir.
Xəstəliyin ağır fəsadlarının müşahidə olunduğu reanimasiya şöbələrindən reportajlar hazırlanıb, ictimaiyyətə göstərilməlidir.
Unutmamalıyıq ki, əvvəllər keçirdiyimiz, bu gün isə həsrətində olduğumuz həyat şəraitini yenidən yaşamaq bizim öz əlimizdədir. Yenidən karantin rejiminə qayıtmaq, məhdudiyyətlərin tətbiqini istəmiriksə nəzərdə tutulan qaydalara əməl etməliyik. Türkiyədə gündəlik yoluxmanın son 3 ayıda maksimum həddə çatması, Gürcüstanda son sutkada 3344 nəfərin yoluxması, 30 nəfərin vəfat etməsi, yalnız Moskvada son sutkada yoluxanların sayında 20 faizlik artımın qeydə alınması, İranda yoluxanların gün ərzində 39 min 619 nəfəri ötməsi hamını düşündürməlidir. Onu da unutmaq olmaz ki, hələ də yaradacağı fəsadlar haqqında məlumatımız olmayan virusun yeni növlərinin, ştammlarının region ölkələrində yayılması xəbərləri eşidilməkdədir. Unutmayaq ki, özümüzün, yaxınlarımızın, ətrafımızın sağlamlığının qorunması hər bir vətəndaşın pandemiyaya qarşı mübarizədə nəzərdə tutulan qaydalara əməl etməsindən bilavasitə asılıdır. Günümüz çağırışı olan «Maska taxaq, məsafə saxlayaq, gigiyenik qaydalara əməl edək» sözləri gündəlik şüarımız olmalıdır.

