Vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusla əlaqəli vəziyyətlə bağlı açıqlama verib.
ARANTV.AZ xəbər verir ki, baş infeksionist deyib ki, yeni ştamlar öz klinik və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, “delta” ştamı klassik ştamdan iki dəfə çox yoluxucu olmaqla yanaşı, daha qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir. Xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir. Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur.

Təyyar Eyvazov bildirib ki, qorunmağın “qızıl” qaydalarına ciddi əməl edilməlidir. Digər faktor əhalidə infeksiyaya qarşı immunitetin formalaşmasıdır. Bildiyimiz kimi, bu iki yolla baş verir: infeksiyaya yoluxaraq təbii yolla və vaksinasiya vasitəsilə. Nə qədər çox əhali kütləsi bu prosesə cəlb olunarsa, bir o qədər epidemioloji durumu nəzarətdə saxlamağa imkan yaranar. Artıq dünya təcrübəsi də bunu deməyə əsas verir ki, pandemiyadan qurtulmağın yeganə yolu məhz əhalinin kütləvi vaksinasiyasıdır. Yəni, virus yayan insanın ətrafında infeksiyaya həssas olmayan şəxslərin sayı artdıqca epidemioloji zəncir qırılır və sonda yoluxma hallarının sayı azalır. Onu da qeyd etmək istərdim ki, COVID-19 infeksiyasına qarşı mövcud peyvəndlərin effektivliyi müxtəlif olsa da, 100 faizli qorunma yoxdur. Yəni, peyvənd olunmuş insanların böyük əksəriyyəti ya yoluxmur, hətta yoluxarsa da belə, infeksiyanı simptomsuz, xəstəliyi daha yüngül keçirir, xəstəxanaya yatırılma hallarının, xüsusən də ağır gedişlərin sayı əhəmiyyətli dərəcədə azalır. Artıq qətiyyətlə demək olar ki, vaksinasiya dünyada yüz minlərlə insanı ölümün pəncəsindən xilas edib. Lakin hər bir vaksin olunmuş şəxs də yoluxmadan tam sığortalanmadığı üçün onlar da hələlik qoruyucu vasitələrdən digərləri kimi istifadə etməlidirlər.

